Məlum olduğu kimi, növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş milli prioritet reallaşdırılacaq. Bu prioritetlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq milli prioritetlər aşağıdakılardır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd edilən prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Göründüyü kimi, milli prioritetlər sırasına rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da daxildir. Bu xüsusda sənəddə qeyd edilir ki, milli prioritetlərlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir. O da vurğulanır ki, yüksək rəqabətli insan kapitalını formalaşdırmaq üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bildirilir ki, son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artıb. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.
Beləliklə, qarşıdakı 10 ildə Azərbaycan üçün səciyyəvi məqamlardam biri insan kapitalının formalaşdırılması ilə bağlı olacaq. Qeyd edək ki, insan kapitalı təhsilə və ixtisaslı hazırlığa qoyulmuş kapital sayılır, onun nəticəsində texniki bilik və bacarıqlar ehtiyatı formalaşdırılır. Bunun sayəsində zənginləşmiş işçi qüvvəsi adi, ixtisas və təhsil almamış işçi qüvvəsinə nisbətən elmi-texniki tərəqqini daha sürətlə inkişaf etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli istifadə edir. Nəticə etibarilə belə insan daha çox mənfəət, gəlir və məhsul yaradır, əhalinin daha firavan yaşamasına maddi imkan formalaşdırır. Bütün bunlar Azərbaycanın dinamik inkişafının təmini baxımından da zəruri əhəmiyyət kəsb edir. Məhz belə bir vaxtda bəlli olub ki, Azərbaycan hökuməti ilə Dünya Bankı insan kapitalı yaratmaq və işə salmaq istiqamətində əsas problemləri müəyyənləşdirir. Dünya Bankının “Yaşa, öyrən, inkişaf et: Azərbaycanın inkişafını sürətləndirmək üçün strateji insan kapitalına sərmayələr” adlı hesabatında da bu məsələyə xüsusi toxunulur. Qurumun Avropa və Mərkəzi Asiyada insan inkişafına dair regional direktoru Fədiə Səədah Azərbaycan hökumətinin insan kapitalının inkişafı sahəsində xeyli nailiyyət qazandığını bildirir: “Son 5 ildə ali məktəblərə qəbulun həcmi 21 faiz artıb. İcbari tibbi sığortanın tətbiqi nəticəsində ilkin tibbi sanitar yardımın əsas səviyyəsinin istifadəsi və səmərəsi artıb. Toplam təqaüdlər və yoxsullara yönəlmiş sosial müavinətlər əhalinin ən yoxsul 40 faizinin gəlirlərini xeyli artırdı, ev təsərrüfatlarında səhiyyə və təhsil xərclərinin artmasına təkan verdi”. Hazırda Azərbaycanda insan kapitalı indeksi 0,58-dir. Yəni bu gün dünyaya gələn uşaq böyüyəndə tam sağlam və təhsilli olduğu təqdirdə 58 faiz daha məhsuldar çalışa bilər: “Pandemiya sosial xidmətlərdən istifadə olunmasını məhdudlaşdırdığı üçün hökumət qarşısında səhiyyə və təhsil nailiyyətlərini bərpa etmək, insan kapitalı inkişafının siyasi gündəlikdə birinci məsələ olaraq qalmasını təmin etmək vəzifəsi durur”. Hazırda hökumətin koronavirusa qarşı tədbirlərlə sosial sahədəki orta və uzunmüddətli islahatlar arasında tarazlaşdırma aparmağa çalışdığı da qeyd olunur: “Epidemik nəzarəti davam etdirmək, qeyri-yoluxucu xəstəliklərin müalicəsi zamanı fasiləsiz yardımı təmin etmək üçün səhiyyədəki informasiya sistemlərini rəqəmsallaşdırmağı və uzlaşdırmağı tövsiyə edirik. Ev təsərrüfatlarını nağd məsrəflərdən qorumaq üçün səhiyyəni maliyyələşdirmə sisteminin islahatı da tibbi xidmətlərdən istifadə olunmasını asanlaşdırmaq baxımından zəruridir”.
Ölkədə məktəblər açılınca hökumətin tədrisdəki itkilərin əvəzini çıxmaq üçün vəsait yatırdığı da qeyd olunur: “Bunun üçün həm də şagirdlərin tədrisdən qalmamaları məqsədilə maliyyə və qeyri-maliyyə təşviq alətləri tətbiq edilə, müəllimlərə isə əyani və məsafəli tədrisin daha səmərəli yolları öyrədilə bilər. Biz, həmçinin, ali təhsildəki innovasiyaları dəstəkləmək üçün xüsusi fond yaratmağı tövsiyə edirik”. Bundan əlavə, əmək bazarında proqramların hazırlanmasına işəgötürənlərin də cəlb olunması ilə məşğulluğun artırılacağı diqqətə çatdırılır: “Azərbaycanda artımı və dayanıqlı inkişafı dəstəkləmək üçün insan kapitalına yatırım imkanları genişdir. Dünya Bankının “Millətlərin sərvət dəyişikliyi - 2018” hesabatında insan kapitalının dünya sərvətlərinin 64 faizini təşkil etdiyi göstərilir. Azərbaycanda uşaqlar və böyüklərin tam şəkildə təhsili və sağlamlığı təmin olunmaqla uzun perspektivdə adambaşına ÜDM hazırkı səviyyəyə nisbətən 1,67 dəfə artırıla bilər”. Bütün bunlar qarşıdakı dövr ərzində insan kapitalının formalaşması istiqamətində ölkəmizdə mühüm addımlar atılacağını nümayiş etdirir. Əslində, son illərə qədər də ölkəmizdə insan kapitalının reallaşması istiqamətində xeyli iş görülüb. Xüsusilə peşəkar kadrların hazırlanmasına, təhsilin inkişafına, bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə çoxalmasına xüsusi diqqət yetirilib. Bu məsələ artıq növbəti 10 ili əhatə edən inkişaf prioritetlərində də əksini tapıb. Bu da insan kapitalı sahəsində Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsini şərtləndirir.
Nahid SALAYEV