Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar məlum olub.
C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlandığı bildirilir. Avqustun 20-də isə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.
Binəqədi Rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, bu, icra strukturunda olan ilk həbs deyil. Bundan əvvəl Ceyhun Cəfərovun bir neçə keçmiş həmkarı da bənzər ittihamlar əsasında həbs edilmişdi. Görünür, bəzi icra başçıları “məndən ötdü, başqasına dəydi” prinsipi ilə işləmək qərarına gəliblər. Yoxsa bu qədər həbslərin fonunda öz çirkin əməllərini davam etdirməzdilər. Bəzi icra başçılarının pis vədrişlərdən əl çəkə bilməməsinin səbəbi nə ilə bağlıdır?
Beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini belə izah etdi: “Hansını da qurdalayırsan rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma, dövlət vəsaitini mənimsəmə. Mənə elə gəlir ki, bu sahədə ciddi nizam yaratmaq üçün struktur islahatlara getmək lazımdır. Bir sözlə, İcra hakimiyyətləri ləğv edilməlidir. Bu hal həm bürokratiyanın, həm də rüşvət nöqtələrinin aradan qaldırılmasına gətirib çıxaracaq. Yerli özünüidarəetmə orqanları dövlət büdcəsindən maliyyələşməməlidir. Özü özünü dolandırmalı, sahibkarlığın inkişaf etdirilməsi üçün yerli və xarici istiqamətlərdə investisiyalar cəlb etməlidir. Dünya artıq dəyişib. Ümumiyyətlə dövlət strukturlarının yenidən təşkili, eyni zamanda hökümətin təşkilati strukturunun sadələşdirilməsi vacibdir. Bu idarəçəlik üsuluna isə heç bir büdcə tab gətirməz. Azərbaycan adam başına düşən məmur sayına görə dünyada liderlik edir. Bu istiqamətdə islahatlar aparılsa da, bir-birini təkrarlayan qurumlar hələ də kifayət qədərdir ki, bu da büdcəyə əlavə yük sayılır. İcra hakimiyyətlərinə bənzər qurumlar bizə Sovet idarəçiliyindən miras qalıb. Görürsünzmü, Prezident dəfələrlə icra başılarına rayona investisiya cəlbini tapşırıb, ancaq həmin istiqamətdə irəliləyiş yoxdur. Çünki icra başçısı bilir ki, bunu etsə də, etməsə də ona dövlət büdcəsindən vəsait veriləcək. Amma dövlət təminatı olmasa, məcbur qalıb həmin addımı atacaq ki, özünü saxlaya bilsin. Beynəlxalq standartlara görə buna keçid mümkündür. Əvvəl onların fəaliyyət istiqamətlərini müəyyənləşdirməliyik, sonra iş alqoritmini və fəaliyyətə cavabdeh şəxslərin üfuqi və şaquli məsuliyyətlərini müəyyənləşdirmək lazımdır. Məsələn, bu gün biz şahidi oluruq ki, bələdiyyələrlə icra hakimiyyətləri, demək olar, bir-birini təkrarlayan fəaliyyətlə məşğuldurlar. Həbs edilən icra başçılarına elan olunan maddələrə fikir verin. Hamısı rayona ayrılan pulların müxtəlif yollarla mənimsənilməsində, ruşvət almaqda təqsirli bilinir. Qurumun strukturu dəyişsə, onlar pulu talamaq yox, qazanmaq üsulları barədə fikirləşəcəklər. Onda əldə etdikləri qazanc da rəsmi olacaq. Mən bu vəziyyətdən çıxış yolunu fərdlərlə əlaqələndirmək istəməzdim. Yaxşı olar ki, biz bu istiqamətdə təklif etdiyimiz struktur islahatını nəzərdən keçirək”.
Görünən budur ki, məmurlar ciddi tənbeh tədbirlərindən də nəticə çıxarmaq istəmirlər. Bu halda təklif olunan struktur islahatların həyata keçirilməsini nəzərdən keçirmək yaxşı olar.
Məhəmmədəli QƏRİBLİ