Həmsədr ölkələrin İrəvandakı səfirləri yeni XİN Ayvazyanın "tələsinə düşdülərmi"?

Məhəmməd Əsədullazadə: “Ayvazyanın dedikləri təxribat və sabotajdır”

img

Ermənistan xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini – Rusiyalı diplomat Sergey Kopırkin, Fransa səfiri Conatan Lakotan və ABŞ səfiri Lin Treysi ilə görüşüb.

Görüşün gündəliyində keçmiş Dağlıq Qarabağ konflikti bölgəsində müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülhlə bağlı məsələlər olub. Erməni tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Ayvazyan bu kontekstdə “Artsax” xalqının öz müqəddəratını təyin etməsi və təhlükəsizlik hüquqları da daxil olmaqla, nizamlanmanın təməl prinsiplərinin tam həcmdə tətbiqinin vacibliyini qeyd edib.

Ayvazyan habelə 10 noyabr üçtərəfli sazişinə əsasən, atəşkəsdən və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsindən danışaraq, xüsusilə hərbi əsirlərin, girovların və digər saxlanan şəxslərin geri qaytarılması ilə bağlı humanitar məsələlərin tam və fasiləsiz təmin edilməsinin prioritet olduğunu bildirib. Bununla belə, Ermənistan XİN başçısı və səfirlər Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində humanitar vəziyyət və erməni əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi də aparıblar. Bu yöndə beynəlxalq strukturların, xüsusən də BMT və onun yerdəki ixtisaslaşmış qurumlarının prosesə maneəsiz cəlb olunmasının vacibliyi vurğulanıb.

Artıq tarixin zibilliyinə göndərilmiş öz müqəddəratını təyin etmə iddiasının ardınca Ayvazyan Azərbaycana qarşı daha bir həyasızlıq edib. Görüşdə o, diplomatların diqqətini “Azərbaycanın erməni tarixinin, mədəni-dini irsinin və identikliyinin məhvi istiqamətində göstərdiyi səyləri nəzərə alaraq, Azərbaycanın nəzarətindəki ərazilərdə erməni tarixi, mədəni və dini irsinin qorunub saxlanması istiqamətində atılan addımların aktuallığına” yönəldib. Daha sonra utanmadan bunları deyib: “Şuşa məsələsinə gəldikdə, bu şəhər erməni mədəniyyətinin mərkəzidir”.

Bütün bunlar Ermənistanın növbəti həyasızlığının göstəricisidir. Ermənistan bunu həmsədr ölkələr vasitəsilə həyata keçirmək istəyir.

  • “O yaxşı bilir ki, geriyə dönüş yoxdur və Azərbaycan artıq prosesləri öz lehinə dəyişməkdədir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ayvazyanın Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri ilə görüşündə qeyd etdikləri fikirlər əsasən daxili auditoriyaya ünvanlanıb: “Eyni zamanda, bu şəxs birbaşa erməni saxta kimliyinin qabaqcıl fiqurudur. Çünki Şuşa ilə bağlı dedikləri saxtakarlıq və barbarlığın nəticəsidir. Ayvazyan bununla həm də baş nazir Nikol Paşinyanı təkzib etdi. Çünki Paşinyan Şuşada yaşayanların 90 faiz azərbaycanlılardan ibarət olduğunu deyib. Göründüyü kimi, Ermənistan hökumətində də fikir ayrılıqları hökm sürür. Hökumətin başında duran praqmatik siyasət ortaya qoyur. Ancaq Ayvazyan isə saxta və təxribata uyğun sözlər deyir. Ümumiyyətlə, Minsk Qrupunun həmsədrliyinin yenidən formatlanması Ermənistanın maraqlarına uyğundur. Düşünürəm ki, buna getmək lazım deyil. Bu baş verərsə, münaqişə yenidən alovlanaraq açıq müstəviyə daxil olacaq. Azərbaycan bu münaqişəni bitirib və müəyyən problemleri Rusiya ilə həll edəcək. Ermənistana Qarabağdakı vəziyyətə müdaxilə etməyə imkan verməməliyik. Ayvazyanın dedikləri təxribat və sabotajdır. O yaxşı bilir ki, geriyə dönüş yoxdur və Azərbaycan artıq prosesləri öz lehinə dəyişməkdədir”.

Politoloqun fikrincə, Ermənistan siyasi rəhbərliyinin bəzi üzvləri bu kimi açıqlama verəcək, amma bunun əhəmiyyəti prosesləri dəyişəcək bir vəziyyətdə olmayacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər