22/10/2020 21:11
728 x 90

Azərbaycan Prezidenti dünyanın gözü qarşısında Minsk Qrupu həmsədrlərinə “işiniz yetərli deyil” mesajı verdi – status-kvo...

Elman Nəsirov: “Minsk Qrupu ünvansız bəyanatlar verir və nəticə də göz qabağındadır”

img

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir”.

Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Ölkə başçısı qeyd edib ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti heç bir nəticə verməyib: “Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk Qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir”.

Faktiki olaraq, bununla Prezident İlham Əliyev həmsədrlərə onların göstərdikləri fəaliyyətin yetərli olmadığı, münaqişənin həlli ilə bağlı gərəkən addımları atmadıqları mesajını verdi. Eyni zamanda, çox haqlı olaraq qeyd etdi ki, bəyanatlar kifayət etmir, real addımların atılmasına ehtiyac var.

  • “Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxışında əsas diqqət mərkəzində saxladığı məsələlərdən biri də münaqişənin tənzimlənməsi ilə bağlı status-kvo vəziyyətinin dəyişdirilməsi zərurəti ilə bağlı oldu: “Qeyd etdi ki, həmsədrlər status-kvonun dəyişməsi ilə bağlı bəyanat veriblər, amma bu dəyişmir. Belə olan halda, təbii ki, Ermənistanda arxayınçılıq sindromu formalaşır. Yəni bu ölkə cinayət edə, hərbi təxribata əl ata bilər və buna görə cəzasız qalacaq. Belə olan halda, aqressor daha da şirniklənir. Elə məhz bunun nəticəsidir ki, Ermənistan iyul təxribatını törətdi. Ancaq münaqişənin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupu isə heç bir kəsərli addım atmır. Ünvansız bəyanatlar verir və nəticə də göz qabağındadır. Ona görə də Prezident bəyan etdi ki, ATƏT-in Minsk Qrupunun bu davranışı münaqişənin həlli imkanlarını tükəndirir. Belə olan halda, proseslər ən arzuolunmaz istiqamətdə inkişaf edə bilər”.

Millət vəkili onu da qeyd etdi ki, beynəlxalq birliyin məlum münaqişə ilə bağlı həmrəy mövqeyi vardır: “Həmin mövqeyə görə, işğal altında olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon  Azərbaycanın ayrılmaz hissəsidir. Deməli, burada müzakirə olunacaq bir məsələ yoxdur. Sadəcə, beynəlxalq birliyin iradəsi yerinə yetirilməlidir. Ermənistanı dayandırmaq üçün  BMT TŞ-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmalıdır.  Ermənistanın beynəlxalq birliyin iradəsi əksinə davranışına hüquqi qiymət verilməli və aqressora qarşı sanksiyalar tətbiq olunmalıdır. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edim ki, 19 fəsil, 111 maddədən ibarət olan BMT Nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir. Hazırda  BMT TŞ tərəfindən 14 sanksiyalar rejimi fəaliyyət göstərir. Bunlar, ilk növbədə, 3 istiqamət üzrə  sanksiyaları  nəzərdə tutur. Birincisi, münaqişələrin siyasi tənzimlənməsinə dəstək. İkincisi, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq. Üçüncüsü isə terrorizmə qarşı səmərəli mübarizə məqsədlərindən qaynaqlanır. Göründüyü kimi, birinci istiqamət üzrə məsələlər kontekstində Ermənistana qarşı sanksiyaların tətbiqinin ciddi hüquqi əsasları var”.

Millət vəkili hesab edir ki, yalnız sanksiyaların təzyiqi altında Ermənistanla danışıqlar masası arxasında oturmaq mümkündür. O halda, belə danışıqların konstruktiv olacağı şübhə doğurmur.

Vidadi ORDAHALLI

Son xəbərlər