Tovuz cəbhəsində baş verən erməni təxribatından sonra bütün dünyada ermənilərə qarşı münasibət ciddi şəkildə, özü də mənfi yöndə dəyişsə də, təəssüf ki, bəzi ermənipərəst qüvvələr hələ də ermənilərə havadarlıq etməkdə bulunur. Keçmişdə də, indi də ABŞ Konqresində erməni saxtakarlığına qol-qanad verənlər tapılır. Belə ki, ABŞ Konqresində kəşfiyyata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlanması təklif edilib.
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff kəşfiyyat haqqında qanuna düzəliş layihəsini komitənin müzakirəsinə təqdim edib. Düzəliş gələn həftə müzakirə olunacaq və komitə tərəfindən təsdiq edilərsə, Konqresə göndəriləcək. Nümayəndələr Palatası ilə Senat tərəfindən eyni formada qəbul olunarsa və Prezident tərəfindən imzalanarsa, qüvvəyə minəcək.
Düzəlişə əsasən, 90 gün ərzində konqresmenlərə iki hesabat təqdim ediləcək – açıq və qapalı. Hesabatda aşağıdakı müddəalar yer almalıdır:
- ABŞ və onun Ermənistandakı, habelə Azərbaycandakı tərəfdaşlarının strateji maraqları nədən ibarətdir?
- Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi zonasında güc tətbiqi və təcavüz mənbəyi kimlərdir?
- ABŞ-ın Azərbaycana və Ermənistana hərbi yardımı necədir və bu, Cənubi Qafqaza necə təsir göstərir?
-Dağlıq Qarabağ münaqişəsi zonasında yaxın və ortamüddətli perspektivdə güc tətbiqi ilə bağlı proqnozlar necədir?
“Ermənilər Şiffin ətəyindən yapışıblar ki, bəlkə o, onlara bir kömək edə bilər, amma bu faydasızdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, Şiffin sərgilədiyi ermənipərəst mövqe və onun hazırladığı qanun layihəsi ermənilərin xilası üçün müsbət heç nə vəd etmir. Bunun növbəti başaldatma olduğunu deyən Q.Hacıyev hesab edir ki, işğalçı, təcavüzkar dövlət Ermənistandır və o, uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlayır, eyni zamanda da ərazi bütövlüyümüzü təkrar pozmaq üçün təxribatlar törədir. Q.Hacıyev hesab edir ki, Şiffin təqdim etdiyi layihəyə edilən düzəlişlər komitə tərəfindən təsdiqlənməyə də bilər. “Doğrudan da Ermənistan rəhbərliyinin və xaricdəki erməni diasporunun həyasızlığı artıq həddləri keçib. Erməni həyasızlığı, məkri onların siyasətdə də hiyləgər, fırıldaqçı mövqe tutmasına kömək edir. Azərbaycanın son dövrlər beynəlxalq mövqeyinin daha da güclənməsi, düşmən ölkənin həyata keçirdiyi axırıncı təcavüz təxribatlarının iflasa uğraması, dünya azərbaycanlılarının Prezident İlham Əliyevin ətrafında sıx birləşmələri, ölkə başçısına və ordumuza ciddi dəstək nümayiş etdirmələri və sair məsələlər erməniləri çaş-baş salıb, bilmirlər ki, hara, nəyə əl atsınlar. Bu gün Ermənistan dünyanın gözündən düşüb, beynəlxalq aləm artıq onun hansı məqsədə qulluq edən bir ölkə olduğunu bilir. Ermənilər yaxşı anlayırlar ki, Azərbaycana qarşı etdikləri bütün təxribatların cavabını alıblar, yenə də alacaqlar. Bu səbəbdən də çox vahimələnirlər. Çünki indiyə qədər təcavüzü də, işğalı da, qətliamları da, təxtribatları da Ermənistanın siyasi-hərbi rəhbərliyi həyata keçirib. Azərbaycan dövləti, siyasi-hərbi rəhbərliyi respublikamızın ərazi bütövlüyünün təmin edilməsini istəyir. Bu baxımdan, ermənilərin öz adlarını başqasına qoyması yolverilməzdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi cinayətkardır və bunu bütün dünya bilir. Tovuz hadisələri Ermənistanın siyasi-hərbi rəhbərliyini, sözün həqiqi mənasında, ifşa etdi. Ermənistan Tovuz cəbhəsində törətdiyi təxribata qədər belə ifşa edilməyib, siyasi sarsıntı keçirməyib. Amma son hadisə Ermənistanı siyasi cəhətdən sarsıtdı, onların beynəlxalq aləmdə olan dayaqları sarsılıb. İndi də ermənilər Şiffin ətəyindən yapışıblar ki, bəlkə o, onlara bir kömək edə bilər, amma bu faydasızdır. Bilirik ki, ermənilər haqlı olmasalar da, ABŞ Konqresində və digər yerlərdə az da olsa onlara havadarlıq edənlər tapılır. Şiffin kəşfiyyat haqqında qanuna düzəliş layihəsini hazırlamaqda məqsədinin nə olduğu aydındır. Şiffin bunu özbaşına etmədiyi, ABŞ-dakı erməni lobbisinin təzyiqi ilə etdiyi gün kimi aydındır. ABŞ həmsədr ölkədir və bu məsələdə onun tərəfsizliyi özünü büruzə verməli olduğu halda, erməni lobbisinin dirijor çubuğu ilə Şiff ortaya çıxır, belə bir işlər görür. Ermənilər gecə-gündüz yatmayıb Konqres üzvlərinin qapısını döyməklə məşğuldurlar. Amma hesab edirəm ki, Şiffin hazırladığı bu qanun layihəsi ermənilərin köməyinə çatmayacaq. Ona görə ki, münaqişəyə dair obyektiv araşdırma aparılarsa və hesabat, birmənalı olaraq, bu şəkildə tərtib edilərsə, bu, ermənilərin növbəti iflası ilə nəticələnəcək. Hesabatı hazırlayanlar obyektiv yanaşsalar görəcəklər ki, işğalçı dövlət Ermənistandır. Onda onlar tələb etməlidirlər ki, ABŞ və başqa ölkələr bu ölkəyə hərbi yardımları dayandırsınlar, Ermənistan Azərbaycana qarşı təcavüz siyasətindən əl çəksin, Azərbaycan torpaqlarının işğalına son qoysun” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA