29/10/2020 22:51
728 x 90

Multikulturalizm və etnik-dini tolerantlıq azərbaycançılıq ideyasının praktik tərkib hissəsinə çevrilir...

img

Azərbaycanın tarixən sahib olduğu multikulturalizm ənənələri azərbaycançılıq ideyasının ayrılmaz parçasına çevrilərək inkişaf edib, milli-mənəvi dəyərlərimizlə qaynayıb qarışıb. Multikulturalizm sözlə, yaxud hansısa bir qanunla formalaşa bilməz. Bu, əsrlərin, qərinələrin, illərin sınaqlarından keçərək formalaşır, inkişaf edir, möhkəmlənir və cəmiyyətin düşüncəsinə, həyat tərzinə hopur. Yəni multikulturalizm Azərbaycan insanının həyat tərzinə çevrilib, ana südü, ata çörəyi ilə qanına, canına sirayət edib.

Sözümüzün canı odur ki, tolerantlıq, multikulturalizm elə belə yaranmır, onun konkret tarixi əsasları olur və o həmin özül üzərində pərvəriş tapır. Bunun nəticəsidir ki, Azərbaycanda multikulturalizm özünün intibah dövrünü yaşayır. Məlumdur ki, çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin mehribanlıq, əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığı və ölkəmizdə indiyə qədər heç bir milli, dini ayrıseçkiliyin olmadığı bütün dünyaya məlumdur. Əlbəttə, ölkəmizdə yaşayan bütün xalqlar vahid bayraq altında birləşərək dövlətimizin milli maraqlarının yorulmaz müdafiəçisinə çevriliblər. Azərbaycan öz milli və dini müxtəlifliyi ilə gözəldir, möhkəmdir, əbədi sülhün, əmin-amanlığın ünvanlarından biridir.

  • “...multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış tədqiqatçı-alim Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün dünyanın bir çox ölkəsində birgəyaşayış qaydalarına əməl edilməməsi halları müşahidə olunur. Onun sözlərinə görə, müasir dünyanın müxtəlif bölgələrində baş verən qarşıdurmalar və bu qarşıdurmalardan törəyən faciələr bütün bəşəriyyəti narahat edir. Bütün bunların əsas səbəbinin dini və milli dözümsüzlük və anlaşılmazlıq olduğunu qeyd edən Q.Məhərrəmlinin sözlərinə görə, bu anlaşılmazlıqların aradan qaldırılması isə qarşılıqlı əməkdaşlıqdan, dialoqdan keçir. Müsahibimiz hesab edir ki, bu dialoqun yaranması üçün isə konkret mühit formalaşdırılmalı və bununla bağlı dövlətlərin ayrıca siyasəti olmalıdır. Azərbaycanda əsrlərdən bəri formalaşan və müasir dövrümüzdə mövcudluğunu qoruyan münbit dialoq məkanının olduğunu deyən Q.Məhərrəmlinin qeyd etdiyinə görə, Azərbaycan özünü dünyaya multikultural və tolerant bir dövlət kimi təqdim etməyi bacarıb. “Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycanda yaradılan münbit dialoq məkanı nəinki qonşu respublikalara, hətta dünyanın digər ölkələri üçün də gerçək bir örnəkdir. Azərbaycanda multikulturalizm azərbaycançılıq ideyasının ayrılmaz bir hissəsinə çevrilib. Bu proses təbii surətdə baş verib. Çünki onun inkişafı üçün münbit şərait var”.

  • “Azərbaycan müasir çağırışlara multikulturalizmin...”

Q.Məhərrəmlinin fikrincə, respublikamız müasir dünyada həm də etnomədəni münasibətlərə, fərdiliyə, özünü ifadə tərzlərinə tolerant münasibət göstərən nümunəvi dövlət kimi tanınır. Ekspert qeyd etdi ki, bu gün Azərbaycanda yaşayan elə xalq yoxdur ki, o öz mədəniyyətini, adət-ənənəsini, milli həyat tərzini, dinini, inancını yaşatmasın. Bu günə qədər ölkəmizdə heç bir etnik qrupun, dini konfessiya təmsilçisinin bu istiqamətdə hər hansı bir problemlə üzləşmədiyini deyən ekspert vurğuladı ki, müasir dövrdə tolerantlıq prinsipləri həm də dünyada sülh və təhlükəsizliyin, qarşılıqlı faydalı əməkdaşlığın, xalqların hüquq bərabərliyinin, mədəniyyətlərarası və sivilizasiyalarası dialoqun bərqərar olunmasına istiqamətləndirilmiş beynəlxalq səylərin ayrılmaz tərkib hissəsidir. “Azərbaycan müasir çağırışlara multikulturalizmin Azərbaycan modeli ilə cavab verir və ölkəmizin səsini bütün dünya eşidir”.

Ekspert ulu öndər Heydər Əliyevin seçim yolunun xalqlar və dinlər arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın olduğunu göstərdiyini xatırladaraq vurğuladı ki, Azərbaycan xalqı onun bu istiqamətdə bütün müdrik tövsiyə və çağırışlarını yekdilliklə dəstəkləyib, bu gün də o yola sadiqdir. Q.Məhərrəmlinin dediyinə görə, Prezidenti İlham Əliyev həmin birlik, bərabərlik konsepsiyasına yeni nəfəs verib, onu daha da zənginləşdirərək təkmilləşdirib, reallaşdırıb. Bu proses davamlı və mükəmməl olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşıb, ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirib.

Digər ekspertlər də hesab edirlər ki, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün, burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbir, elmi konfrans keçirilir. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilib. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar  Alyansı,  Avropa  Şurası,  Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və  təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri var.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdi. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyəti, çoxsaylı beynəlxalq təşkilatın, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar  Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir.

  • Ölkəmizin dünyada sabitliyin, əmin-amanlığın, mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində fəaliyyəti...

Tarixçilər və mədəniyyətşünaslar əminliklə qeyd edirlər ki, bu gün Azərbaycan multikulturalizmi regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı yönəldilmiş bir çox təhdidə layiqli humanitar cavabdır. Tarixçilər vurğulayırlar ki, bu məqsədlər təcavüzkar Ermənistanla müqayisədə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə mövqeyini və nüfuzunu xeyli gücləndirməkdədir. Qeyd edilir ki, dünya birliyi Azərbaycanın təkcə ərazi bütövlüyünün bərpa olunmasına yönəlik səylərini deyil, həm də ölkəmizin dünyada sabitliyin, əmin-amanlığın, mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində fəaliyyətini dəstəkləyir və yüksək qiymətləndirir.

  • “Azərbaycanda milli tolerantlıq, dinlərarası və millətlərarası münasibətlər ən yüksək səviyyədədir”

Prezident İlham Əliyev çıxışlarından birində “Azərbaycanda milli tolerantlıq, dinlərarası və millətlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycanın qədim dinlərarası əlaqələri, ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan özünü nümunəvi ölkə kimi göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bu, bizim böyük sərvətimizdir” - deyə bildirib.

Bu gün milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilən Azərbaycan multikultural ənənələr əsasında inkişaf edən, zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir.

Bütün xalqların, mədəniyyətlərin, dinlərin nümayəndələrinin əmin-amanlıq, sülh şəraitində bir ailənin üzvü kimi yaşadığı Azərbaycanda onların hamısı vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşib.

Azərbaycanda tarixən yaşayan xalqların hamısı azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə sıx bağlıdırlar və bu bağlar illər keçdikcə daha da möhkəmlənəcək.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər