Məlum olduğu kimi, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmana əsasən, ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Fərmanda qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
Bildirilir ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda tarixən birlikdə, uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. Beləliklə, iqtisadi rayonların bölgüsünə yenidən baxılaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu hadisə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiyaya səfəri və Azərbaycan-Ermənistan sərhədlərinə rus ordusunun gətirləcəyinə dair İrəvanda səslənən iddialar fonunda baş verib. Lakin məlum olub ki, sərhədə rus ordusu gətirilməyəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla Qarabağ ətrafında vəziyyəti müzakirə edib, lakin hər hansı sənəd imzalanmayıb. Görüşdə Qarabağda nizamlamaya dair Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin gedişi müzakirə edilib. Peskov qeyd edib ki, Putin-Paşinyan görüşündə Ermənistan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi variantları nəzərdən keçirilməyib. Bütün bunlar isə artıq Ermənistanda növbəti faciə kimi qarşılanır. Baş verənlərlə bağlı "armenianreport" saytı yazır: “Biz gərək, milli rüsvayçılıq piyaləsimi sonadək içək. Əgər kiməsə elə gəlirdi ki, “Artsax”ın 75%-ni itirməklə hər şey bitəcək, bu belə olmadı. Tamamilə aydındır ki, Ermənistana bütün cəbhələrdə təzyiqlər davam edir və artır. Və bunu da görürük ki, bizi təzyiqlərlə "qidalandırırlar" və biz də bununla əylənirik. Ermənistana yeni təzyiq mərhələsini başqa cür adlandırmaq olmaz. Beləliklə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya getdi. İlk baxışdan, bu səfər Nikolun qələbəsini tanıyan Putinin təbriklərini qəbul etmək məqsədi daşıyırmış kimi görünür. Daha dəqiqi, Kremlin seçkilərdə dəstəklədiyi Robert Köçəryanın məğlubiyyətini etiraf edirmiş kimi. Amma Vladimir Vladimiroviçin nəzakət hissi qəribədir. O, son dərəcə özünəməxsus şəkildə ölkəmizin Baş nazirini "təbrik etdi". Putinin Paşinyana ilk “müjdəsi” Azərbaycan-Ermənistan sərhədinə Rusiya sülhməramlılarının yerləşdirilməsinin planlaşdırılmaması ilə bağlı olub və bu, Rusiya prezidentinin sözçüsü, mətbuat katibi Dmitri Peskov tərəfindən jurnalistlərə çatdırılıb: “"Bu məlumat həqiqətə uyğun deyil. Hər hansı bir sənədin imzalanması planlaşdırılmır". Sərhədə rus “sülhməramlıları”nın yerləşdiriləcəyi ilə əlaqədar erməni mətbuatında günlərdir davam edən müzakirələr isə elə-belə ortaya çıxmayıb, əksinə, Kremldən Nikola hansısa mühüm sənədlərin imzalanacağını vəd ediblər. Ona görə də bu məlumat mediaya "sızıb". O cümlədən, Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi haqqında vədlər də. Bir sıra KİV artıq bir neçə gündür fəal şəkildə bütün bunlardan sonra hər şeyin necə dəyişəcəyini müzakirə edir. Belə bir plan isə yoxdur və olmayacaq! Yəni Putin Ermənistana yenə də xəyanət etdi, ölkəmizə qarşı yeni təxribatların həyata keçirilməsinə "yaşıl işıq" yandırdı. Bunu Bakıda da başa düşdülər. Paşinyanın Moskvaya getdiyi gün İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi rayonlara yeni bölgüsü haqqında fərman imzaladı. Və əsl partlayan bomba bu idi. Yeni qərara əsasən, “Arsax”ın (Laçın və Kəlbəcərdən başqa) rayonları ayrıca rayona daxil edildi. Laçın və Kəlbəcərdən isə "Şərqi Zəngəzur" iqtisadi rayonu quruldu. Bu ad çox bəlağətlidir. Düşünmək olar ki, şərq varsa, qonşularımızın (siyasi və sosial səviyyələrdə) Sünik üçün dedikləri “Qərbi Zəngəzur” da var. Bundan əlavə, “misilsiz tarixi və mədəni irsə, fövqəladə təbiətə sahib olan qədim Qarabağ bölgəsinin bərpasını və sürətli inkişafını təmin etmək üçün” Stepanakert də “Qarabağ bölgəsi” nin tərkibinə daxildir. Yəni Türkiyə-Azərbaycan tandeminin təxribatçı fəaliyyətinə Moskvanın səssiz razılığı açıq şəkildə görünür. Putin bu planlara heç bir şəkildə müdaxilə etmək istəmir. Bunun, Əfqanıstandakı vəziyyət də daxil olmaqla, çox obyektiv və subyektiv səbəbləri var. Bəs bütün bunlar bizə yenə xəyanət edən Rusiya üçün özünün bəraəti ola bilərmi? Cavab aydındır. KTMT-nin təsadüfən deyil, Kremlin qərarına əsasən kinayəli bir mövqe tutduğu da açıqdır. Beləliklə, “Bayraktar”ların Stepanakert səmalarında görünəcəyi günə hazırlaşmalısınız və şəhərə Azərbaycan, Türkiyə, Pakistan əsgərləri girəcək. Və Rusiya yenidən susacaq. Bizə isə “bütün bunlar bir məğluba səs verdiyiniz və buna dözdüyünüz üçündür”, - deyiləcək. Bizə rəzalət fincanını dibinə, son damlasına qədər için deyəcəklər. Və içməli olacağıq”.
Beləliklə, Ermənistanda daha yaxşı başa düşürlər ki, sərhəd vəziyyətinin həll edilməsi işində artıq KTMT mexanizminin tətbiq edilməsi istiqamətində fəaliyyət göstərmək tamamilə nəticəsiz səydir. Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT-yə Azərbaycanın qayıtması isə Moskvanı daha çox maraqlandırır. Azərbaycan 1993-cü il sentyabrın 24-dən 1999-cu il aprelin 2-dək bu qurumun üzvü olub. Ancaq Ermənistanın işğalçılığı səbəbindən təşkilatı tərk edib. Ehtimal etmək olar ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən götürülən öhdəliklər tam yerinə yetirləcəyi halda bu məsələ yenidən müsbət həll oluna bilər.
Samirə SƏFƏROVA