İyulun 12-də işğalçı Ermənistanın silahlı bölmələri tərəfindən növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz istiqamətində mövqelərimiz ağır artilleriyadan və minaatanlardan atəşə tutulmağa başladı və bir neçə gün davam edən döyüşlərdə şanlı Azərbaycan ordusu Ermənistan ordusuna ağır zərbə vurdu. Müharibə isə həm də informasiya cəbhəsində genişləndi. Belə məqamda Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın diaspora nümayəndələrinə müraciət etdi. Mehriban Əliyevanın müraciətindən sonra dünya azərbaycanlıları daha mütəşəkkil formada birləşərək, birlik, həmrəylik nümayiş etdirərək dünyanın müxtəlif ölkələrində dinc, qanuni aksiyalar keçirdilər. Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, əsgərlərimizə dəstək nümayiş etdirdilər, işğal altındakı torpaqlarımızın işğaldan azad olunmasını tələb etdilər. Bu, qürurverici bir mənzərə və Mehriban Əliyevanın müraciətinə adekvat reaksiya idi. Erməni diasporunun, erməni lobbi qruplarının təxribatlara əl atacağını nəzərə alaraq, Birinci vitse-prezident diasporumuzu təxribatlara uymamağa və aksiyaları dinc, hüquqi müstəvidə keçirməyə çağırdı.
Məlum müraciətlə Mehriban xanım Əliyeva Azərbaycan diasporunun hansı güclü tərəflərini təhlil etdi və bunun diasporumuzun gələcək fəaliyyəti üçün hansı əhəmiyyəti var?
“Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”
Azərbaycan diasporunun fəal üzvlərindən olan Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son hadisələrin fonunda Azərbaycan diasporu daha mütəşəkkil göründü:“Bəlkə də ilk dəfəydi ki, erməni diasporunun qarşımızda necə gücsüz vəziyyətdə olduğunu anladıq. Biz daima dünyada erməni diasporunun güclü olduğundan şikayətlənirdik. Bunun da əsaslı səbəbləri var. Cünki onlar bu fəaliyyətə 100 illərdi başlayıblar. Biz isə həmin güclü erməni diasporunun qarşısına yalnız müstəqillik əldə etdikdən sonra təşkilatlanaraq çıxdıq. Milli məsələ ilə bağlı diasporumuz vahidlik nümayiş etdirə bildi. Ortaya döyüşkən ruhunu qoydu. Ermənilər, ənənələrinə sadiq qalaraq, təxribatlar törətməyə cəhd etdilər.
Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə çox aktual və adekvat müraciəti oldu. Müraciətdə qeyd edilir ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.
Bildirildiyi kimi, erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən təşkil edilir və maliyyələşdirilir.
Mehriban xanım haqlı olaraq müraciətində çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb. Lakin nədənsə, hələ onların səsləri eşidilmir.
Mehriban xanım Əliyeva müraciətində, həmçinin, bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporun bütün potensialını birləşdirməyə çağırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi, baş verən hadisələrin obyektiv qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, diasporumuza göstərilən bu yüksək diqqət həmin sahədə olan bəzi xırda çatışmazlıqları da aradan qaldırcaq”.
Birinci vitse-prezidentin məlum müraciəti həm diasporumuzun toparlanması, həm də necə fəaliyyət göstərməsi, hansı addımları atması baxımından böyük məsləhətçi əhəmiyyət daşıdı.
Məhəmmədəli QƏRİBLİ