30/10/2020 00:22
728 x 90

Ermənistan böyük müharibə hazırlıqları yolunda - düşmənin təxribatlarının davam etməsi səbəbsiz deyil...

img

Prezident İlham Əliyevin sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində mətbuata verdiyi müsahibədə səsləndirdiyi mühüm bəyanatlar dünya KİV-ində geniş rezonans doğurub.

Həmin müsahibədə Prezident qeyd edib ki, Ermənistan cəbhədə vəziyyəti qəsdən gərginləşdirir, müharibəyə hazırlaşır, yeni işğal planları qurur. Bütün proseslərin təhlili göstərir ki, Ermənistan cəbhədə ardıcıl təxribatlar törədir, böyük müharibəyə hazırlaşır. Son illər ərzində Ermənistan dəfələrlə belə təxribatlara əl atıb və hər dəfə də layiqli cavabını alıb. Bura “Lələtəpə”, “Günnüt” kimi Azərbaycanın uğurlu əməliyyatlarını aid edə bilərik. Ordumuzun Aprel zəfəri Ermənistanın köhnə hakimiyyəti dönəminə təsadüf etsə də, Naxçıvan istiqamətində Günnüt əməliyyatı Paşinyanın yenicə hakimiyyətə gəldiyi zamana təsadüf etdi. Həmin əməliyyat nəticəsində Azərbaycan Ordusu qətiyyətli qələbə çalaraq, çox böyük ərazilərə nəzarəti ələ keçirdi. Görünür, həmin əməliyyatı N.Paşinyan hələ də həzm edə bilmir və revanş əldə etmək planları qurur. Ermənistan Nikol Paşinyanın rəhbərliyi altında son zamanlar belə təxribatlara tez-tez əl atır və hər dəfə də layiqli cavabını alır. Gəlin, son bir neçə ay ərzində Ermənistanın törətdiyi təxribatlara  xronoloji olaraq nəzər salaq. Ermənistan bu il iyulun 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib, lakin layiqli cavabını alıb.

Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıb. Bunun ardınca Ermənistanın və qondarma qurumun rəhbərləri Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlar verdi. Ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etdi.

Sentyabrın 20-də saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

 Bütün bu faktlar göstərir ki, Ermənistan sülh danışıqlarına sadiqlik göstərmir və hədəfi bir daha müharibəyə başlayıb yeni  ərazilər işğal etməkdir. Azərbaycanın bütün bu planlardan dəqiq məlumatı var. Təsadüfi deyil ki, ölkə başçısı müsahibəsində bizim xüsusi xidmət orqanlarının çox yaxşı işlədiyinə eyham vurdu. Ölkəmizin düşmənin istənilən təxribatının qarşısını almağa qüdrəti var və bu istiqamətdə bütün lazimi tədbirlər görülür. Ehtiyatda olan hərbi qulluqçuların hərbi komissarlıqlara çağrılması prosesində yaşanan çoşqudan görünür ki, vətəndaşlarımız arasında böyük ruh yüksəkliyi, döyüş əzmi var. Bütün bu amillər onu deməyə əsas verir ki, Ermənistanın addım-addım yaxınlaşdığı böyük müharibə ona çox baha başa gələcək.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər