Azərbaycanda koronavirusla mübarizə çərçivəsində xalqımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox mühüm işlər görülüb. Bilirik ki, virusun artması üçün real risq olan kütləvi tədbirlərin keçirilməsinə ölkəmizdə birmənalı olaraq icazə verilmir. İnsanların kütləvi toplaşdığı hər bir məkan virusun yayılması üçün münbit şərait yarada bilər.
Bu baxımdan, koronavirusa görə Məhərrəm ayında məscidlərin açılmasına, eləcə də kütləvi əzadarlıq məclislərinin keçirilməsinə, məscidlərdə ibadətlərin reallaşmasına rəsmən icazə verilməyib. Azərbaycan dövlətinin bu qərarı əhalinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır və ölkəmizin dindarları da, dini icmaları da dövlətin bu qərarını birmənalı olaraq dəstəkləyirlər.
Lakin İranın bəzi mənbələri Azərbaycan dövlətinin virus əleyhinə verdiyi bu qərara başqa donlar geydirməyə çalışırlar. Mətbuatın yazdığına görə, İran Milli Televiziyasına – İRİB-ə bağlı “Parstoday” saytı Azərbaycan dövlətinin bu qərarını “Azərbaycanda dini ibadətin qadağan olunması” kimi təqdim edir. İranın bəzi mənbələri iddia edirlər ki, “koronavirusdan insanların inancının zəiflədilməsi, inanclı kəsimin bir araya toplanmasının qarşısının alınması üçün bəhanə kimi istifadə olunur” (?).
Ekspertlər bir-iki gün əvvəl yayılan bu əsassız fikirləri dini-siyasi maraqların fonunda sıradan bir tənqid yox, Azərbaycana qarşı yeni kampaniyanın başlanğıcı hesab edirlər. Onlar qeyd edirlər ki, adətən, bu ölkədən Azərbaycana qarşı din və digər məsələlər üzərindən aparılan kampaniya “Parstoday” saytı tərəfindən edilir.
“Buna heç bir ölkə, yaxud ölkə daxilində olan bəzi insanlar kölgə sala bilməz”
Siyasi analitik Asif Nərimanlının qeyd etdiyinə görə, sözügedən məqalə yayımlanana qədər (16 avqust) cənubda oturub sosial şəbəkələrin Azərbaycan seqmentində fəaliyyət göstərən bəlli səhifələr günlərdir bu istiqamətdə təbliğat aparır, əsas iddialar belədir ki, “barların açılmasına icazə verilir, məscidlərin yox”. “Real olmayan bu iddia inanclı kəsimin etirazını körükləməyə hesablanıb. “Parstoday”ın prosesə qoşulması isə göstərişin İranın hərbi-siyasi-ruhani dairələrindən gəldiyini və kampaniyanın Məhərrəm ayı boyunca davam edəcəyini deməyə əsas verir.
Amma kampaniyanın təkcə antitəbliğatla yekunlaşmayacağı, Aşura mərasimini dini-siyasi etiraza çevirmək istəyəcəkləri də istisna deyil. Bununla bağlı açıq çağırışların edildiyi və hazırlığın aparıldığı müşahidə olunur.
“Parstoday” məlum yazısının sonunda qeyd edir: “Bütün qadağalara və məhududiyyətlərə rəğmən, Azərbaycan xalqının Məhərrəm ayında mərasimləri daha görkəmli şəkildə keçirəcəyi dəqiqdir”.
Sayt “keçiriləcəyinə inanırıq” yox, “keçiriləcəyi dəqiqdir” yazır və bu, Azərbaycanın inanclı kəsiminə açıq mətnlə mesaj verməklə yanaşı, həm də artıq hazırlığın getdiyi deməkdir” - deyə ekspert şərhində qeyd edib.
Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, hansı ölkənin nə kampaniya apardığından xəbəri yoxdur. “Amma onu deyə bilərəm ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir. Bu, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nizamlanır. Son dövrlər məscidlərdə imamlara dövlət tərəfindən maaş verilir. Eyni zamanda, Azərbaycanda bir çox yeni məscid tikilir. Buna elə mənim imamı olduğum Heydər məscidini də nümunə olaraq göstərmək olar ki, minlərlə insan gəlib burada namaz qılır. Burada cümə namazlarında 3-4 min insan olur, 4-5 min nəfər insan gəlib burada bayram namazı qılır. Həmçinin, bir çox məscidin yenidən restavrasiya olunması göz önündə olan xidmətlərdir. Buna heç bir ölkə, yaxud ölkə daxilində olan bəzi insanlar kölgə sala bilməz. Sadəcə, hazırda dünya səviyyəsində mövcud olan bir xəstəlik, pandemiya var ki, o, İranın da Türkiyənin də özündə, ərəb ölkələrində də, hətta Səudiyyədə də özünü göstərdi. Pandemiya nəticəsində də bir çox məsciddə müəyyən məhdudiyyətlər qoyuldu. Bu bizim ölkədə də belə oldu. Hər bir ölkədə xəstəliyin dərəcəsinə görə məscidlərdə, ibadət ocaqlarında müəyyən qadağalar tətbiq edildi. Bu məhdudiyyətlər yalnız məscidlərdə deyil, dövlət obyektlərində də özünü göstərib. Bilirsiniz ki, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda bütün kütləvi tədbirlər təxirə salınıb, iri ticarət mərkəzləri, eləcə də paytaxt əhalisinin çox böyük hissəsinin istifadə etdiyi metronun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, avtobusların bir çoxunun istiqamətləri dəyişib. Yəni bunlar hamısı göz önündə olan işlərdir. Biz bu cəmiyyətdə yaşayırıqsa, öz cəmiyyətimizi özümüz daha yaxşı tanıyırıq. Bu baxımdan, Azərbaycanda heç bir dindara dinini yaşatması, dini ibadətlərini etməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Bunun ən böyük örnəyi sosial şəbəkələrdə aparılan təbliğatdır. Əgər dinlə bağlı məhdudiyyət olsaydı, ilk növbədə, sosial şəbəkələrdəki təbliğata qadağa qoyulardı. Fakt budur ki, hər kəs öz dinini sərbəst və rahat yaşayır, yaşadır. Sadəcə, müxtəlif sahələrdə qadağalar var, onlardan biri də qapalı məkan olan məscidlərə insanların toplaşmasıdır. İnşallah, Allah bu bəlanı millətimizin üzərindən götürər və insanlar tez bir zamanda məscidlərdə rahat şəkildə ibadətlərini edərlər”.
Hacı Rüfət qeyd etdi ki, Azərbaycanda Məhərrəm ayı pandemiyaya qədər həmişə qeyd edilib. O, vurğuladı ki, Məhərrəm ayının nəinki Azərbaycan xalqı tərəfindən, ümumiyyətlə, bütün müsəlman xalqlarının keçirməsi çox gözəl bir haldır, bu ən gözəl ibadətdir, əməldir. “İmam Hüseyn əleyhisalamı xatırlamaq, yad etmək bizim daxili inancımızdan, qəlbi hisslərimizdən gələn bir işdir. Heç kəs buna qarşı çıxmır. Amma qadağalar, məhdudiyyətlər olduğu yerdə bu məhdudiyyətləri, qadağaları aşmaq elə alimlərin, müşteyidlərin özünün belə fikirlərinə qarşı çıxmaq, dövlətin qanunlarını çeynəməkdir. Heç kimə isə bu haqq, hüquq verilmir. Əgər bu, dediyimiz kimi, insanların maddi təminatı ticarət obyektlərindəndirsə, pandemiya nəticəsində bu gün minlərlə insan işsiz qalıb, ticarət obyektləri bağlıdır. Ticarət mərkəzləri bağlı olduğu, insanların evlərinə çörək apara bilməyəcəyi halda vətəndaş bu çətinliyi çəkirsə, bu çətinliyin bir hissəsi də dini ocaqlara aiddir. Ona görə ki, burada xəstəlik dərəcəsinin artması, insanların yoluxma təhlükəsi var. İnsanlar bir araya gəldikdə burada daha çox virusa yoluxma ehtimalı ola bilər. Burada da yenə də insanlarımız əziyyət çəkəcək. Elə insanlar var ki, koronavirus təhlükəsindən maksimum dərəcədə qorunur, digər insanların məsuliyyətsizliyi isə qorunan insanların yoluxmasına gətirib çıxarır. Bunun da nəticəsində daha çox insan yoluxa bilər. Dövlətin xərclədiyi vəsaiti, çəkdiyi zəhməti heçə endirməyə, “bu bəla tez bitsin” deyə özünü qoruyan insanları təhlükəyə atmağa heç kimin haqqı yoxdur. Onların haqqına girməyə haqqımız yoxdur. Bir qrup insan var, həqiqətən də onlar bu qaydalara maksimum əməl edir ki, bu bəla tezliklə qurtarsın və onlar da öz işinə, öz el-obasına qayıtsınlar. Başqa ölkələrdən gəlib ölkəmizdə qalan insanlar var, pandemiyaya görə öz ölkəsinə qayıda bilmir, yaxud bizim vətəndaşlarımız var ki, ölkəmizə dönə bilmirlər. Bunun üçün bizim hamımız əl-ələ verib bu bəlanın aradan qaldırılması üçün maksimum dərəcədə çalışmalıyıq.
Bu bəla sovuşandan sonra postpandemiya dövründə elə bir qadağa yoxdur ki, insanlar məscidlərə getməsin, ibadət etməsin, müəyyən dini ayınlər icra etməsin, bayram namazları qılmasın. Belə bir qadağa yoxdur. Bütün kütləvi yerlər açıq olsa, tək məscid olsa, onda insanlar müəyyən qədər haqlı ola bilər ki, niyə yalnız məscidə qadağa qoyulub. Hər kəs ağıllı, elmli insandır və vəziyyətin ciddiliyini nəzərə alır. Pandemiyaya görə Həcc ziyarəti belə təxirə salındı. Dünya müsəlmanları çağırış edə bilərdi ki, bu, islamın vacib əməlidir, niyə təxirə salınıb? Amma belə bir çağırış yoxdur” - deyə Hacı Rüfət qeyd etdi.
İradə SARIYEVA