Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb. Erməni KİV-nin verdiyi məlumata görə, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var. Bildirilir ki, Rusiya xarici işlər nazir vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir.
Rəsmi tərcümeyi-halında bildirilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Mətbuatın yazdığına görə, Lavrovun atası Kalantaryan soyadlı bir Tiflis ermənisi olub. Daha sonra o, anası Valeriya Borisovna Lavrovanın soyadını götürüb.
17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşdu ki, erməni əsilli olmaq onu narahat edirmi?
Lavrov cavab verdi:"Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur".
Ermənistan mediası və daha doğrusu Paşinyan Lavrovun erməni mənsubiyyətini yenidən ictimailəşdirməklə Moskvaya hansı mesajı vermək istəyir?
“Lavrov səviyyəsində şəxsin ölkəsinin milli maraqlarını erməni kartı ilə əvəz etməsi inandırıcı görünmür”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla ermənilər öz xislətlərini yenidən ortaya qoyublar:“Bir daha sübut edirlər ki, onlar məqsədə çatmaq üçün istənilən vasitədən, hətta şantajdan belə məharətlə istifadə edirlər. Bir çox hallarda milli mənsubiyyət məsələsini qabardaraq çox istəklərini həyata keçiriblər. Lavrovla bağlı məsələninin məhz indiki məqamda ictimailəşməsi təsadüfi deyil. Bu, Tovuz hadisələri ilə bağlı ermənilərin rastlaşdığı diplomtaik uğursuzluqdan doğan addımdır. Çünki Ermənistan həmin hadisələrdə gözlədikləri dəstəyi ala bilmədi. Xüsusilə də Lavrovun neytral yönümlü açıqlamaları onları heç də qane etməyib. Bir çox müxalifyönümlü erməni analitikləri hesab edir ki, KTMT-nin həmin hadisələr dönəmindəki davranışı Ermənistana vurulan ən böyük zərbə olub. Bilirsiniz ki, onlar həmin vaxt Rusiyanın nəzarəti altında olan KTMT-dən daha ciddi dəstək gözləyirdilər. Təxribatı da buna hesablayaraq, məhz dövlət sərhədində törətmişdilər. KTMT həmin məsələnin müzakirəsini ümumiyyətlə gündəliyə daxil etmədi. Rusiya çox böyük ölkədir. Lavrovun hətta erməni olması belə həmin ölkənin dərin siyasətini dəyişə bilməz. Bununla bir daha sübut olunur ki, Ermənistan təbliğatı hansı primitivliklə çalışır. Görünür, jurnalist karyerası dönəmində Paşinyan belə şantaj metodlarından çox istifadə edib. Rusiya hakim dairələrində, xüsusilə də informasiya resurslarında çoxlu sayda erməni çalışır. Onların Ermənistana verdiyi dəstək danılmazdır. Ancaq Lavrov səviyyəsində şəxsin ölkəsinin milli maraqlarını erməni kartı ilə əvəz etməsi inandırıcı görünmür. Hətta ürəyində bu istək olsa belə, hansısa addımı Rusiya rəhbərliyi ilə razılaşdırmadan ata bilməz. Çox uğursuz bir şantaj vasitəsi sayıram. Yaxşı olar ki, ermənilər bunun əvəzinə daha konstruktiv addımlar atmaq barədə düşünsünlər”.
Erməni amili hər zaman rol oynayıb. Ancaq Lavrovla bağlı ermənilərin apardığı təbliğat olduqca diletant görünür.
Məhəmmədəli QƏRİBLİ