14/08/2020 20:39
728 x 90

Cənublu soydaşlarımız da erməni təcavüzü ilə mübarizə naminə səslərini çıxardılar...

Dilavər Əzimli: “Bu bəyanatı nəinki dəstəkləyirəm, hətta öz bəyanatımız sayıram”

img

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi  Ermənistanın Tovuzda törətdiyi təxribata və dünyanın bir çox şəhərlərində soydaşlarımıza qarşı müşahidə olunan erməni vəhşiliyinə öz etirazını bildirən bəyanat qəbul edib. 

Bəyanatda bildirilir ki, 1988-ci ildə Ermənistan tərəfinin Azərbaycanın tarixi torpaqlarına qarşı açıq şəkildə ərazi iddiaları və etnik zəmində təxribatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib və Azərbaycan ərazisinin 20 faizi işğal edilib:“Hərbi təcavüz dövründə erməni ordusu işğal etdikləri rayon və şəhərlərdə hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc əhalini amansızlıqla qətlə yetirib və azərbaycanlılar etnik təmizləmə və soyqırıma məruz qalıblar. 1993-cü ildə beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətiylə bağlı 882, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin beynəlxalq qətnamələrə məhəl qoymayan təcavüzkar Emənistan öz işğalçı siyasətini davam etdirməkdədir və zaman-zaman Azərbaycanın işğal olunmuş ərazilərindən əlavə digər sərhəd bölgələrində də gərginliklər yaradır. 12 iyul 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini toplarla atəşə tutdu. Bu hərbi təcavüz erməni işğalçılarının Azərbaycan ərazilərində davamedici işğal planlarını, həmçinin Azərbaycanın beynəlxalq strateji əhəmiyyətli enerji və logistik şəbəkələrini təhlükə altına salmaq məqsədilə başladılan təxribatçı planlarını gerçəkləşdirmə cəhdidir”.

Bəyanatda daha sonra qeyd olunur ki, Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından Azərbaycanın paytaxtı Bakı şəhəri başda olmaqla, Güney Azərbaycanın müxtəlif şəhərlərində, İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə kütləvi aksiyalar təşkil olunub:“Minlərlə azərbaycan türkü Azərbaycan torpaqlarının müdafiəsi üçün milli-hərbi səfərbərliyə hazır olduğunu bəyan edib. Ermənistanın təzavüzkar əməllərinə ciddi etirazlarını bildirən Güney Azərbaycanda yaşayan azərbaycanlılar “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!” şüarları ilə Azərbaycan respublikasının Ali Baş Komandanın milli səfərbərlik fərmanını gözlədiklərini və minlərlə könüllü bu səfərbərliyə qoşulmaq istədiklərini ünvanladıqları müraciətlərlə bildiriblər. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində Ermənistanın hərbi təcavüzünə qarşı keçirilən sivil və icazəli aksiyalar təşkil edilib.

Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq, millətimizin Vətən naminə milli birlik və erməni işğalında olan torpaqlarımızın azad edilməsinə qoşulma istəyini alqışlayırıq və bildirirk ki, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı milli səfərbərlik əmrini gözləyir. Şübhəsiz ki, bu səfərbərlik elan olunduğu halda yüz minlərlə azərbaycanlı könüllü olaraq bu savaşa qoşulacaq və Vətənimiz Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini sona qədər qoruyacaq”.

Güneyli soydaşlarımız tərəfindən ünvanlanan bu bəyanatı necə  qiymətləndirmək olar?

Tarixçi alim Dilavər Əzimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman tarixən bir olub:“Bizi xəritədə bölsələr də, təfəkkür baxımından bir olmuşuq. Mən hər zaman tərəfdarıyam ki, təqdim edəndə Azərbaycanın Güneyi, Quzeyi yazaq. Bu tərəfdə Rusiya işğalı oldu, dəfələrlə adımızı dəyişdilər. Ötən əsrin 25-ci ilində Cənubda  Pəhləviləri gətirdilər hakimiyyətə. Onlar da adı iranlı etdilər. Bütün bunlar bizim təfəkkürümüzü dəyişə bilmədi. Baxın, təxminən 20 illik fərqi müqayisə edin. Ordakı bir “Traxtur” futbol komandasının etdiyini heç böyük təşkilatlar edə bilmədi. Milli təfəkkürün, oyanışın güclənməsi Cənubda sürətlə gedir. Tovuz hadisələri bunun bariz nümunəsidir. Əslində həmin hadisə bütün dünya azərbaycanlılarını Quzey ətrafında cəmləşdirdi. Proseslərin episentri Bakı oldu. Bunun özü bütövlüyə aparan yolun ən böyük addımlarından sayıldı. Mənim yadıma gəlir ki, 20 yanvar qırğınlarından güneyli soydaşlarımızın xəbəri olmayıb. Yerli kanallar həmin hadisə barədə heç bir xəbər verməyib. Güneyli qardaşlarımız deyir ki, bu hadisələrin təfərrüatı barədə bir neçə il sonra Türkiyə kanallarından öyrənə biliblər. Artıq texnologiyalar elə inkişaf edib ki, güneyli soydaşlarımız burdakı hadisələrdən dərhal xəbər tuturlar. Tovuz hadisələri ilə bağlı Güneydəki soydaşlarımızın belə hərəkətə keçməsi gözlənilən idi. Mən daha böyük hadisələr gözləyirəm. Bu bəyanatı nəinki dəstəkləyirəm, hətta öz bəyanatımız sayıram. Çox təəssüf ki, Cənubda Azərbaycan ordusuna verilən dəstək aksiyalarında çoxlu sayda soydaşımız saxlanıb. Onların arasında xanımlar da çoxdur. Mən İran hakimiyyətindən təcili şəkildə həmin şəxslərin azad edilməsini tələb edirəm. Soydaşlarımız öz hüquqlarından istifadə edib bizə dəstək ifadə ediblərsə, burada heç bir həbsdən söhbət gedə bilməz”.

Təbiidir ki, dünyanın ən çox azərbaycanlısı məhz Güneydə yaşayır. Bu baxımdan da, milyonlarla soydaşımızın istənilən vaxt bizim harayımıza gəlməyə hazır olduqlarını bəyan etməsi olduqca möhtəşəm səslənir.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər