Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına raket və pilotsuz təyyarələrlə hücumlar təşkil ediblər.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi hava limanlarına iki gündə iki hücumun edildiyini bildirib.
Abha Beynəlxalq Hava Limanına edilən hücumda biri Mərakeş, biri Əlcəzair vətəndaşı olmaqla iki nəfər həlak olub, 28 nəfər yaralanıb. Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumda isə bir Sudan vətəndaşı həlak olub, səkkiz nəfər yaralanıb. Yaralananlar arasında beş Səudiyyə Ərəbistanı, iki Misir və bir Pakistan vətəndaşı da var. Hücumlarda ümumilikdə üç nəfər həlak olub, 36 nəfər yaralanıb.
Husi silahlı qanadının sözçüsü Yəhya Sari sosial mediada Səudiyyə Ərəbistanına çoxsaylı raket və dronlardan istifadə edərək üç hücum təşkil etdiklərini açıqlayıb. Sari bildirib ki, bu hücumlar Səudiyyə Ərəbistanının son 24 saat ərzində paytaxt Səna və müxtəlif əyalətləri hədəf alan 60 hava hücumuna cavab olaraq həyata keçirilib. O, ilk cavab hücumunun Ər-Riyad yaxınlığındakı Kral Xalid Beynəlxalq Hava Limanına edildiyini və hava nəqliyyatını pozduğunu iddia edib. Məkkənin Rabiq şəhərindəki Aramco neft emalı zavodunu hədəf alan ikinci hücumun yanğına səbəb olduğu iddia edilib. Sari həmçinin üçüncü hücumun Abha Hava Limanına, Xamis Muşaytdakı hərbi bazaya, Asir bölgəsindəki Akifa hərbi düşərgəsinə və Nəcran və Cizanda digər hədəflərə "çox zərbə" vurduğunu iddia edib.
Tahir TAĞIYEV