22/10/2020 22:24
728 x 90

Azərbaycanda ABŞ vətəndaşları üçün hansı təhlükə var ki… Səfirliyin çağırışına müxtəlif yanaşmalar var

img

ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

"ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb".

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib:

"ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək".

Qeyd edək ki, ABŞ-ın dünyanın müxtəlif qaynar nöqtələrindəki səfirlikləri mütəmadi olaraq belə xəbərdarlıqları edir. Bu baxımdan, edilən bu xəbərdarlığı da təsadüfi saymaq olmaz. ABŞ-ın Azərbaycandakı səfirliyinin vətəndaşlarına etdiyi xəbərdarlıqdan hansı nəticəni hasil edə bilərik?

  •  “ABŞ-ın bu yöndə çağırışı bir qədər tələskən xəbərdarlıqdır”

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ səfirliyi bəzi ölkələrlə bağlı mütəmadi olaraq bənzər məlumatlar yayır: “Yadınızdadırsa, bir müddət əvvəl ABŞ öz vətəndaşlarına bəzi ölkələrə səfər etməməklə bağlı müraciət etdi və nəzərdə tutduğu ölkələrin siyahısını paylaşdı. Yadımdadır ki, həmin siyahıda Azərbaycanın da adı vardı. Bizdə həmin məlumat təəccüb və etirazla qarşılandı ki, ölkədə sabitlik hökm sürürsə adımızı niyə ora salıblar? Bəzən bu siyahıların tərtibində, təhlükəsizlikdən daha çox, siyasi maraqlar ifadə olunur. Məsələn, ABŞ münasibəti olmadığı ölkələrlə bağlı belə paylaşımları edir ki, ora turistlərin axınının qarşısı alınsın. Bu da rəqib ölkələrin iqtisadiyyatına ciddi ziyan vurmaq deməkdir. Bəzən isə həqiqi təhlükə olduğu üçün bunu edirlər. Hazırda Azərbaycanın təmsil olunduğu bölgədə gərginlik var. Hazırda Ermənistanla aramızda olan gərginlik, Türkiyə ilə birgə hərbi təlimlər, Ermənistanın isə Rusiya ilə birgə hərbi təlimləri ABŞ-ın diqqət mərkəzindədir. Gərginliyin olması ilə bağlı etiraf ən yuxarı dövlət rəhbərləri səviyyəsində də edilir. Bu dəfə sırf Azərbaycanla bağlı belə bir çağırışın edilməsi təsadüfi deyil. Ola bilsin ki, əllərində hansısa kəşfiyyat məlumatları var. Hətta onlar müharibənin ola biləcəyi ehtimalını da nəzərdə keçiriblər.  Ancaq Abşeron yarımadasından kənara çıxmaqla bağlı xəbərdarlıq bir qədər reallığı əks etdirmir. Çünki ölkəmizin daxilində təhlükəsizliklə bağlı elə bir ciddi narahatlıq yoxdur. ABŞ-ın bu yöndə olan çağırışı bir qədər tələskən xəbərdarlıqdır. Çünki ciddi nəsə baş verməyib ki, belə müraciət edilsin. Fikirimcə, ABŞ Cənubi Qafqaz teatrosunda  Rusiya və Türkiyəyə tam uduzduğunu artıq dərk edir. Bunu həm də Azərbaycana bir təzyiq kimi göstərə bilərik. Son vaxtlar Azərbaycan, hətta rəsmi səviyyədə ATƏT-in Minsk Qrupu həmsədrlərini tənqid edir. Həmin həmsədrlərdən biri də ABŞ-dır. İstənilən halda, biz bu təzyiq metodlarına baxmadan öz lazım bildiyimiz səviyyədə ərazi bütövlüyümüzü təmin etməliyik”.

Apardığımız araşdırma zamanı müəyyən etdik ki, bənzər xəbərdarlığı ABŞ-ın Ermənistandakı səfirliyi də öz vətəndaşları üçün edib.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər