Rusiya Müdafiə Nazirliyi (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin 7 iyul tarixinə olan fəaliyyəti ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər: “Məlumata görə, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib. Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca və biri əks istiqamətdə".
Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edir: “Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir. Gün ərzində ərazinin 3 hektarı təmizlənib. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır".
Qeyd edək ki, Rusiya MN-in açıqlamasında iyulun 6-da erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulması barədə aşağıdakı qeyd yazılıb: "Eyni zamanda, 6 iyulda Dağlıq Qarabağın Xocavənd bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə, Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır".
Xatırladaq ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Rusiya MN-in açıqlamasında vacib bir məqam nəzərə çarpır: “Səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
Azərbaycan ərazisində baş verən hansısa hadisəyə görə Ermənistan Müdafiə Nazirliyi ilə niyə əlaqə saxlanılır? Bu həm də nəyin sübutu sayıla bilər?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya MN-in açıqlamasında bu məqamın olması təəssüfedicidir: “Əvvəla, Ağdam istiqamətində hərbçimizin yaralanması ilə nəticələnən hadisənin baş verməsinin başlıca təqsirkarı məhz Rusiyadır. Çünki sülhməramlı missiya ilə ora daxil olan ölkənin borcudur ki, prosesi nəzarətdə saxlasın. Hansısa erməni silahlısı rus sülhməramlısının arxasında gizlənib bizə atəş açırsa, deməli, onlara bu şəraiti yaradan qüvvə var. Əslində həmin ərazidə heç bir erməni silahlısı olmamalıdır. Çünki əldə olunan atəşkəs müqaviləsinin şərtlərinə görə, erməni silahlıları heç bir şərt irəli sürmədən Azərbaycan ərazisini tərk etməlidir. Qarabağdakı separatçıların qalıqları isə tərksilah olunmalıdır. Biz Rusiyanın rəsmi qurumunun açıqlamasından açıq bir etirafı gördük. Bildirilir ki, Rusiya vəziyyəti aydınlaşdırmaq üçün həm Azərbaycan, həm də Ermənistan Müdafiə nazirlikləri ilə əlaqə saxlayıb. Bununla Rusiya açıq şəkildə etiraf edib ki, ərazidə məhz Ermənistanın Müdafiə nazirliyinə tabe olan silahlı qüvvələr var. Bu yanaşma ilə onlar neytrallığı pozmuş olurlar. Ermənistan Müdafiə Nazirliyinə tabe olan silahlı qruplaşmaların bizim ərazimizdə olması sübut edir ki, Rusiya missiyasını obyektiv şəkildə yerinə yetirmir. Təəssüflə qeyd edim ki, Rusiya baş verən insidentdə tərəflərin məsuliyyətini eyniləşdirmək istəyib. Baş verən hadisəni atışma kimi qeyd edib. Birgə Monitorinq Mərkəzinin də operativ reaksiyası müşahidə edilmədi. Rusiya sülhməramlı missiya kimi ərazidəki bütün erməni silahlılarının tərksilah edilməsi məsələsini öz üzərinə götürməlidir. Əks təqdirdə Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirmək məcburiyyətində qalacaq”.
Məhəmmədəli QƏRİBLİ