Ağaverdi Xəlilov: “Gəncənin qədim adlarından biri Kanzak olub, amma bu, erməni dilində deyil” Qasım Hacıyev: “...onu erməni sözü kimi qələmə verməsi böyük tarixi cinayətdir”
Azərbaycana qarşı 100 ildən artıqdır əsassız ərazi iddiaları irəli sürən ermənilər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan qədim Gəncə şəhərini “erməni şəhəri” kimi təqdim etməyə başlayıblar. Hətta bu günlərdə Ermənistanın müdafiə naziri Gəncəni “işğal etmək”lə bağlı planlarının da olduğunu bəyan edib.
Bütün dünya yaxşı bilir ki, 4 min ildən artıq yaşı olan Gəncənin yaxından-uzaqdan ermənilərlə heç bir yaxınlığı yoxdur. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər ayaqlarına yer etdikdən sonra Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başlayıblar.
Qazaka (Kanzak) Atropatenanın qədim şəhərlərindən biridir...
Bundan başqa, ermənilər artıq uzun illərdir Gəncənin adını erməniləşdiriblər və Gəncəni bütün kitablarda, xəritələrdə “Kanzaki” kimi təqdim edirlər.
Növbəti erməni həyasızlığının təkzibedilməz sübutu olan bu hadisə nəinki bizi, bütövlükdə, dünya birliyini narahat etməlidir, beynəlxalq ictimaiyyət nəhayət ki, işğalçıya göz dağı verməlidir. Amma beynəlxalq ictimaiyyətin heç tükü də tərpənmir.
Tarixçilərin verdiyi bilgiyə görə, ermənilər Gəncəni bu gün “Kanzaki” adlandırmır, artıq uzun illərdir onlar bu şəhərin adını dəyişiblər və ona qarşı əsassız iddialar irəli sürürlər.
Tarixi mənbələrdə Qazaka (Kanzak) adına rast gəlinir. Mənbələrdə qeyd edilir ki, Qazaka (Kanzak) Atropatenanın qədim şəhərlərindən biridir. Bu şəhər ərəb işğalları dövründən etibarən Gənzə və yaxud Şiz adlandırılıb. Strabonun göstərdiyinə görə, Atropatena şahlarının yay iqamətgahı olan Qazaka düzənlikdə yerləşirdi. Ptolomey Qazakanın coğrafi mövqeyini 83 40 - 39 göstərib. Bütün qədim və orta əsr mənbələrində bu şəhərin indiki Azərbaycana aid olduğu vurğulanıb. Lakin ermənilər öz xislətlərinə uyğun olaraq, tarixi mənbələrlə razılaşmır və özlərinin yaratdıqları saxta mənbələrdən çıxış etmək niyyətini göstərirlər. Erməni “mənbələrində” şəhərin adı Qanzak və ya Kanzak formasında verilib.
“Bu, dünyanın özünə də bir təhdiddir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər bu əsassız iddianı çoxdan irəli sürürlər.
“İşğalçı Ermənistanın məkrli niyyəti və işğalçılıq planları günü-gündən çoxalır, əndazəni aşır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları artıq həyasız bir formada özünü göstərir. Bilirik ki, Gəncə qədim Azərbaycan şəhəridir və bu şəhərin də ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı və işğal etdikləri Dağlıq Qarabağda, ətraf rayonlardakı şəhərlərimizin adlarını erməniləşdiriblər. Bununla kifayətlənməyən ermənilər son dövrlər iddia etdikləri şəhərlərimizin adlarını dəyişdirirlər. Ermənilər Gəncənin adını “Kanzak” qoyublar. Əslində, Kanzak sözünün özünün də ermənilərlə heç bir əlaqəsi yoxdur. Gəncənin qədim adlarından biri Kanzak olub, amma bu, erməni dilində deyil və ermənilərin bu şəhəri belə adlandırması həyasızlıqdır. Gəncə hara, ermənilər hara, onların bu saxtakarlıqlarının, əsassız iddialarının qarşısı beynəlxalq birlik tərəfindən alınmalıdır. Yoxsa, onların həyasızlığı günü-gündən daha da genişlənəcək. Bu, dünyanın özünə də bir təhdiddir.
Deyim ki, Gəncənin adı tarixdə bir neçə dəfə dəyişdirilib. 4000 illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət, 54 il sonra, 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb”.
Karapetyanların “Gəncənin və Şimali Artsaxın sirləri” kitabında əsassız Gəncə iddiaları...
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə də bu, erməni həyasızlığının bir göstəricisidir. “Ermənilər XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən başlayaraq uydurma erməni tarixi düzəltmək üçün həm saxta tarixlər yazdılar, həm də saxta mənbələr işləyib hazırladılar. Bununla yanaşı, onlar ətraflarında olan və onlarla heç bir bağlılığı olmayan ərazilər haqqında saxta tarixlər uydurdular. Onlar əsasən də Azərbaycan əraziləri ilə bağlı belə saxta tarixlər düzəldiblər. Ermənilər bizim ərazilərimizə köçürüldükdən sonra Qarabağ albanlarını əsassız olaraq erməni hesab etdilər və onların tarixini mənimsədilər, 1836-cı ildən onların dini ibadətgahlarını ləğv edərək, onu alban-pravoslav kilsəsinə çevirərək qriqoryanlaşdırdılar. Daha doğrusu, alban kilsələrini alıb qriqoryanlara verdilər. Əslində, o ibadətgahların ermənilərə verilməsi barədə də birmənalı fikirlər yoxdur, bunun da dəqiqləşdirməyə ehtiyacı var. Fakt budur ki, alban xristianlığı məbədini ləğv etdilər. Bundan sonra ermənilər daha çox uydurma məlumatlar yaymağa başladılar ki, harada xristian abidələri varsa, demək, onlar “ermənilərə məxsusdur”. Azərbaycanın müxtəlif yerlərində, Dağlıq Qarabağda və digər ərazilərində ermənilər belə saxtakarlıqlar etdilər, Dağlıq Qarabağı və digər yerlərimizi “erməni torpağı” elan etdilər, sonra isə Azərbaycan da daxil olmaqla, bütün Qafqazı “Böyük Ermənistan”a “daxil etdilər”. Bütün bunlar saxtakarlıqdır. Ermənilər o qədər saxtakarlıqlar ediblər ki, indi özləri də o saxtakarlığın içində çaş-baş qalıblar. Son dövrlərdə isə ermənilər Gəncə, Naxçıvan, Beyləqan haqqında müxtəlif kitablar yazırlar və saxta məlumatlar yayırlar. Ermənistanın saxtakar alimlərinin Kanzak sözünü mənimsəməsi və onu erməni sözü kimi qələmə verməsi böyük tarixi cinayətdir. Hətta Bərdənin özünü belə “Partava” adlandırıb “özününküləşdirmək” istəyirlər. Əslində, bu, fars sözüdür, ermənilər fars sözlərini də öz adlarına çıxırlar və Bərdəyə qarşı da əsassız iddialar irəli sürürlər. Bunların hamısı isə saxtakarlıqdır. Təxminən 15-20 il olar ki, tarixdən, arxeologiyadan anlayışı olmayan Samvel Karapetyan adlı birisi qarşısına məqsəd qoyub ki, “mən Dağlıq Qarabağın arxeoloji tədqiqatı ilə məşğul olub, sübut etməliyəm ki, bura ermənilərə məxsusdur” (?). Onlar vaxtilə Azərbaycan arxeoloqlarının çap olunan tədqiqatlarını köçürərək, harada ki, Azərbaycan yazılmalıdır, ora “Ermənistan” yazıblar. Samvel Karapetyan və Bakur Karapetyanın birlikdə yazdıqları “Taynıy Kanzak, severniy Artsax” (“Gəncənin və Şimali Artsaxın sirləri”) kitabında göstərirlər ki, “Gəncə də, Qarabağ da erməni torpağıdır”. Onlar kitablarında Gəncə və Qarabağa qarşı belə həqiqətəuyğun olmayan iddialar irəli sürürlər. O kitabı açıb oxuyan kimi görürsən ki, erməni müəlliflərin yazdıqları Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatların saxtalaşdırılmış formasıdır. Mən bir məqaləmdə belə bir fikir yazmışdım ki, Azərbaycanı, erməniləri tanımayan başqa ölkə vətəndaşları bu kitabı oxusalar, inanarlar ki, doğrudan da Ermənistan “qədim mədəniyyətə malikdir, bu ərazilər də ermənilərə məxsusdur”. Amma xarici oxucular bilsələr ki, erməni müəlliflərinin yazdıqları ərazilərin heç biri ermənilərə aid deyil, “Ermənistan” sözünün əvəzinə Azərbaycan yazılmalıdır, onda haqq-ədalət öz yerini tapar. Çünki Gəncə də, Dağlıq Qarabağ da Azərbaycana, Azərbaycan türklərinə məxsusdur, buralar bizim torpaqlardır, bizim ərazilərdir. Bu abidələri də, mədəniyyəti də yaradan Azərbaycan türkləridir. Hətta mən “Qarabağın maddi və mənəvi mədəniyyəti” kitabını yazanda orada məsələ belə qoyulmuşdu ki, doğrudan da dünya xalqları, dövlətləri inansın ki, Azərbaycanda mövcud olan qədim xristianlıq da, müsəlmanlıq da eyni xalqa - Azərbaycan türklərinə məxsusdur. Yəni bizim xalqımız əvvəl xristian, sonra isə müsəlman olub. Mən tarixi faktlar əsasında o kitabı yazdım və onu ingilis, fransız dillərinə də tərcümə etdirdim. Xristianlığı ermənilərdən əvvəl albanlar qəbul edib, sonra müsəlman olublar. Bu mədəniyyət, məişət şəraiti Azərbaycan xalqına aiddir. Ermənilər bizim ərazilərimizə gəldikdən sonra bunları oğurlayıblar”.
“Nə Gəncə, nə də Kanzak sözünün ermənilərlə bir əlaqəsi var”
Q.Hacıyevin sözlərinə görə, bunun üçün də, birmənalı şəkildə, dünya bilməlidir ki, Gəncə də, Qarabağ da Azərbaycan xalqına məxsusdur və dövlətimizin ayrılmaz tərkib hissəsidir. “Gəncənin ermənilərə heç bir aidiyyəti yoxdur, nə Gəncə, nə də Kanzak sözünün ermənilərlə bir əlaqəsi var. Karapetyanın məlum kitabında saxta bir xəritə də yerləşdirilib. O saxta xəritədə Gəncə və Qarabağ erməni ərazisi kimi təqdim edilir, o, böyük hiylə və məkrlə Azərbaycan ərazilərindəki qədim xristian abidələrinin əks olunduğu xəritəni göstərərək, “baxın, görün, burada bir dənə də olsun müsəlman abidəsi yoxdur, əgər azərbaycanlılar buranın yerli sakinləridirlərsə, onda niyə bir dənə müsəlman abidəsi yoxdur” - deyir. Bu çox absurd bir məsələdir. O, Azərbaycan türklərinin xristianlıq dövrünü keçməsini kölgədə qoyub müsəlmanlığa çıxır. Dünya oxucuları bilməlidirlər ki, xristianlıq Albaniyada ilk dəfə 4-cü əsrdə yaranıb, VIII əsrin əvvəllərində, ərəblər gələndən sonra isə ləğv olunub. Yerli xalq mütərəqqi din olan islamı qəbul etdi və biz müsəlman dininə keçdik. Amma bu o demək deyil ki, Azərbaycan ərazisindəki xristianlıq abidələri ermənilərə məxsusdur. Ermənilərin burada heç bir abidəsi yoxdur. O vaxt ərəblər bizim torpaqlara gələndə yerli abidələri dağıtmırdılar. Bu abidələr yerli xalqın mədəniyyət örnəyi kimi qorunurdu. Bu, Gəncədə də, Qarabağda da, başqa yerlərdə də belə olub.
Ermənilər uzun illərdir Gəncənin tarixini saxtalaşdırmaqla məşğul olur və həqiqətə uyğun olmayan iddialar irəli sürürlər”.
“Gəncəyə qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur”
Q.Hacıyevin sözlərinə görə, heç kəsin ağlına gəlməzdi ki, XIX əsrdə Azərbaycan torpaqlarına köçürülən ermənilər belə bir iddialara düşərlər. “Heç kəs düşünməzdi ki, gəlmə bir toplum olan ermənilər Azərbaycanın ərazilərinə, tarixi abidələrinə belə həyasızlıqla iddialar irəli sürə bilərlər. Gəncəyə qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur və buna dünya birliyi reaksiya verməlidir. Bir həqiqət var ki, ermənilərin bu iddiaları dünyanın ciddi alimləri tərəfindən qəbul olunmur. Çünki həqiqətin bir üzü var. Azərbaycan alimləri bu həqiqətləri həmişə təbliğ ediblər. Gəncə qədim türk torpağıdır və bu şəhəri bizim babalarımız qurub yaradıb. Gəncə bizim qədim şəhərimizdir, Albaniyanın paytaxt şəhəri idi. Ərəblər dövründə də Gəncə böyük mərkəz kimi mövcud idi və ərəb xilafətinin şimaldakı mərkəzi olub. O vaxt Arran deyirdilər, Gəncə də Arranın mərkəzi şəhəri kimi paytaxt idi” - deyə Q.Hacıyev bildirdi.
Q.Hacıyev, həmçinin, dedi ki, bu gün Azərbaycan tarixçiləri erməni tarixçiləri ilə bir masa arxasında oturub beynəlxalq ictimaiyyət qarşısında onların uydurmalarını, saxtakarlıqlarını ifşa etməyə tam hazırdırlar.
İradə SARIYEVA