Azərbaycan və Türkmənistanın qatıldığı üçtərəfli formatlar bütün regionun mənafelərinə işləyir - Prezidentin mülahizəsinə ekspert sözü...

Elman Nəsirov: “Bütün bunlar regionun hər bir dövləti üçün çox ciddi iqtisadi və siyasi dividendlər vəd edir”

img

“Məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır”. Bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə bildirib.

 

Ölkə başçısının sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin, Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur: “Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Həmhüdud dövlətlərdə də Sizin investisiya siyasətiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsini bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır”.

Görünən odur ki, üçtərəfli formatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi bütün region ölkələrinin mənafeyinə uyğundur.

  • “İki ölkənin çox böyük potensialı var”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov da hesab edir ki, Azərbaycanın Türkmənistanla əldə etdiyi razılaşma bütün region ölkələrinin mənafeyinə uyğundur: “Bu görüşün məntiqi nəticəsi olaraq Xəzərdəki “Dostluq” yatağı ilə bağlı müqavilə imzalandı. Nəticədə neft yatağı ilə bağlı uzun illərdir mövcud olan mübahisəyə son qoyuldu. Baxmayaraq ki, son dövrlər iki ölkə arasında münasibətlər inkişaf edirdi, amma məlum yataqla bağlı məsələnin açıq qalması münasibətlərə kölgə salırdı. İki ölkə razılığa gələrək buna son qoydular. Ötən ilin martında Türkmənistan Prezidentinin Bakıya səfəri göstərdi ki, iki ölkənin çox böyük potensialı var. Bu yataqda böyük neft və qaz ehtiyatları yerləşir. Yatağn birgə istismarı hər iki ölkəyə fayda verəcək. Əldə olunan razılaşma təkcə iki ölkənin mənafeyinə uyğun deyil. Bu həm də bütün region ölkələrinin mənafeyinə uyğundur. Çünki Prezident İlham Əliyevin yeritdiyi siyasətin ən mühüm istiqamətlərindən biri regional əməkdaşlıq formatlarının inkişafıdır. Artıq bu istiqamətdə çox ciddi addımlar atılıb. Bütün bunlar regionun hər bir dövləti üçün çox ciddi iqtisadi və siyasi dividendlər vəd edir. Belə əməkdaşlıq formatlarının yaradılması, nəticə etibarilə, Xəzər hövzəsinin, bütövlükdə, sülh və təhlükəsizlik bölgəsinə çevrilməsinə şərait yaradan amildir”.

Millət vəkili onu da qeyd etdi ki, bundan sonra region daha da çiçəklənəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər