Avropa Parlamentinin sosial-demokratlar qrupundan Azərbaycana yönəliik növbəti məkrli addım atılıb. Belə ki, sosial-demokratlar Azərbaycanın “Şərq Tərəfdaşlığı”ndan çıxarılmasına çağırıb.
Bunu onunla əsaslandırırlar ki, guya Azərbaycan siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı zorakı repressiyalar həyata keçirir: “Bizim qrup “Şərq Tərəfdaşlığı” proqramına yenidən baxılmasına çağırır. Biz siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı zorakı repressiyalara şahid olduğumuz ölkələrlə əməkdaşlıq edə bilmərik. Diktatorlar azad cəmiyyətlərin düşmənləridir. Həm Belarus, həm də Azərbaycan dərhal “Şərq Tərəfdaşlığı” proqramından çıxarılmalıdır”.
Bütün bunlar bir daha sözügedən qurumun qərəzli və riyakar olduğunu ortaya qoyur. Məsələ ondadır ki, insan haqları və demokratiyanın pozulması Ermənistanda daha dəhşətli şəkildə özünü göstərir. Ancaq, nədənsə, Ermənistanın “Şərq Tərəfdaşlığı” proqramından çıxarılması gündəmə gətirilmir. Hansı ki, Paşinyan bütün siyasi rəqiblərini, prezidentliyə namizəd olanları həbsə atdı, repressiyalara məruz qoydu. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Azərbaycanın özü vaxtilə bunların ikili standartına görə “Şərq Tərəfdaşlığı” proqramından imtina etmək istəyirdi. Çünki “Şərq Tərəfdaşlığı” Azərbaycanın ərazi bütövlüyünün tanınmasında ikili standartlara yol verirdi. Ona görə də məhz bu səbəbdən Azərbaycan özü bəzən bu proqramdan çıxmaq istəyir. Ona görə də sosial-demokratların Azərbaycanın oradan çıxarılması ilə bağlı səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur.
“Avroparlament, ümumiyyətlə, Ermənistan hakimiyyətinə hər hansı təzyiq göstərmir”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, bu cür siyasət sırf ikili standartlardan irəli gəlir: “Avroparlamentdəki sosial-demokratlar milliliyi qəbul etmirlər. Müsəlman dövləti olan Azərbaycanda milli dövlətçiliyin inkişafını həzm edə bilmirlər. Ona görə də ölkəmizə yönəlik belə ədalətsiz çağırışlar səslənir. Azərbaycanda guya siyasi qüvvələrə qarşı hansısa repressiyaların olduğunu demək doğru deyil. Sadəcə, bu qüvvələrin məqsədi, nəyin bahasına olursa-olsun, Azərbaycanı qaralamaqdır. Ermənistanda bu gün insan haqları və demokratiya ilə bağlı çox ciddi problemlər var. Paşinyanın ötən iki ildə öz rəqiblərinə qarşı necə amansız olduğunu hamı görür. Ancaq Avroparlament, ümumiyyətlə, Ermənistan hakimiyyətinə hər hansı təzyiq göstərmir. Belə halları görməzdən gəlirlər. Bir də burada xristian təəssübkeşliyi amili var. Məsələ ondadır ki, Avropa sosial-demokratları içərisində, demək olar, müsəlman ölkələrindən heç kəs yoxdur. O baxımdan burada xristian təəssübkeşliyi də var. O üzdən, Azərbaycana təzyiq etməklə Cənubi Qafqazda bizi zəiflətmək istəyirlər. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə siyasətini gücləndirməlidir”.
Ekspertin fikrincə, heç bir xarici təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz.
Vidadi ORDAHALLI