Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan uzun müddətdir anonsunu verdiyi jurnalistlərlə müsahibəni həyata keçirdi və reallıqdan uzaq çoxsaylı açıqlamalar da səsləndirdi. Məlumat üçün bildirək ki, Sarkisyan onun taxtdan düşməsində mühüm rol oynayan aprel döyüşləri, Ermənistan ordusu və digər məsələlər barədə açıqlama verib, jurnalistlərin bu mövzularla bağlı suallarını cavablandırıb.
Onun toxunduğu məqamlardan biri də aprel döyüşlərində nədən “İsgəndər” raketlərindən istifadə edilməməsi ilə bağlı olub. Sarkisyan iddia edir ki, Ermənistanın bir neçə hərbi daimi yerləşmə yeri Azərbaycan artilleriyası üçün əlçatan olub. Amma Azərbaycan bura məhz “İsgəndər” raketləri üzündən zərbə endirməyib:“Bizim bir neçə hərbi daimi yerləşmə yerimiz onların artilleriyası üçün əlçatan idi. Niyə istifadə etmədilər? Cavabın nə olacağı açıq-aşkardır, elə deyil? Cavab olduqca birbaşa olacaqdı. “İsgəndər” raketləri Bakı və Gəncəyə çatacaqdı”. Ekspertlər isə burada Sarkisyanın kifayət qədər ciddi yanlışlığa yol verdiyini düşünür. Məsələ burasındadır ki, Azərbaycan son illər geniş spektrdə hücum təyinatlı silah sistemlərinin tədarükü ilə yanaşı, müdafiə təyinatlı sistemlər, o cümlədən hava hücumundan müdafiə vasitələri ilə silahlanmanı da xeyli sürətləndirib. Azərbaycan hazırda postsovet regionunda, Rusiya istisna olmaqla, ən güclü havadan müdafiə sistemi formalaşdırmış ölkədir. Hətta beynəlxalq miqyasda da etiraf edilir ki, Azərbaycan hava hücumuna qarşı eşelonlaşdırılmış güclü müdafiə sistemi qurub və bu sistem praktiki olaraq istənilən hava hədəfini dəf edə bilər. Bura Ermənistanın silahlanmasına daxil edilən “İsgəndər-E” operativ-taktiki raketləri də daxildir. Azərbaycan ordusunun silahlanmasında yer alan komplekslər bu raketləri hədəfə çatmadan məhv etmək qabiliyyətinə malikdir. Əvvəla, Azərbaycanın İsrail, İspaniya, Rusiya, Fransadan aldığı radar sistemləri ölkəyə istənilən raket hücumunu dərhal qeydə almağa imkan verir. Bundan sonra ölkənin malik olduğu müdafiə sistemləri həmin raketləri sıradan çıxarır. Bunun üçün Azərbaycanın arsenalı kifayət qədər zəngindir. Məsələn, İsraildən alınan “Barak-8” sistemləri ölkənin etibarlı müdafiəsini təmin edir. Bu kompleksləri İsrailin “Rafael” və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. Buraxılış qurğusu 8 raketlə və nəqliyyat-buraxılış konteyneri, radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə kompleksi hesab olunur. “Barak-8”in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. “Barak-8”, İsraildən başqa, dünyanın cəmi 4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır. Digər tərəfdən, yayılan məlumatlara əsasən, Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə kompleksi alıb. “Dəmir günbəz” idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. Bir “Dəmir günbəz” batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından, atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla 3 “Tamir” raket-tutucu komleksindən ibarətdir.
Bundan başqa, Azərbaycanın S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malik olmasını nəzərə alanda Ermənistanın “İsgəndər”lərinə qarşı çoxpilləli müdafiə sisteminin qurulduğunu demək olar. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv edə bilər. Fransadan alınan “Mica” hava hücumundan müdafiə sistemləri də etibarlı müdafiəni təşkil edir. “Buk”, “Pantsir” kimi silahlar da hava hücümundan etibarlı müdafiə yaradır. Ermənistanın malik olduğu hansısa raket bu müdafiə sistemini yarmaq gücündə deyil. Digər tərəfdən, Ermənistanın raket hücumuna Azərbaycanın cavabı da çox dəhşətli ola bilər. Məsələn, ölkəmizin İsraildən aldığı “LORA” kompleksləri Ermənistanda istənilən hədəfi darmadağın etmək iqtidarındadır. Bu silah düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və digərlərini yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketləri və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərilə eyni sinif raketlər hesab edilir. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilir. “LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır və onlar hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur. “LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 kilometr mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır. Həmçinin Azərbaycan Türkiyədən alınan “Pələng”, “Qasırğa”, Belarusdan alınan “Polonez” raketləri və digər silahlarla da düşməni yerində oturtmaq gücündədir.
Tahir TAĞIYEV