Bildiyimiz kimi, istinadsız məlumatların yayılması, tirajlanması mətbuatımızın ciddi problemlərindən biri olaraq diqqəti çəkir. Xüsusən də sosial mediada, bəzi saytlarda geniş yayılan bu halın qarşısını almaq mümkünsüzdür.
Çox zaman jurnalistlərdən, media qurumlarından eşidirik ki, onların əməyi, zehni məhsulu başqa bir KİV, yaxud jurnalist tərəfindən mənimsənilib, heç bir istinad göstərilmədən yayımlanıb. Mətbuatda gedən məlumatlara görə, artıq problem qanunvericilik səviyyəsində, hüquqi cəhətdən tənzimlənəcək. Mətbuatda yayılan məlumatlara görə, “Media haqqında” yeni qanun layihəsinin tələbi olaraq, bir media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək.
“Bu, media qurumlarının, jurnalistlərin məsuliyyətini bir qədər də artıracaq”
Məsələni şərh edən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, son dövrlər bu, az qala pis bir ənənə forması alıb. “Media haqqında” qanun layihəsində məhz bu məsələnin də yer almasının müsbət olduğunu deyən Ş.Ağayev hesab edir ki, qanun qüvvəyə mindikdən sonra daha heç bir media qurumu, jurnalist bu problemlə üzləşməyəcək. “Ümumiyyətlə, kütləvi informasiya sahəsində yeni qanun layihəsinin hazırlanması, qəbul edilməsi çox vacibdir. Yeni qanunvericiliyə mütləq mənada ehtiyac vardı. “Media haqqında” yeni qanun layihəsində qeyd edilir ki, bir media orqanı digər media orqanının məlumatlarından istinadsız istifadə edə bilməyəcək. Bunun əhəmiyyəti nədir? Bilirsiniz, bu, digər qanunvericilik aktlarında, o cümlədən də “Müəllif hüquqları haqqında” Qanunda da var ki, bir media orqanı başqa bir media orqanından götürdüyü informasiyanı istinadla verməlidir.
“Media haqqında” qanun layihəsində əks olunan bu məsələnin əhəmiyyəti böyükdür. Birinci müsbət cəhəti odur ki, təkrarçılığın qarşısı alınacaq, “çevir tatı, vur tatı” yanaşmasından uzaqlaşılacaq. Bu ona imkan verəcək ki, hər bir media orqanı özü məlumat toplamaqla məşğul olsun, özünün özəl məlumatları olsun. Hesab edirəm ki, bu, media qurumlarının, jurnalistlərin məsuliyyətini bir qədər də artıracaq. Qəbul ediləcək yeni qanunda təkrarçılığın, köçürmənin, plagiatlığın qarşısının alınmasına çalışılır”.
Bu amilin jurnalist yaradıcılığına müsbət təsir göstərəcəyini deyən Ş.Ağayevin sözlərinə görə, layihədə əks olunanlar çox müsbət addımlardır. “Amma burada bir məqamı da qeyd etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda bütün nazirliklər, komitələr, dövlət qurumları tərəfindən KİV-ə eyni məlumatlar, eyni press-relizlər göndərilir. Hamı da eyni press-relizdən istifadə edir, özəl məlumatlar az-az olur. Hamı da buradan eyni formada istifadə edir. Bu baxımdan, özəl informasiyaların istehsalı, hazırlanması üçün məlumatların mətbuat üçün əlçatanlığını da inkişaf etdirmək, buna şərait yaratmaq lazımdır. Belə olarsa, bu daha effektiv, daha səmərəli olar” - deyə Ş.Ağayev vurğuladı.
İradə SARIYEVA