İşğal dövründə Azıx mağarasında ermənilərin apardıqları qanunsuz arxeoloji qazıntılara xarici mütəxəssislərin cəlb edildiyi məlum idi. Xaricdəki erməni lobbisinin maliyyələşdirdiyi bu qüvvələrin Azərbaycan ərazisində qanunsuz arxeoloji qazıntı aparmasının özü böyük bir cinayətdir. Bu cinayətin artıq tam təfərrüatları üzə çıxır.
İndi məlum olur ki, Azıxda qanunsuz olaraq həyata keçirilən arxeoloji qazıntılarin maliyyələsdirilməsi əsasən Avropa fondlari tərəfindən həyata keçirilib. Bu qanunsuz qazıntılara, həmçinin, İngiltərənin, İspaniyanın müvafiq elmi-tədqiqat institutlarının, mərkəzlərinin, təsisatlarının da maliyyə dəstəyi ayırdığı deyilir. Avropa fondlarının açıq maliyyə dəstəyilə 2002-ci ildən 2020-ci ilə, yəni torpaqlarımız işğaldan azad edilənə qədər Azıxda 40-dan çox beynəlxalq ekspedisiya üzvü çalışıb.
Yəni Ermənistanın həyata keçirdiyi qanunsuz arxeoloji qazıntıları maliyyələşdirdiklərinə, bu yanlış işə dəstək verdiklərinə görə Ermənistanla yanaşı, müəyyən ölkələrin maliyyəçi təşkilatları, Avropa fondları da məsuliyyət daşıyırlar.
“Qanunsuz tədqiqatları maliyyələşdirənlər hansısa özəl təşkilatlar deyil, konkret dövlət strukturları olub”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, torpaqlarımız azad edilib, işğal dövründə ərazilərimizdə baş verən qanunsuzluqlar, cinayətlər araşdırılır, dövlət tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir, bütün bunlar isə müsbət haldır: “İşğal dövründə abidələrimizə qarşı həyata keçirilən bütün cinayətlər üzə çıxarılmalıdır. Azıx mağarasına gəlincə, o, dünyada kifayət qədər tanınmış bir abidədir. Bizdə olan məlumatlara görə, işğal dövründə bir sıra xarici elmi mərkəzlər tərəfindən Azıxda qanunuz tədqiqatlar aparılması üçün vəsait ayrılıb. Yəni həmin təşkilatlar qanunsuz qazıntıları, tədqiqatları maliyyələşdiriblər. Burada əsasən İspaniyanın iki elmi mərkəzindən söhbət gedir. Bunlardan biri İspaniyanın Təbiət Tarixi Muzeyidir. Əlbəttə, mütləq Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi olaraq həmin ölkələrin rəsmilərindən cavab tələb etməlidir ki, siz hansı haqla bizim icazəmiz olmadan ərazilərimizdə bu qanunsuz arxeoloji qazıntıları, tədqiqatları maliyyələşdirmisiniz? Məncə, bu, beynəlxalq təcrübədə çox nadir cinayət hadisəsidir ki, onlar buna gediblər. Bildiyimizə görə də İngiltərədə də, həmçinin, hansısa bir erməni cəmiyyəti bu məsələlərdə iştirak edib. Amma bizdə olan məlumata görə, bir neçə dövlətin rəsmi elmi mərkəzləri bu prosesdə iştirak edib. Qeyd etdiyim kimi, konkret olaraq İspaniyanın iki elmi-tədqiqat institutu bu işlərdə iştirak edib. Bütün bunların həmin ölkələrdən, elmi mərkəzlərdən rəsmi şəkildə izahatı tələb olunmalıdır. Düzdür, həmin tədqiqatlarda iştirak edən alimlərin peşəkarlığına, onların tədqiqatçı kimi bacarıqlarına heç kəs şübhə etmir. Yəni biz hazırda Azıxda aparılmış elmi araşdırmanın tədqiqat üsullarını müzakirə etmirik. Güman edirəm ki, həmin tədqiqat üsulları müasir dünyada elmin tələblərinə cavab verib. Amma problem başqadır. Söhbət ondan gedir ki, bu ölkələr, təşkilatlar bilə-bilə ki, həmin ərazi işğal altındadır, nəzarətdən kənardır, onlar tərəfindən bizim işğal altında olan abidələrin tədqiqinə vəsait ayrılıb, maliyyə dəstəyi göstərilib. Məsələ budur, onlar niyə bu cinayətə şərik olublar? Bütün beynəlxalq qanunları pozaraq nümayiş etdirdikləri davranışlarla Azərbaycana bir mesaj göndəriblər, bu isə tamamilə yolverilməz haldır. Bu qanunsuzluqdur. İstənilən abidə nə qədər dünya əhəmiyyətli olsa da, elmi cəhətdən dəyərli olsa da, həmin təşkilatlar orada tədqiqat işlərinin maliyyələşməsinə etiraz etməli və həmin abidənin yerləşdiyi ərazinin işğaldan azad edilməsini tələb etməli idilər. Amma bunu etməyiblər. Onlar, faktiki olaraq, fürsətdən istifadə edərək bizim dövlətimizin ərazi bütövlüyünü şübhə altına almaqla orada aparılan qanunuz tədqiqatları maliyyələşdiriblər. Elmdə belə bir fikir var ki, elm sərhəd tanımır. Bu çox aktual mövzudur və bu formatda son zamanlar daha intensiv şəkildə konfranslar, simpoziumlar keçirilir, əməkdaşlıqlar təşkil olunur, hətta konfliktdə olan xalqlar da, ölkələr də bu əməkdaşlıqda iştirak edirlər. Bu həm UNESCO-nun, həm də Birləşmiş Millətlər Təşkilatının siyasətidir, bunu hər bir ölkə dəstəkləyir, biz də dəstəkləyirik. Çünki elm sərhəd tanımır. Amma məsələ burasındadır ki, bir çox halda, hər hansı bir elmi əhəmiyyətli abidənin üzərindən məkrli siyasətlər yürüdülür. Yəni aydın məsələdir ki, Ermənistan tərəfindən Azıxda aparılmış qanunsuz tədqiqatların məqsədi heç də elmi nəticələr əldə edib dünyaya çıxmaq deyildi, sadəcə olaraq, burada çirkin siyasi məqsəd güdülürdü və qondarma rejimin beynəlxalq aləmdə “tanıdılmasına” xidmət edirdi. Belə rəy yaratmaq istəyirdilər ki, “görürsünüz, bizim ərazimizdə belə elmi əhəmiyyəti olan abidə var və Avropanın tanınan müəssisələri də tədqiqatlara maliyyə ayırır”. Yəni burada erməni separatçılarının məqsədi özlərinə tanıtım əldə etmək idi. Bu qanunsuz işləri maliyyələşdirən təşkilatlar bilməli idilər ki, burada ermənilərin məkrli siyasəti önəmli rolda çıxış edir və buna getməməli idilər”.
F.Quliyev hesab edir ki, elm sərhədsizdir anlayışı heç də qanunsuzluqlara rəvac verilməsi kimi anlanmalı deyildi və Azıxda qanunsuz tədqiqatlara maliyyə ayrılmasına şərait yaratmağa xidmət etmirdi. “Azıxda qanunsuz arxeoloji qazıntıları, tədqiqatları təşkil edənlər burada siyasi məqsəd güdürdülər, bununla özlərini “müstəqil dövlət” kimi qələmə verməyə cəhd edirdilər, onlara dəstək verən dövlətlər də, təşkilatlar da Azərbaycanın mənafeyinə zidd addımlar atmaqla, əslində, beynəlxalq normaları tapdayıblar. Bildiyim qədər, İngiltərə də, İspaniya da Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasındadır. Bilirdilər ki, Azıxda qanunsuz tədqiqat işlərini maliyyələşdirmək olmaz. Məsələ ondadır ki, Azıxdakı qanunsuz tədqiqatları maliyyələşdirənlər hansısa özəl təşkilatlar deyil, konkret dövlət strukturları olub”.
F.Quliyev hesab edir ki, bu gün Azərbaycan XİN bu məsələni beynəlxalq aləmdə gündəmə gətirməli və həmin dövlətlərdən izahatlar tələb etməlidir. F.Quliyevin sözlərinə görə, bəzi hallarda həmin qanunsuz qazıntılarda iştirak edən xarici mütəxəssislərin kimliyini araşdırmaq, onların ölkəmizə buraxılıb-buraxılmamasını müzakirəyə çıxarmaq əsas məsələyə çevrilir, bu isə diqqəti əsas məsələdən uzaqlaşdırır. “Söhbət ondan gedir ki, o mütəxəssislərin bizim ərazilərimizə qanunsuz səfərinin maliyyəsi əsas diqqəti cəlb etməlidir. Bu qanunsuz qazıntılarda iştirak edənlərə kimlər maliyyə dəstəyi göstərib? Çox zaman o tədqiqatçıların kimliyini uzun-uzadı müzakirə edirlər, amma əsas məqsəd yaddan çıxır. Bilməliyik ki, dünya çapında tanınan alimlər ödəniş olmadan, konkret maliyyə resursu olmadan heç yerə getmirlər, amma maliyyə dəstəyi olduqdan və çalışdığı təşkilatdan, elmi mərkəzdən rəsmi icazəsi olandan sonra bu addımı atırlar. Ona görə də bu gün Azıxda uzun illər qanunsuz tədqiqatları maliyyələşdirən strukturların təmsil olunduqları ölkələrə rəsmi şəkildə sorğu göndərmək lazımdır ki, onlar hansı səbəbdən bu qanunsuzluqlara dəstək olublar. Bu abidədə aparılan istənilər tədqiqat işi onun qanuni sahibi - Azərbaycan dövləti ilə birmənalı olaraq razılaşdırılmalı idi. O torpaqlar həmin dövrdə işğal altında olduğu, nəzarətdən kənarda qaldığı üçün orada heç bir elmi tədqiqat işi aparılmamalı idi” - deyə F.Quliyev bildirdi.
İradə SARIYEVA