ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger deyib ki, Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Səfir “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə bağlı əsas vəzifələrdən biri kimi Xəzər dənizində yeni əlaqələrin qurulması yolu ilə qaz axınının genişləndirilməsini və qaz kəmərləri infrastrukturunun təhlükəsizliyinin təmin edilməsini göstərib.
ABŞ səfiri qeyd edib ki, “Cənub Qaz Dəhlizi” bu layihə çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir: “Fürsətdən istifadə edərək mən Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsinə qatılan dövlət və şirkətlərə göstərdiyi dəstəyi yenidən vurğulamaq istəyirəm. Bu layihə Rusiyanın xaricində hasil olunan qazın Şərqdən Qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq”.
Bununla belə, səfir bildirib ki, “Cənub Qaz Dəhlizi”nın tamamlanması, demək olar ki, başa çatır: “Biz artıq bu layihənin genişləndirilməsi, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”.
Göründüyü kimi, Birləşmiş Ştatlar CQD-nin təhlükəsizliyi məsələsinə indidən xüsusi önəm verir. Bütün hallarda, bu çox vacibdir. Digər tərəfdən, səfir Litzenbergerin sözügedən layihənin Rusiya xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihə olduğunu qeyd etməsi heç də təsadüfi deyil. Bu, əslində, ABŞ-ın ləyihənin təhlükəsizliyi ilə bağlı verdiyi mesajdır.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Birləşmiş Ştatların Xəzərin enerji resurslarının işlənməsində, dünya bazarına çıxarılmasında müstəsna xidmətləri var”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, ABŞ səfirinin CQD-nin təhlükəsizliyi ilə bağlı məqamlara toxunması bir sıra məsələlərdən xəbər verir: “Hesab edirəm ki, bu çox önəmli məsələdir. Əvvəla qeyd edim ki, Birləşmiş Ştatların Xəzərin enerji resurslarının işlənməsində, dünya bazarına çıxarılmasında müstəsna xidmətləri var. Məhz ABŞ-ın siyasi dəstəyi sayəsində 1999-cu ilin noyabrında İstanbulda keçirilən sammitdə Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsinə dair Azərbaycan, Türkiyə və Gürcüstan arasında saziş imzalandı. Ondan sonrakı dövrlərdə də ABŞ siyasi və iqtisadi dəstəyini əsirgəməyib. Bu, məsələnin bir tərəfi. O da məlumdur ki, gələn il CQD tam işə düşəcək. Belə ki, CQD-nin sonuncu seqmenti olan TAP kəməri işə düşəndən sonra Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. İlk illərdə sözügedən kəmərlə 16 milyard kubmetr, sonrakı illərdə isə 32 milyard kubmetrə yaxın qazın ötürülməsi nəzərdə tutulub.
Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Avropa və Türkiyənin qaz bazarındakı payı azalır. Tovuz döyüşləri zamanı işğalçı Ermənistan yüksəklikləri ələ keçirərək enerji kəmərlərini hədəf almaq istəyirdi. Ancaq onlar buna nail ola bilmədilər. Çox güman ki, enerji kəmərlərinin hədəf alınması Rusiyanın marağına cavab verirdi. ABŞ səfiri mesaj verir ki, CQD-nin təhlükəsizliyinə ABŞ xüsusi diqqət ayıracaq və bununla bağlı heç nəyi əsirgəməyəcək. Bu isə o deməkdir ki, Rusiya və yaxud da digər dövlətlər CQD-ni təhdid edəcəyi halda, qarşılarında ABŞ-ı görəcəklər. Fikrimcə, bu mesajı belə oxumaq lazımdır. Nəzərə almaq lazımdır ki, ABŞ Orta Asiya ölkələrinin də enerji resurslarını CQD ilə ötürmək marağndadır. Səfirin sözügedən məsələyə eyham vurması bu baxımdan təsadüfi deyil”.
Görünən odur ki, ABŞ CQD-yə dəstəyi bundan sonra da verəcək.
Vidadi ORDAHALLI