Azərbaycan 44 günlük müharibə ilə ATƏT-in münaqişələrə yanaşmasını dəyişdi - yüksək etiraf...

Elşən Həsənov: “ATƏT anlayıb ki, münaqişənin həllində zəruri diplomatik addımlar atılmayacağı təqdirdə problem hərbi müstəviyə transformasiya etmiş olur”

img

Dağlıq Qarabağda silahlı münaqişənin eskalasiyası, çoxlu sayda insan itkisi münaqişələr həll olunmamış qaldıqda yaranan risqləri açıq-aşkar göstərdi. Bunu İsveçin xarici işlər naziri, ATƏT-in hazırkı sədri Ann Linde İsveçin 2021-ci ildə ATƏT-ə sədrlik proqramını təqdim edərkən deyib.

O bildirib ki, İsveçin ATƏT-ə sədrliyi müddətində münaqişələrin tənzimlənməsi əsas prioritetlərdən olacaq: “ATƏT üzv ölkələrinin ümumi problemlərinin ən yaxşı həll üsulu çoxtərəfli əməkdaşlıqdır. Builki sədrliyimiz müddətində məhz bu yanaşmanı rəhbər tutacağıq. Əsas prioritet regionumuzdakı münaqişələrin həllinə kömək göstərməkdir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər, münaqişələrin yol açdığı ağrı-acılar qəbuledilməzdir”.

Göründüyü kimi,  ATƏT sədri  44 günlük müharibənin qurumun digər münaqişələrə olan yanaşmasını dəyişdiyini də etiraf edib. Azərbaycanın yaratdığı bu reallıq necə dəyərləndirilə bilər?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan doğrudan da yeni reallıqlar yaratdı: “Bilirsiniz ki, məhz bu təşkilata münaqişənin həlli ilə bağlı geniş mandat verilmişdi. Bu məqsədlə Minsk Qrupu formatı yaradıldı. Ancaq 30 ilə yaxın bir müddətdə həmin təsisat heç bir irəliləyişə imza ata bilmədi. Yeganə məqsədləri o oldu ki, münaqişəni konservləşmiş şəkildə saxlasınlar. Onlar hər vəchlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Yanlız siyasi yolla isə Ermənistanı işğalçı siyasətindən çəkindirə bilmədilər. Bunun üçün Ermənistana ciddi təzyiqlər olunmalıydı. Bütün bu süründürməçilikdən zara gələn Azərbaycan nəhayət öz ərazilərini şəxsi gücünə həll etməyə qalxdı. Qısa müddətdə ərazilərimizi azad etdi. Bununla Azərbaycan həm də BMT-nin icra edilməmiş qətnamələrinin icra mexanizmini təmin etmiş oldu. Dünyada, xüsusilə də post-sovet məkanında olan oxşar münaqişələrin heç birində belə sürətli nəticə əldə olunmayıb. Bu baxımdan da Azərbaycanın təcrübəsinin digər münaqişələrin həllində tətbiqi məqsədəuyğundur. Artıq ATƏT anlayıb ki, münaqişənin həllində zəruri diplomatik addımlar atılmayacağı təqdirdə problem hərbi müstəviyə transfomasiya etmiş olur. Bu da acı nəticələrə gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, ATƏT-in bundan çıxardığı nəticə olduqca ibrətamizdir: “Azərbaycan bu addımı ilə həm öz problemini həll etdi, həm də dünyada yeni reallıqlar yaratdı. Bir daha subut olundu ki, həlli mümkün olmayan problem yoxdur. Sadəcə, ona doğru yanaşma lazımdır. Biz anlamalıyıq ki, hər bir münaqişənin mövcudluğu həm də beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Ölkəmizin əldə etdiyi bu uğur həm də dünyanın təhlükəsizliyinə ciddi töhfədir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər