Ermənistan tərəfinin son addımları bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hələ də maraqlı tərəf olmadığını nümayiş etdirməkdə, məsələnin hərbi çözümünü alternativsiz varianta çevirməkdədir. İrəvanın, onun nəzarətində olan Qarabağdakı separatçı rejim təmsilçilərinin açıqlamaları savaşı artıq qaçılmaz reallığa çevirməkdədir.
Hərbi zərbələr Ermənistan rəhbərliyində soyuq duş effekti yaradıb...
Ermənistan rəhbərliyinin açıqlamaları onların Azərbaycanın hərbi, diplomatik müstəvidə endirdiyi zərbələr fonunda ciddi çaşqınlıq içində olduğunu göstərir. Elə bundan irəli gəlir ki, İrəvan rəsmilərinin hərəkətini, açıqlamalarını hansısa məntiqlə izah etmək mümkün deyil. Məsələn, Ermənistanın özünə də yaxşı məlumdur ki, Azərbaycan hərbi sahədə də bu ölkədən dəfələrlə güclüdür. Ötən ay Tovuz istiqamətində tərətdikləri təxribata cavab olaraq Azərbaycanın endirdiyi hərbi zərbələr bunu əyani surətdə təsdiqləmiş oldu. Üzləşdiyi böyük itkilərdən dərs çıxarmaq əvəzinə, Ermənistan rəhbərliyi daxili auditoriyanı sakitləşdirmək üçün sərsəm mövqe sərgiləyir. Məsələn, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorçu Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. Aydındır ki, o belə açıqlamanı İrəvanın razılığı olmadan verə bilməz.
Ekspertlər hesab edir ki, əslində, Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Burada, əslində separatçı rejim rəhbərinin bəyanatının blef olduğu sirr deyil. Sadəcə, qeyd edildiyi kimi, ermənilərin Tovuzdakı məlum uğursuzluqları düşmən ölkəni yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Amma bu dəfə də düşmənin ağır zərbələrə tuş gəlməsi qaçılmaz sayılır və Azərbaycanın bunun üçün lazımı imkanlara malik olmasını ermənilər 2016-cı ilin aprelindən indiyə qədər olan döyüşlər fonunda kifayət qədər yaxşı bilir. Eləcə də düşmənə tam bəllidir ki, Azərbaycanın Gəncə və digər şəhərlərinin hava hücumundan müdafiə sistemi çox güclüdür.
Düşmən yenə beynəlxalq miqyasda qeyri-ciddiliyini nümayiş etdirir
Erməni tərəfinin Gəncəyə zərbə kimi sərsəm mövqedən çıxış etməsi bu ölkənin sülh məsələsində maraqlı olmadığına dair Azərbaycanın dediklərinə beynəlxalq miqyasda yenidən haqq qazandırır. ən azı o baxımdan ki, belə təxribatçı mövqe ilə erməni tərəfi sülh məsələsində qeyri-ciddiliyini göstərmiş olur. İndi hesab edilir ki, beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk Qrupu Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsi barədə bəyanatına diqqətlə yanaşmalı, buna adekvat reaksiya sərgiləməlidir. Əks təqdirdə Azərbaycanın Ermənistanın istənilən şəhərinə, o cümlədən İrəvana zərbə endirməsi tamamilə legitim xarakterə malik olacaq.
Özü də burada nəzərə almaq lazımdır ki, ermənilər Azərbaycanın digər yaşayış məntəqələrini də atəşə tutmaq barədə açıq fikir səsləndirib. Məsələn, bundan əvvəl onlar Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələmişdilər. Bütün bunlar İrəvanın hansı mövqedə olduğunu açıq şəkildə nümayiş etdirir. Indi əsas məsələ dünyanın belə sərsəm mövqeyə müvafiq reaksiya verməsidir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu xüsusda dünyaya müraciət də ünvanlayıb. Burada qeyd edilir ki, Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca Ermənistan tərəfi ölkəmizin işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd göstərir:“Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı sayəsində qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyektləri və əhalini hədəf almaqla terror təşkilatlarına xas şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür”.
Bu qeyd edilənlər bir daha təsdiq edir ki, Ermənistan üçün əsas hədəf yenə bütün müharibə qanunlarına, beynəlxalq hüquqa zidd olaraq yaşayış məntəqələri, mülki insanlar, körpələr, qadınlar, qocalardır. Burada xatırlatmaq yerinə düşərdi ki, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla düşmən öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. İndi də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni hədəf kimi seçdiklərini gizlətmirlər. Elə bu da düşməni hərb müstəvisində əzmək üçün Azərbaycana əlavə imkanlar yaradır. Təbii ki, Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir. İndi əsas məsələ beynəlxalq təşkilatların, həmsədrlərin Ermənistanın növbəti təhlükəli, işğalçıya xas bəyanatına münasibət bildirib, ölçü götürülməsidir. Əks təqdirdə Azərbaycan hərbi tədbirlər görmək məcburiyyətində qalacaq və bunun da məsuliyyəti birmənalı şəkildə Ermənistanın üzərinə düşəcək.
Irəvan savaşdan başqa çıxış yolu qoymur...
Ermənistanın digər istiqamətlərdə də faəliyyəti savaşı qaçılmaz edən faktorlar sırasında yer alır. Məsələn, artıq heç kimə sirr deyil ki, Ermənistan Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməyə çalışır. Buradan ermənilərin zəbt edilmiş Azərbaycan ərazilərinə köçürülməsi üçün edilən cəhdlər də bunu təsdiqləyir. Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik erməniləri qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirmək planı da qeyd edilənlərin əyani göstəricisi oldu. Bundan başqa, Ermənistan işğal edilmiş ərazilərdə yaradılan qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumları” Şuşa şəhərinə köçürmək niyyətində olduğunu bildirib. Məlumdur ki, Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.
Digər tərəfdən, “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində işğal altındakı Kəlbəcər rayonunun ərazisində qanunsuz yaşayış məskəninin salınması da düşmənin üzə çıxan daha bir məkrli əməlidir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq, son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qanunsuz fəaliyyət həyata keçirilib. Məhz belə vəziyyət bir daha düşmənin Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyətindən çox uzaq olduğunu göstərir. Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng Su Anbarı ilə əlaqəli addımlar da təcavüzkarın dinc müstəvidə yola gəlməyəcəyini göstərir. Təbii ki, bu da Qarabağ məsələsinin güc müstəvisində çözümünü qaçılmaz edir. Elə erməni politoloq Stepan Danielyan da Nikol Paşinyan iqtidarı üzündən müharibəni qaçılmaz sayır. Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağ məsələsində dedikləri onun sülh danışıqlarına hazır olmadığını göstərir və bu da Bakıya müharibəyə başlamaq üçün fürsət verir:“Ermənistanın ciddi addımlara qadir olmayan, siyasət tarixinə bələd olmayan populist rəhbərə sahib olduğu növbəti dəfə təsdiqləndi”.
“İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir...”
Məsələni bu rakursdan dəyərləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, müharibənin istənilən vaxt alovlanması tamamilə gözləniləndir. O, burada Türkiyə faktorunu da xüsusi diqqət mərkəzinə gətirir:“Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirdi. Naxçıvanda da baş tutan təlimlərlə Türkiyə göstərmək istədi ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Digər tərəfdən, Türkiyənin bu cür çıxış etməsi, istisna etmirəm ki, Rusiya ilə razılaşdırılan addımdır. Bilirik ki, Qarabağ mövzusunda Ankara-Moskva müzakirəsi təcrübəsi artıq bir neçə ildir mövcuddur. İndi cəsarətli addım atılaraq belə böyük hərbi təlimlərin keçirilməsi, ola bilsin ki, hansısa razılaşmanın nəticəsində baş verir. İlkin nəticələr hər halda bu formada görünür. Həmçinin, bu müddət ərzində biz gördük ki, vasitəçilərin bir institut kimi fəaliyyətinin iflası baş verib. Məsələn, Tovuz hadisələrinin üzərindən bir ay keçməsinə baxmayaraq, biz hər hansı bir təşəbbüs görmürük. Bir neçə ay əvvəl verdiyimiz “ermənilərlə üz-üzə dayanacağıq” kimi proqnoz artıq özünü doğrultdu. Ermənistan tərəfinin siyasətində hansısa dəyişikliklərin baş verəcəyinə inanmıram. İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir. Bunun da nəticəsində görünən odur ki, Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır, bu proses dayanmadan gedir”.
Beləliklə, Tovuz təxribatı və onun ardınca baş verən məqamlar onu göstərir ki, artıq Ermənistanla diplomatik danışıqlar aparmağın heç bir anlamı yoxdur. Bu səbəbdən yaxın tezlikdə yeni Qarabağ savaşı tamamilə gözlənilən sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.