01/11/2020 01:37
728 x 90

ABŞ Dövlət katibi Ermənistana müstəqillik təbrikində ermənilər üçün heç xoş olmayan mövzunu ortaya çəkdi – substantiv Qarabağ danışıqları...

Məhəmməd Əsədullazadə: “Məhz Ermənistan Birləşmiş Ştatların da dəstək verdiyi yenilənmiş “Madrid prinsipləri”ndən yayınır”

img

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Bu fikirlər ABŞ Dövlət katibi Mayk Pompeonun Ermənistana müstəqillik günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Bununla yanaşı, Pompeonun Ermənistana ünvanladığı sözügedən məktubda substantiv danışıqların bərpası ilə bağlı çağırış öz əksini tapıb: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”.

Nəzərə alsaq ki, məhz Ermənistan substantiv danışıqlardan yayınır, o zaman bu daha çox rəsmi İrəvana ünvanlanıb. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman substantiv danışıqların aparılmasının tərəfdarı olub. Qarşı tərəf isə “ənənəsinə” sadiq qalaraq, nəticəsiz danışıqların davam etdirilməsində və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanmasında maraqlı olub. O üzdən, Pompeonun mesajı məhz rəsmi İrəvana ünvanlanıb. Hansı ki, Ermənistan hər vasitə ilə sözügedən danışıqlardan yayınır.

  • “Vaşinqtonun bu mesajı xüsusi olaraq rəsmi İrəvana ünvanlanıb”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “ABŞ Dövlət katibi Mayk Pompeonun Ermənistana göndərdiyi məktubda vurğuladığı tezislər birbaşa rəsmi İrəvana mesajdır. Problem ondadır ki, hazırda Ermənistan bütün danışıqlar prosesindən yayınır, özünün absurd şərtlərini ortaya atıb. Məhz Ermənistan Birləşmiş Ştatların da dəstək verdiyi yenilənmiş “Madrid prinsipləri”ndən yayınır. Belə olan təqdirdə Vaşinqtonun bu mesajı xüsusi olaraq rəsmi İrəvana ünvanlanıb. Ermənistanın əsas siyasəti substantiv danışıqlardan yayınmaqdır. Ona görə də bu mesaj İrəvana çatdırılır ki, vəziyyəti mürəkkəbləşdirmə və hadisələrin gedişatından narahatıq. Bu siyasət birbaşa Rusiyanın dəstəyilə həyata keçirilir. Ona görə də artıq ABŞ Paşinyanın Qarabağla bağlı Rusiyanın siyasəti ilə hərəkət etdiyini bilir. Hesab edirəm ki, Vaşinqton İrəvana bu siyasətinə görə heç də müsbət yanaşmayacaq. İrəvanı Azərbaycan cəzalandıranda neytral qalacaq. ABŞ öz mesajını çatdırdı və Ermənistan bundan nəticə götürməlidir. ABŞ da bilir ki, burada əsas mümkün danışıqları pozan məhz Ermənistan hakimiyyətidir”.

Politoloqun fikrincə, ABŞ bununla Paşinyan hakimiyyətinə, bir növ, siqnal verdi ki, predmet üzrə danışıqlara başlasınlar.

Vidadi ORDAHALLI

Son xəbərlər