Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Bu, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident Fərmanında əks olunub. Fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verilib.
Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Qeyd edək ki, bundan əvvəlki bölgüdə Kəlbəcər-Laçın iqtisadi rayonu mövcud olub və Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edib.
Hazırda bu iqtisadi rayonun adı ilə bağlı cəmiyyətdə ciddi müzakirələr aparılır. Vətəndaşlarımız tarixi Azərbaycan əyaləti olan Zəngəzurun adının əbədiləşməsini həm də dünyaya verilən siyasi mesaj kimi qiymətləndirir. Belə bir rayonun yaranması iqtisadi ilə yanaşı, dünyaya başqa hansı mesajları vermiş oldu?
Beynəlxalq idarəetmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin imzaladığı qərar olduqca önəmlidir: “Bölgələrin yeni iqtisadi zonalara bölünməsinin həm iqtisadi, həm də siyasi üstünlükləri var. İşlərin maneəsiz görülməsi üçün iqtisadi zonalaşma önəmliydi. İşğaldan azad olunan rayonlarımız əvvəl Yuxarı Qarabağ və Kəlbəcər- Laçın iqtisadi zonalarına daxil idi. Mahiyyət etibarilə Şərqi Zəngəzur iqtisadi rayonu Laçın-Kəlbəcərin bazasında yaradılıb. Yuxarı Qarabağ iqtisadi rayonuna aid edilən bəzi ərazilər hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır. Yeni bölgüdə həmin rayona hazırda öz nəzarətimizdə olan rayonlar da daxil edilib. İdarəetmə baxımından olduqca düzgün bölgüdür. Düşünürəm ki, Şərqi Zəngəzur iqtisadi rayonu zəngin təbii ehtiyatlara sahibdir. Bu rayonun perspektivi genişdir. Zod, Vejnəli kimi qızıl yataqları həmin ərazidədir. Bu kimi məsələdə operativ qərarların verilməsi zəruridir. Yeni zonaların yaradılması operativ idarəetməni təmin edəcək. İki il ərzində verilmiş qərarlar tətbiq olunsa, ciddi iqtisadi irəliləyiş daha da artacaq. Bunun siyasi mənası da böyükdür. Zəngəzur bizim tarixi ərazimizdir. Bununla dünyaya mesaj verdik ki, Şərqi Zəngəzur varsa, deməli, bunun Qərbi də ola bilər”.
Məhəmmədəli QƏRİBLİ