Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. Onun Rusiya prezidenti Vladimir Putinlə, əsasən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdiyinə dair xəbərlər yayılıb.
İyunun 20-də Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirildi. Bu siyasi kampaniyada Nikol Paşinyanın partiyası 54 faizə yaxın səslə qalib gəldi. Təzə hökuməti yenə də “Mənim addımım” partiyası formalaşdıracaq. Bu isə Nikol Paşinyanın yenidən baş nazir olması deməkdir. Adətən, belə səfərlər hökumət formalaşdırılandan sonra həyata keçirilir. Ancaq Paşinyanın belə tez-tələsik Moskvaya səfəri bir az müəmma doğurur. Belə ehtimal etmək olar ki, onu Moskvaya çağırıblar. Başqa sözlə, yeni hökuməti formalaşdırmazdan əvvəl Kremldə təlimatlandırılması üçün onu Rusiyaya işgüzar görüşə dəvət ediblər. Nikol Paşinyanın hökumət qurmadan Moskvaya səfərinin hansı pərdəarxası məqamları ola bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu addımı doğrudan da diqqətçəkən oldu: “Hamı onu anti-Rusiya mövqeyində olan adam kimi xarakterizə edirdi. Ancaq proseslərin gedişi tam fərqli mənzərəni üzə çıxarıb. Paşinyan kürsüdə yerini bərkitməmiş Rusiyaya Putinin yanına qaçdı. Siaysətdə yeni seçilən ölkə başçılarının ilk olaraq hansı ölkəyə səfər etməsi də önəmli hadisə sayılır. Paşinyan bununla sırf Rusiyanın adamı olduğunu və Putinin göstərişləri əsasında hərəkət etdiyini isbatladı. Seçkilərdən əvvəl də onun Rusiyaya səfəri oldu, Putindən müəyyən göstərişləri alıb geri döndü. O, müzakirə üçün deyil, tapşırıqlarını almaq məqsədilə Moskvaya gedib. Tapşırıqlar da 10 noyabr, 11 yanvar razılaşmalarının yerinə yetirilməsilə bağlıdır. Çünki kommunikasiyaların bərpası, sərhədlərin dəqiqləşdirilməsi Rusiyanın da maraqlarına tam cavab verir. Rusiyanın marağı budur ki, Paşinyan üzərinə götürdüyü öhdəlikləri həyata keçirsin. Danışıqların nəticəsi də bunu deməyə əsas verir. Yəqin ki, bu səfərdən sonra biz Ermənistanın müəyyən istiqamətlərdə konkret addımlar atacağının şahidi olacağıq. Çünki həmin öhdəliklərin yerinə yetiriləcəyinə qarant olaraq Rusiya çıxış edir. Paşinyan fərqli addım atacağı təqdirdə bölgədə sülh olmayacaq və Rusiya öz nüfuzunu tam itirəcək”.
Məhəmmədəli QƏRİBLİ