Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, 2020-ci ilin 18 avqust tarixində səfir Elxan Poluxov Braziliyanın Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində iştirak edib.
Açılış nitqində səfir Azərbaycan-Braziliya və xüsusilə Qoyas ştatı ilə inkişaf edən əlaqələrdən danışıb, bu sərginin son illər ərzində sayca üçüncü olduğunu qeyd edib. Əyalət ilə iqtisadi, elmi, humanitar və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini vurğulayaraq, gələcək planlara dair fikirlər səsləndirib. Çıxış zamanı, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazilərinin işğal altında olduğu, tariximizə, mədəniyyətimizə Ermənistan tərəfindən vurulan ziyanlar və 12 iyul hadisələri haqqında faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sərginin açılışında Braziliya tərəfindən Qoyas ştatının Qanunverici Şurasının Prezidenti cənab Lissauer Vieira başda olmaqla, digər rəsmi şəxslər, yerli və federal deputatlar, incəsənət dairələrinin və elm ocaqlarının nümayəndələri iştirak etmişlər. Sərgidə Azərbaycanın xalçaları, təbiəti, memarlığı, həmçinin, işğal altında olan torpaqlarımızın təsviri fotoları nümayiş etdirilib və çap materialları paylanıb.
Tədbir çərçivəsində “İRS” jurnalının portuqal dilində sayca dördüncü nəşrinin təqdimatı keçirilib. Jurnalda ölkəmizin tarixinə, mədəniyyətinə və görkəmli milli simalarına həsr olunan məqalələrlə yanaşı, səfirliyimizin Braziliyada fəaliyyəti, keçirdiyi müxtəlif yönlü tədbirləri haqqında məlumatlar, yerli siyasi və elmi dairələrdən olan nümayəndələrin yazıları yer alıb. Burada diplomatiyamızın 100 illiyi, Azərbaycan-Braziliya münasibətləri – parlamentlərarası əlaqələri, ölkəmizin multikulturalizm siyasəti əks etdirilib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımından bəhs edən materiallarla tanış olmaq mümkündür.
Qeyd olunasıdır ki, sərgi 28 avqust tarixinə kimi davam edəcək və bu müddət ərzində onu yüzlərlə insan ziyarət edə biləcək.
Səfər zamanı səfir Elxan Poluxov Qoyaniya şəhərində yerləşən Katolik Universitetini ziyarət edərək, tədris ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşüb, təhsil sahəsində ikitərəfli əməkdaşlıq üçün vacib olan məlumatlarla bölüşüb və qarşı tərəfi maraqlandıran sualları cavablandırıb. Səfər müddətində yerli mətbuata çoxsaylı müsahibə verilib.
Hazırladı: Namiq QULİYEV