Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi, 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.
Erməni mediası planauyğun şəkildə keçirilən bu tədbirə tamamilə başqa don geyindirmək istəyir. Onlar iddia edir ki, güya rəsmi Bakı Azərbaycana təlim üçün gələn türk hərbçiləri ilə bağlı məsələdə balans yaratmaq üçün rus gəmilərini bura dəvət edib. Təbiidir ki, bu hadisələr arasında heç bir əlaqə yoxdur. Belədirsə, erməni təbliğatı niyə bu sərsəm versiyanın üzərində dayanmaq istəyir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iyul ayındakı gərginlikdən sonra Azərbaycanın hərbi-siyasi və informasiya sahəsində qazandığı üstünlük birmənalı şəkildə Ermənistanı narahat edir:“Ermənistanın bu istiqamətdə hansı səviyyədə əndişə keçirdiyini onların mediasında səslənən fikirlərdən görmək olar. Bir neçə gün bundan əvvəl “DQR”dəki separatçıların rəhbərinin Gəncə şəhərinə zərbə endirəcəkləri ilə bağlı hədələyici bəyanatını da bu qəbildən saymaq olar. Ermənilər məğlubiyyət qoxusunu hiss etdikləri üçün belə addımlar atırlar. Gəncəyə havadan zərbə endirilməsi ilə bağlı Araik Arutunyanın bəyanatı sadə ermənilərin psixikasına hesablanmış informasiyadır. Biz belə hədələyici bəyanatları çox eşitmişik. Onlar gözəl bilir ki, Azərbaycanın hava hücumundan müdafiə üçün zəruri silah-sursatı var. Bilə-bilə belə əsassız fikirlərin səslənməsi ictimai rəyi çaşdırmağa hesablanıb. Xəzər flotiliyasının bir neçə gəmisinin nəzərdə tutulan ənanəvi tədbir planına uyğun olaraq Bakı limanına gəlməsinə verilən yalnış rəylər də eyni qəbildən olan informasiya rolunu oynayır. Belə səfərlər tez-tez olur. Azərbaycan hərbi gəmiləri də müəyyən tədbirlər çərçivəsində Rusiyanın limanlarına yan alırlar. Burada Rusiyanın könlünü alacaq hər hansı addım yoxdur. Bunu iddia etmək, siyasi savadsızlıqla yanaşı, həm də təxribat yaratmaq cəhdidir. Bununla ermənilər bizim yaxın qonşularımızla münasibətlərimizi korlamaq istəyirlər. Son iki il ərzində beynəlxalq dəniz kuboku yarışlarında bizim iştirakımız olur və həmin tədbirə biz ev sahibliyi edirik. Ermənilər bir məqamı da nəzərə almalıdırlar ki, Azərbaycan-Türkiyə hərbi təlimləri Rusiyaya qarşı yönəlməyib ki, biz kiminləsə balans yaratmaq məcburiyyətində qalaq. Bu təlimlər də qrafikə uyğun olaraq keçirilir. Azərbaycanın Cənubi Qafqaz ölkəsi kimi Rusiya ilə də hərbi-texniki əməkdaşlığı mövcuddur. Azərbaycan ordusunun satınalmaları siyahısında Rusiya birinci yeri tutur. Bu baxımdan da, ermənilərin dövriyyəyə buraxdığı bu şayiənin heç bir əsası yoxdur”.
Təbiidir ki, Ermənistan düşmən ölkə kimi istənilən hadisəni bizim əleyhimizə çevirməyə çalışır. Ancaq məntiqi əsası olmayan bu siyasət özünü tez bir zamanda ifşa etmiş olur.
Məhəmmədəli QƏRİBLİ