19/09/2020 06:40
728 x 90

Ermənistan xalqı hakimiyyətin son hərbi təxribatlarına hesabat istəyəcəkmi...

Seyid Camal Əzimbəyli: “Ölkədə mövcud olan diktatura rejimi buna imkan vermir”

img

“Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir respublikanı heç kim tanımır. Erməni xalqı özünü aldatmasın. Biz ermənilərin irəli sürdüyü bütün şərtləri rədd edirik və zibil qutusuna atırıq. Erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin”. Bu fikirləri Prezident İlham Əliyev Balakən rayonunda “ASAN xidmətin regional mərkəzinin açılışında səsləndirib.

Ölkə başçısının fikrincə, erməni xalqı hakimiyyətin son avantüralarına görə hesab tələb etməlidir: “İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı, nəhayət, başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik”.

Həqiqətən də baş verənlərə görə erməni xalqı ölkə hakimiyyətindən son avantüralarına görə hesab tələb etməlidir. Ancaq, nədənsə, erməni cəmiyyətində sözügedən tendensiya müşahidə edilmir. Maraqlıdır, bunun səbəbi nədir? Vəziyyətin ciddiliyini anlamırlar, yoxsa ölkədə mövcud olan diktatura rejimi buna imkan vermir?

  • “Nə qədər ki, Ermənistan cəmiyyəti bunun hesabını tələb etmir, o zaman bu ölkənin uçuruma doğru getməsi davam edəcək”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, hər iki amilin burada rolu var: “Əvvəla erməni xalqı mənfur bir millətdir. Onlar tarixən başqa ölkələrin ərazisinə, mədəniyyətinə və s. göz dikiblər. Bunların xisləti belədir. Buna rəğmən, son təxribata görə Paşinyandan hesabat tələb olunmalı idi. Çünki iyul ayının 12-14-də Tovuz rayonunda baş vermiş təxribatlardan sonra Azərbaycan Ordusu düşmənə güclü zərbə vurdu. Xalqımızın nümayiş etdirdiyi həmrəylik, xarici ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar erməni cəmiyyətində parçalanmalara, qarşıdurmalara səbəb olub. Bununla belə, Ermənistan hakimiyyətinin törətdiyi təxribat beynəlxalq müstəvidə dəstək qazanmadı. Nəticədə Paşinyan və onun komandası məyusluğa uğradı. Bu baxımdan, əslində, Paşinyana qarşı güclü etirazlar baş verməli idi. Ancaq, görünür, hələ də erməni cəmiyyəti bunun fərqində deyil. Bundan başqa, ölkədə mövcud olan diktatura rejimi buna imkan vermir. Paşinyan demokratiya dalğasında hakimiyyətə gəlsə də, o, diktator idarəçilik sistemi qurub. Onun son iki il ərzində məhkəmə hakimiyyətinə qarşı apardığı siyasət bunu əyani şəkildə sübut edir. Nə qədər ki, Ermənistan cəmiyyəti bunun hesabını tələb etmir, o zaman bu ölkənin uçuruma doğru getməsi davam edəcək”.

Belə məlum olur ki, Ermənistan cəmiyyəti hakimiyyətdən hesab tələb etmədikcə, ölkə uçuruma doğru yuvarlanacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər