27/10/2020 22:55
728 x 90

Azərbaycanın geniş siyasi partiyalar-hakimiyyət dialoq modeli barədə BMT-də səslənən fakt - əsas partiyalar bunu qəbul etdi...

Məhərrəm Zülfüqarlı: “Ümumilikdə, bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edir”

img

“Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq”. Bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası zamanı videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, ölkədə bütün fundamental hüquqlar təmin edilir. Prezident bununla bağlı bir sıra məqamlara toxunub: “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən, ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

Göründüyü kimi, ölkədə partiyalarla siyasi dialoqla bağlı böyük işlər həyata keçirilir. Eyni zamanda, ölkə başçısının çıxışının timsalında Azərbaycanın geniş siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı. O baxımdan bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Bu mənada, Prezidentin siyasi iradəsi var və biz də bunu dəstəkləyirik”

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, siyasi dialoqun beynəlxalq arenaya çıxarılmasının ölkə üçün əhəmiyyəti böyükdür: “Ümumilikdə, bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edir. Ölkəmizdəki siyasi atmosfer barədə dünya arenasında müsbət rəy formalaşır. Azərbaycan ictimai-siyasi həyatında dialoq mövcuddur. Bununla bağlı bir sıra nümunələr var. Məsələn, 1999-cu ildə QHT-lərlə Prezident Aparatı arasında dialoq nəticəsində ciddi nəticələr əldə olundu. O cümlədən, partiyalararası dialoq da mövcud idi. O baxımdan bizim AVCİYA-nın da son parlament seçkilərindən sonra tövsiyələrindən biri dialoqun davam etdirilməsi idi. Söhbət, təbii ki, iqtidar-müxalifət dialoqundan gedir. Göründüyü kimi, indi də həmin proses gedir. Biz bununla dünyaya mesaj verdik ki, ölkədə dialoq var və bu yöndə proses gedir. Ancaq bu dialoqu ölkə daxilində istəyənlər də var, istəməyənlər də. Lakin məsələ ondadır ki, əsas siyasi partiyalar dialoq təşəbbüsünü dəstəkləyirlər. Çoxluq sözügedən prosesdə fəal iştirak edir. Hesab edirəm bu çox önəmli faktordur. Bunu beynəlxalq ictimaiyyətin də görməsi vacib məsələdir. Baxmayaraq ki, bəzi ölkədaxili və xarici qüvvələr bunu istəmirlər. Çalışırlar ki, sözügedən dialoq pozulsun. O da məlumdur ki, sözügedən məsələdə əsas yük hakimiyyətin üzərinə düşür. Bu baxımdan dialoq nə qədər intensiv və yüksək səviyyədə olsa, bu bir o qədər Azərbaycanın imicinə müsbət təsir edəcək. Hesab edirəm ki, sözügedən dialoq partiyalarla yanaşı, QHT-lərlə, heç bir partiyanın üzvü olmayan ziyalılarla da olmalıdır. Bütün bunlar ölkənin sivil inkişafına, mövcud problemlərin həllinə təkan verəcək. Bu mənada, Prezidentin siyasi iradəsi var və biz də bunu dəstəkləyirik”.

Ekspert onu da qeyd etdi ki, ümumilikdə, sözügedən proseslər Azərbaycanın xeyrinədir.

Vidadi ORDAHALLI

Son xəbərlər