Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, ötən il Azərbaycandan Belarusa 21,1 milyon dollar dəyərində məhsul ixrac olunub. Əvəzində Belarusdan Azərbaycana 206,1 milyon dollar dəyərində məhsul idxal olunub. Yəni ticarət əlaqələrində Belarus bizdən daha qazanclı çıxır. Belə ki, Belarusdan idxal etdiyimiz 206 milyonluq məhsulun içərisində 60,9 milyon dollarlıq dəmir yolu vaqonu, 21 milyon dollarlıq traktor, 15 milyon dollarlıq şam ağacı və s. mallar olub.
Müqayisə üçün qeyd edək ki, ötən il Ermənistandan Belarusa 52,6 milyon dollar dəyərində məhsul ixrac edilib və əvəzində Belarusdan Ermənistana 20,1 milyon dollar məhsul idxal olunub. Rəqəmlərdən də göründüyü kimi, Ermənistan-Belarus ticarət əlaqələrində 32,5 milyon dollar dəyərində müsbət saldo qeydə alınıb.
Ancaq maraqlıdır ki, Belarus Azərbaycan iqtisadiyyatından çox, Ermənistan iqtisadiyyatına sərmayə qoyur. Məsələn, 3 milyonluq Ermənistanda fəaliyyət göstərən Belarus kapitallı şirkətlərin sayı 80, 10 milyonluq Azərbaycanda fəaliyyət göstərən Belarus kapitallı şirkətlərin sayı isə bundan təxminən 3 dəfə azdır – cəmi 30 şirkət. Hansı ki, Belarus Azərbaycandan daha çox fayda götürür. Belə olan halda, niyə Ermənistanda Belarus şirkətlərinin sayı daha çoxdur, amma Azərbaycanda az? Bunun kökündə dayanan faktorlar nə ilə bağlı ola bilər?
“Bizdə Belarus şirkətlərinin sayı Ermənistanla müqayisədə az olsa da, daha böyük investisiya qoyuluşları həyata keçirmək gücündədirlər”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanda daha çox Belarus şirkətinin fəaliyyət göstərməsi bu ölkələrin Avrasiya İqtisadi İttifaqında təmsil olunmaları ilə bağlıdır. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Ermənistanda fəaliyyət göstərən şirkətlərin çoxu kiçikdir. Digər tərəfdən, Belarus sərmayə qoyuluşu baxımından Azərbaycan üçün vacib tərəfdaşlardan biridir. İki ölkə arasında əlaqələrin artan templə davam etməsi də ondan xəbər verir ki, Belarus Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biri olub. Azərbaycanın, ümumilikdə, MDB ölkələri ilə ticarət əlaqələrinin həcmi 4 milyard dollardır. Belarusla Azərbaycanın ticarət dövriyyəsi ötən il 227 milyon dollar həcmində olub. Ancaq son illərin tendensiyasına fikir versək görərik ki, ticarət dövriyyəsi iki ölkə arasında artır. Məsələ ondadır ki, 2015-ci ildə Azərbaycanla Belarusun ticarət dövriyyəsi 93 milyon dollar idi. Bu o deməkdir ki, ötən müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Azərbaycan üçün Belarusla ticarət əlaqələrinin genişləndirilməsi əsas hədəflərdən biridir.
Bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycanda Belarus şirkətlərinin sayı Ermənistanla müqayisədə az olsa da, daha böyük investisiya qoyuluşları həyata keçirmək gücündədirlər. Yəni sərmayə qoymaq imkanları daha genişdir. Ermənistanda isə fəaliyyət göstərən şirkətlərin çoxu kiçikdir və investisiya imkanları böyük deyil. Ümumilikdə, güman edilir ki, pandemiyadan sonra Belarusla Azərbaycan arasında ticarət əlaqələri daha da genişlənəcək”.
Millət vəkilinin fikrincə, postpandemiya dövründə Azərbaycandan Belarusa ixracın da artacağı gözlənir.
Vidadi ORDAHALLI