Son vaxtlar sosial şəbəkələrdə belə fikirlər dolaşır ki, guya Rusiya prezidenti Vladimir Putin 100 il əvvəl imzalanmış Sevr müqaviləsindən danışıb. Rusiya prezidenti adından buraxılan şayiələrdə iddia olunur ki, guya Putin deyib ki, müqavilənin 100 ili tamam olur və buna görə də Naxçıvanın Ermənistana verilməsi yaxşı olar.
Biz araşdırmamız zamanı Putinin hardasa belə məzmunda müsahibə verdiyinə rast gəlmədik. Putinin belə fikirlər səsləndirməsi mümkün də deyil. Çünki təcrübəli siyasətçi kimi o bilir ki, Sevr müqaviləsini heç kim tanımayıb və belə bir müqavilə BMT-nin tanıdığı müqavilələrin reyestrinə daxil edilməyib. Ancaq təəssüflər olsun, cəmiyyətimizdə hələ də inananlar var ki, güya Putin tərəfindən belə fikir həqiqətən səsləndirilib. Əslində bu şayiələrin mənbəyi Ermənistandan qynaqlanır. Onların mediasında bu yalan mövzu ilə bağlı kifayət qədər materiallar tirajlanıb. Hətta Ermənistan hakimiyyəti tərəfindən də buna uyğun bəyanatlar verilib. Bir müddət əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Sevr müqaviləsinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyətinin verdiyi açıqlamalara cavab olaraq bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Birinci Dünya müharibəsinin sonunda Türkiyəni məhv etməklə müstəqilliyi və suverenliyi sonlandırmağı hədəfləyən Sevr müqaviləsi işğal və məhv planlarının həyasızlıqla ortaya qoyulduğu ibrət vəsiqəsidir.
Türk xalqının qəhrəmanlıqla mübarizə apardığı qurtuluş savaşından sonra – 24 iyul 1923-ci ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Sevr müqaviləsini çırıb “tarixin zibillityinə” atdığı qeyd edilən bəyanatda əlavə edilir ki, bir əsr keçməsinə baxmayaraq, tarixdən dərs almaq əvəzinə düşmənçilik edənlərin bu sənəddən faydalanmağa ümid etmələri təəccüblü deyil:
“Bu gün öz xalqını dolandırmaq iqtidarında olmayan bir hökumətin 100 il sonra türk millətinin cırıb atdığı “Sevr”i gündəmə gətirməyə cəsarət etməsi absurddur. Məkrli əməllərə aludə olanlar Türkiyənin birlik və bölünməzliyinin davam etdirilməsində qərarlılığının qarşısında həvəslərinin qursaqlarında qalacağına əmin olmalıdırlar. İllərdir Azərbaycan ərazisində qanunsuz işğalı davam etdirən Ermənistan regional sülh və sabitliyin bərqərar olmasına əngəldir. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkməsinin və ağıllı olmasının vaxtı çatıb".
Göründüyü kimi, hətta rəsmi məlumatlarda da həmin müqavilənin heç bir tarixi və hüquqi əhəmiyyət daşımadığı qeyd olunur. Tarixçi alim Dilavər Əzimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, özünə hörmət edən heç bir dövlət başçısı əsası olmayan fikir səsləndirməz: “Bu cür şayiələrin yayılmasında açıq-aşkar erməni təbliğatının dəst-xətti görünür. Sevr müqaviləsini heç kim taınmır. Bu, Osmanlı Türkiyəsi zamanı imzalanan müqavilə olub. Hazırda tarixdə belə imperiya qalmayıbsa, onun imzaladığı sənədlərin də hüquqi əhəmiyyəti yoxdur. Lozzana müqaviləsinin şərtləri həmin müqaviləni tamamilə qüvvədən salmış olur. İkincisi isə, hazırkı dünyanın nizamına görə, bəzən imzalanan müqavilələr heç bir əhəmiyyət daşımır. Bəzən güc amili bütün müqavilələri arxa plana keçirir. Biz şahidi olmuşuq ki, dünyanın super gücləri öz maraqlarını təmin etməkdən ötrü heç bir müqavilə şərtinə əməl etmədən başqa dövlətin ərazisinə qoşun yeridir, oranı öz ərazi vahidinə daxil edir. Bu məntiqlə yanaşsaq, biz də heç bir müqaviləni gözləmədən Ermənistan üzərinə hücuma keçə bilərik. Həm işğal edilmiş ərazilərimizi qaytararıq, həm də tarixi ərazilərimizi bərpa etməyə haqqımız var. Ermənilərin hansısa müqavilədən danışmağa haqqı çatmır, çünki onlar bura gəlmədirlər. Bizim xanlıqlarımızla Rusiya arasında müqavilələr imzalananda heç ermənilər bu ərazilərdə yaşamırdılar. Onlar dövləti Rusiyanın köməyi ilə yaratdıqları üçün, indi də istəklərini Putinin dili ilə ifadə etməyə çalışırlar. Ermənilər kimdir ki, hansısa müqavilə şərtlərinə görə bizə ərazi iddiası qaldırsınlar? Onların bu ərazilərə yerləşdirilmə tarixi 1828-ci ilə təsadüf edir. Onlar Sevrdən yapışmaq istəyirsə, onda biz də Osmanlının imzaladığı əvvəlki müqavilələrdən yapışarıq. Həmin müqavilələrdə qeyd olunur ki, ərəb dünyası və Afrika Osmanlının ərazi vahidinə daxil olub. Ermənilər son proseslərdən bərk qorxuya düşüblər. Xüsusilə də Türkiyənin regiondakı fəallığı onları ciddi narahat edir. Onlar hər zaman ağalarına xəyanət etmiş bir toplumdur. Bilirlər ki, sonları çatıb, bu səbəbdən də başqa oyun oynayırlar. Putin yox, hər kimsə Sevr müqaviləsinə istinad edib hansısa tələb irəli sürsə, ona qeyri ciddi yanaşarlar”.
Bu məsələdə də erməni hiyləsinin əlamətləri açıq görünür. Ermənilər, yaxşı olar ki, müasir zamanda işğal etdikləri ərazilərin boşaldılması barədə düşünsünlər.
Məhəmmədəli QƏRİBLİ