Bu gün də adı çəkiləndə insanları vahimələndirən Hitler faşizmi XX əsrdə bütün bəşəriyyət üçün necə böyük dəhşətlər saçırdısa, XXI əsrdə Ermənistanın həyata keçirdiyi faşizm, irqçilik, milli-dini ayrıseçkilik, türkfobiya siyasəti də bir o qədər dəhşətlidir. Özü də bütün bəşəriyyət üçün...
Faşistlər də daşnakların işgəncə mexanizmindən istifadə ediblər?
Son illərin təhlilləri göstərir ki, Ermənistanla faşist Almaniyasının bir-birilə əlaqəsi çox dərindir. Hətta bəzi tarixçilər hesab edirlər ki, faşistlərin qeyri-almanlar, “ari irqi”nə mənsub olmayanlar üzərində tətbiq etdiyi dəhşətli işgəncə mexanizmlərinin işlənib hazırlanmasında Njde və digər daşnakların rolu olub.
Bildiyimiz kimi, İkinci Dünya Müharibəsi illərində faşistlərin buyruq qulu olan Njde, eləcə də başqa daşnaklar 1905-1906-cı, 1918-1920-ci illərdə Azərbaycan türklərinə qarşı həyata keçirdikləri dəhşət saçan işgəncə mexanizmlərini yəhudilərin və digərlərinin üzərində tətbiq ediblər. Bəzi tarixçilər deyirlər ki, daşnaklarla faşistlər birləşməsəydilər, bəlkə də faşistlərin elə dəhşətli işgəncə üsulları olmazdı. Əslində, hər ikisi eyni məqsədə qulluq edən antiinsani, antibəşəri təşkilatların təmsilçiləri olublar. Sadəcə, adları fərqli olub.
“Evə gedən yol” cizgi filmi və Ermənistanın mənfur planları...
“Böyük Ermənistan” xülyası ilə yaşayan və gecə-gündüz bu çürük ideya üçün çalışan ermənilərin yürütdükləri faşizm, daşnakizm və Njdeizm siyasəti nəticəsində artıq bu ölkə region dövlətlərinin ərazilərini işğal etmək planlarını gizlətmir. Bunu bədii kinoda, cizgi filmlərində, uşaq ədəbiyyatı nümunələrində açıq şəkildə ifadə edir.
Yadınıza salaq ki, 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.
Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda erməniləri uşaqlıqdan qonşu xalqlara qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara “Böyük Ermənistan” xülyası təlqin edilir.
Bildirək ki, bu birbaşa daşnak xislətli Ermənistanın yürütdüyü siyasətlə bağlıdır və son 20-30 ildə bu mövzu tez-tez gündəmə gətirilib. Bilirik ki, 23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?" - sualına cavab olaraq Sarkisyan deyib: "Bu sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.
Hitlerin “Böyük Alman Reyxi” yaratmaq istəyi iflasa uğrasa da, irqçilik siyasəti Ermənistana “miras qalıb”
İrqçiliyin, milli-dini ayrıseçkiliyin qəbuledilməz antibəşəri bir məsələ olduğu və bütün beynəlxalq təşkilatların bunu rədd etdiyi bir dövrdə Ermənistanda irqçilik dövlət siyasətinə çevrilib və artıq 30 ildən artıqdır Ermənistan monoetnik dövlətdir. Burada qeyri-ermənilər yaşamırlar. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bu ölkədə tarixən yaşayan Azərbaycan türkləri və başqa qeyri-ermənilər deportasiya edilib, getməyə yeri olmayan yezidi kürdlər isə dinlərini və milliyyətlərini dəyişərək özlərini rəsmən erməniləşdiriblər.
Artıq uzun illərdir Ermənistanın məqsədi “təmiz qanlı ermənilər” yetişdirməyə nail olmaqdır. Necə ki, Hitler almanları xüsusi irqə - “ari irqi”nə aid edərək onları “seçilmiş” millət elan etmişdi, bu gün Ermənistan da eyni yolu gedərək, özlərini bütün xalqlardan “üstün xalq” sayırlar(?).
Bunu dəfələrlə bu ölkəyə rəhbərlik edən şəxslər də açıq şəkildə qeyd ediblər. Bildiriblər ki, Ermənistanın məqsədi insanlar arasına irqi, dini, milli ayrıseçkilik salmaq, öz uşaqlarını qeyri-ermənilərə qarşı nifrət ruhunda böyütməkdir.
Köçəryanların “erməni qanı yaratmaq” niyyəti...
Bildirək ki, Ermənistanın 2-ci prezidenti Robert Köçəryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında “ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğunsuz” olduğunu bildirib. Köçəryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq edib.
R.Köçəryanın ixtisasca həkim olan arvadı Bella Köçəryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında deyib: “Ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir”. Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadıqlarına görə erməni qanının təmiz qaldığını bildirib.
Tamamilə faşist Almaniyasının tutduğu mövqenin davamıdır. Faşist Almaniyasında “Qan və Torpaq” (Blut und Boden) şüarını xatırladır. Qan “təmiz Ariya irqi”nə istinad edir. Bu, eyni zamanda, faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır.
Bu qanunlar almanların “təmizliyini” qorumaq üçün “ari irqi”nə məxsus olmayan şəxslərlə evlənmələrini qadağan edirdi. Ümumiyyətlə, tarixən ermənilər başqa xalqlarla qohum olmağa elə də meylli olmayıblar. Bu da onların başqa xalqlara bəslədikləri nifrətdən irəli gəlir. Zaman-zaman daşnakizm, faşizm siyasətini həyata keçirən Ermənistanın qeyri-multikultural bir ölkə olduğu bütün dünyaya məlumdur. Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər bu ölkədən qovulub. Ermənistan hazırda monoetnik ölkədir. Onu da qeyd edək ki, Hitler faşizmi dövründə Hitler də yəhudiləri və başqa xalqları Almaniydan zorakılıqla çıxarmaqla yanaşı, onları ən ağlagəlməz metodlardan istifadə etməklə qətlə yetirməyə əmr verirdi.
Diktator, faşist Sarkisyanın soyqırım etirafları...
Ermənilər də XX əsrin sonlarına yaxın bu dəhşətləri yenidən Azərbaycan xalqının başına gətirdilər. Hitler yəhudiləri necə soyqırıma məruz qoymuşdusa, köçəryanların, balayanların, sarkisyanların və başqa daşnakların göstərişi və iştirakı ilə 1992-ci il fevralın 26-da Xocalı soyqırımı törədiblər. Soyqırımda iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirib. Hitler Almaniyasında da almanların seçilmiş ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.
Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir. Yeri gəlmişkən, ermənilər həm də faşizm, daşnakizm və Njdeizm siyasətini dərsliklər vasitəsilə təbliğ edir, şagirdlərdə irqçilik kimi mənfur fikirlər, düşüncələr formalaşdırırlar. Bu isə Ermənistanın gələcək üçün daha irqçi, daha şovinist, işğalçı bir nəsil yetişdirmək planlarını açıq şəkildə ortaya qoyur. Faşist diktaturasının hökm sürdüyü və əli milyonlarla günahsız insanın qanına batan Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyi daşnakların, faşistlərin bir-birilə heç nə ilə fərqlənməyən siyasətini davam etdirir.
İradə SARIYEVA