20/10/2020 06:31
728 x 90

Prezident Balaxanıda sirr açdı – neft ölkələri arasında Azərbaycanı önə çıxaran mühüm səbəb...

Rəsul Cahangirli: “Ölkəmiz bu gəlirlərdən səmərəli istifadəetmə əmsalına görə liderdir”

img

“Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik”. Bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıq zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda neftin insanların rifah halının yaxşılaşmasına xidmət göstərməsini aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər: “Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik. Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.

Müşahidələr göstərir ki, bir sıra neft ölkələrindən fərqli olaraq, Azərbaycan “qara qızıl”ı daha səmərəli şəkildə istifadə etdi. Bununla bağlı böyük düşünülmüş strategiya ortaya qoyuldu.

  • “Bütün bunlar sözügedən gəlirlərin düzgün şəkildə insan kapitalının inkişafına yönəldilməsinin nəticəsidir”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsi danılmaz reallıqdır: “Əvvəla qeyd edim ki, Dünya Bankının məlumatına əsasən, iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii ehtiyatlar, 64 faizi isə insan kapitalı hesabına əldə olunub. İnsan kapitalına yönələn xərclərin artması nəticədə ölkənin gələcəkdə daha da inkişaf etməsinə münbit zəmin yaradır. Bu, danılmaz həqiqətdir ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacaran ölkələr bir sıra problemlərin həllinə nail olurlar. Zəngin neft ölkəsi olan Azərbaycan bu prinsipləri vaxtında və həm də düzgün qiymətləndirməklə dünyaya modern inkişaf nümunəsi göstərdi. Artıq Azərbaycan neftindən gələn yüz milyonlarla gəlir ölkə vətəndaşlarının elmi, mədəni və sosial inkişafının qarantına çevrilib. Bunu hər ölkə bacara bilmir. Elə ölkələr var ki, orada hasil edilən neftin həcmi, bundan əldə olunan gəlirlər Azərbaycanla müqayisədə qat-qat böyükdür. Ancaq həmin gəlirlərdən səmərəli istifadə əmsalı yox səviyyəsindədir. Ölkəmiz bu gəlirlərdən səmərəli istifadəetmə əmsalına görə liderdir. Azərbaycan bu gəlirlərlə infrastrukturu yenilədi, əhalinin həyat səviyyəsini yaxşılaşdırdı. Bununla yanaşı, ordunu gücləndirdi, qeyri-neft sektorunun inkişafını təmin etdi, bir sıra beynəlxalq yarışlara evsahibliyi edərək ölkənin imicini yüksəltdi və s. Bütün bunlar sözügedən gəlirlərin düzgün şəkildə insan kapitalının inkişafına yönəldilməsinin nəticəsidir. Bu gün dünyanın inkişaf etmiş və nüfuz sahibi olan ölkələrində insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edir. Vaxt gələr, Azərbaycanda da belə olacaq”.

Ekspert onu da qeyd etdi ki, bir sıra neft ölkələri Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən faydalanmalıdırlar. Yəni Azərbaycan təcrübəsini öyrənməlidirlər.

Vidadi ORDAHALLI

Son xəbərlər