Məlum olduğu kimi, yazıçı Kəramət Böyükçöl saxlanıb. Yazıçının evinə gələn polis əməkdaşları qonşuların onun səs-küy saldığına görə şikayət etdiklərini bildiriblər. K.Böyükçölün saxlanma xəbəri yayılar-yayılmaz, bəzi sosial şəbəkə istifadəçiləri “münəccimlik” sərgiləyərək, yazıçının tutulmasını “siyasi məsələyə” yozmağa cəhdlər etdilər. Fürsətdən istifadə edərək siyasi səs-küy salmaq və onun saxlanmasına siyasi rəng qatmaq istəyənlərin cəhdləri uğursuzluğa düçar oldu.
K.Böyükçölün saxlanması səbəbinə qısa zamanda Daxili İşlər Nazirliyi tərəfindən aydınlıq gətirildi. Belə ki, DİN operativ şəkildə sosial şəbəkələrdə gənc yazar Kəramət Böyükçölün respublikanın rəhbər şəxsləri barəsində səsləndirdiyi xoşagəlməz ifadələrə görə saxlanması barədə yayılan məlumatlara münasibət bildirdi.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: “Xəbər verildiyi kimi, K.Böyükçöl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanıb. Həmçinin, K.Böyükçölün saxlanması onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər K.Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan, K.Böyükçölün saxlanmasının səbəbi haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır”.
“Azərbaycan dövləti onun taleyinə biganə qalmadı, həqiqətən də onu ölümün cəngindən qoparıb aldı”
Məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Azər Həsrət bildirdi ki, baş verənlər xoş bir hadisə deyil. “Azərbaycan cəmiyyətinin özəllikcə də erməni təcavüzü ilə mübarizəyə kökləndiyi bir məqamda özünü-sözünü bilməyən birisinin ortaya düşüb ictimai rəyi bu şəkildə məşğul etməsi arzuolunan deyil. Lakin o, insandır, burada insan taleyindən söhbət gedir. Ona görə də Azərbaycan dövləti onun taleyinə biganə qalmadı, həqiqətən də onu ölümün cəngindən qoparıb aldı. Bu doğrudan da belədir. İllərdir bu adam ağzının danışığını bilmir, əməllərinə görə özünə hesabat vermir, cəmiyyətlə, hətta ata-anası ilə belə hesablaşmır, normal bir ailə qurub özünü normal bir ailə başçısı kimi apara bilmir. Yəni evlənir, bir müddət sonra boşanır, ardınca başqa birisilə evlənir, onunla da boşanır. Anlaşılan odur ki, bu adam özünə cavabdeh deyil. Son günlər baş verənlər də, özəlliklə də onun spirtli içki qəbul edərək açıq efirdən söyüş söyməsi və hədd bilməməsi, şəhidlərimizin torpağı soyumamış, balaca uşağını göstərib “bunun Vətənə heç bir borcu yoxdur” deməsi və sair cəmiyyəti narahat edən məqamlar idi. Bunların fövqündə bir sıra insanlar artıq proqnoz verirdilər ki, K.Böyükçöl intihar edəcək, özünü öldürəcək. Nəticədə də, təbii, bədxahlarımız, Azərbaycana qarşı olan qüvvələr “rejimin daha bir gənci məhv etdiyi” barədə sağa-sola mənasız, həqiqətə uyğun olmayan paylaşımlar edəcəklər. Məhz ona görə də Azərbaycan polisinin bu davranışını, onu xilas etməsini təqdir edirəm. Düşünürəm ki, Kəramətin nə ad altında olur-olsun, saxlanması, əslində, onun xilası deməkdir.
Bu adam haqqında atası da açıqlama verib ki, bu adamı heç bir qüvvə saxlaya bilmir. Atasının özü də polisin onu saxlamasını, bir növ, Kəramət üçün daha xeyirli bir addım kimi dəyərləndirib. Fikrimcə, bu məsələdə polisimiz doğru davrandı”.
A.Həsrət hesab edir ki, bundan sonra Azərbaycan dövləti və polisi Kəramətin psixoloji müalicə almasını təmin edərsə, bunun nəticəsi yaxşı olar. A.Həsrət deyir ki, bir müddət dövlət ona qayğı göstərib, illərdir əziyyət çəkdiyi pis vərdişlərdən əl çəkməsinə yardımçı olarsa, biz bu gəncimizi cəmiyyətimizə qazandıra bilərik. “Hərçənd, dövlətin onun üzərində belə bir məsuliyyəti yoxdur. Yəni hər kəs təbii ki, özünə cavabdehdir. Polisin bu addımı Kəramətdən sui-istifadə etmək istəyənlərin, onun ətrafında siyasi hay-küy qaldırmağa cəhd edənlərin arzularını gözlərində qoydu. Biz də cəmiyyət olaraq elə etməliyik, elə davranış sərgiləməliyik ki, ondan istifadə etmək istəyənlərin niyyəti baş tutmasın. Yəni elə etməliyik ki, bu gənc həyata, ailəsinə, ata-anasına bağlansın və nəhayət, Vətənə bağlansın, yaşama bağlansın” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA