Müdafiə naziri Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb. Gənclərlə görüş zamanı Müdafiə naziri Zakir Həsənov çıxış edib. Müdafiə naziri vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb. Çıxışının davamında nazir Zakir Həsənov bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır:
“Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncində vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəy formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.
Daha sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan -Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə suallarını cavablandırıb.
Göründüyü kimi, ermənilərin ölkəmizin daxilində gənclərə yönəlik təxribatçı fəaliyyətləri rəsmi səviyyədə etiraf olunur. Gənclər bundan hansı nəticələri çıxarmalıdır?
İKT eksperti Nicat Qasımlı qəzetimizə açıqlamasında bildirdi ki, tarix boyu məkrli, hiyləgər siyasətindən əl çəkməyən təcavüzkar Ermənistan həm siyasi arenalarda, həm də savaş meydanlarında Azərbaycana açıq-aşkar məğlub olduğu üçün çirkin niyyətli siyasətini indi başqa müstəviyə yönəldib:“Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter, Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa çalışırlar. Əsasən gənclərə yönəlik virus-videolara daha çox rast gəlinir. Bəzən sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri bu görüntüləri analiz etmədən öz profillərində paylaşırlar. Düşmən bu istiqamətdə azərbaycanlı adları ilə açılan profillərdən istifadə edir. Hətta təxribatçı videoların səsləndirilməsində belə Azərbaycan dilinin imkanlarından yararlanırlar. Görünən odur ki, silahlı toqquşmalarda Azərbaycan ordusuna tab gətirə bilməyən düşmən var gücü ilə informasiya müharibəsinə köklənib və yayılan videolar bu istiqamətdə aparılan kampaniyanın tərkib hissəsidir.
Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri mənbəyi bilinməyən, erməni saytlarında yayılan informasiya və görüntüləri paylaşmaqla düşmənin əlinə şans verir. Ola bilsin, istifadəçilər bunun fərqində deyillər. Amma reallıq budur ki, onların paylaşdıqları bəzi görüntülər özümüzə qarşı işləyir. Xüsusilə də informasiya müharibəsinin cəbhədəki döyüşlər qədər şiddətli getdiyi vaxtda mümkün qədər belə təxribatlara uymamaq lazımdır. Gənclərimizlə bu istiqamətdə maarifləndirmə işləri ciddi aparılmalıdır ki, onlar düşmən təbliğatının hədəfinə tuş gəlməsinlər. Bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin fəal olması lazımdır. Onların xüsusi çarxlar hazırlayıb gənclər arasında yaymasına ehtiyac var. Bunun da nəticəsində məlumatlanmış gənc istənilən paylaşıma diqqətlə yanaşacaq”.
Qloballaşan dünyada sosial şəbəkələrin vasitəsilə bir çox təxribatların həyata keçirildiyini nəzərə alıb, gənclərimizin ideoloji mühafizəsini lazımi şəkildə təşkil etməliyik.
Məhəmmədəli QƏRİBLİ