12/08/2020 22:55
728 x 90

Azərbaycan hərbi aviasiyasını daha güclü hala gətirir... İrəvan Bakı-Ankara hərbi işbirliyinin yeni şokunda...

img

Azərbaycan və Türkiyənin hərb müstəvisində münasibətlərini dərinləşdirməsi təkcə Ermənistanda yox, dünya miqyasında artıq xüsusi diqqətlə izlənir. Amma təbii ki, hazırda bundan ən çox narahatlıq Ermənistanda müşahidə olunur. Xüsusən də iki ölkənin hərbi təlimləri fonunda Türkiyə hərbi texnikasının Azərbaycana gəlişi Ermənistanda şok effekti yaradıb.

Ermənistanda diqqət ona yönəlir ki, Türkiyə bu dəfə təlim üçün Azərbaycana əvvəlkilərlə müqayisədə daha çox hərbi texnika göndərib. Bura, xüsusən də aviasiya qüvvələri aid edilir. Bu fonda qardaş ölkənin “Yeni Şəfəq” nəşri də yazır ki, Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın F-16 qırıcısını  təlimdə iştirak etmək üçün Azərbaycana göndərib. Qırıcıların artıq Bakıya çatdığı qeyd edilib:“Türk F-16-ları təlim müddətində Azərbaycan səmalarında qardaşa güvənc, düşmənə qorxu verəcək. “TurAz qartalı” hava təlimi Ermənistanın hücumuna məruz qalan Tovuza yaxın olan Gəncə ilə yanaşı, Kürdəmir və Yevlaxda da icra ediləcək”. Burada xatırlamaq yerinə düşərdi ki, hərbi hava qüvvələri baxımından da Türkiyə dünyanın ən güclü ölkələrindən sayılır. Məlumat üçün qeyd edək ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrində, mülki şəxslər də daxil olmaqla, təqribən 50 min nəfər xidmət edir. Ölkədə bərabər paylanan 15 aviabazadan istifadə edilir. Bütün bunlar hərbi hissələri Türkiyənin bütün hava məkanında və ətraf bölgələrdəki fəaliyyətlərə cəlb etməyə imkan verir. Aktiv qırıcı-bombardmançı aviasiya hazırda müxtəlif növ vasitələrdən istifadə edərək 9 eskadrilya ilə təmsil olunur. İki taktiki kəşfiyyat eskadrilyası mövcuddur. Türkiyə Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının əsasını bir neçə modifikasiyalı F-16 qırıcı-bombardmançıları təşkil edir. Ümumilikdə Türkiyədə bu tip 240-dan çox təyyarə mövcuddur. Onların az bir hissəsi də təlim eskadrilyaları tərəfindən istismar olunur. İkinci tip döyüş təyyarələrinə 48 ədəd F-4E qırıcısı daxildir. Gələcəkdə xeyli sayda müasir F-35-lərin alınması planlaşdırılırdı, lakin bu, siyasi səbəblərə görə hələlik dayandırılıb. Ankara yerli istehsal hesabına bu məsələni çözməyə hazırlaşır. Amma indilikdə Türkiyə Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları (PUA) istiqamətini də fəal şəkildə inkişaf etdirir. Silahlanmada kəşfiyyat və zərbə tipli PUA-lar mövcuddur. Zərbə PUA parkına 100 ədədə yaxın "Bayraktar TB2" və 15-16 ədəd TAI ANKA aparatı daxildir. Bu avadanlıqların tədarükü fasiləsiz davam edir. Belə dronlar hava qüvvələri tərəfindən qaynar nöqtələr üzərindəki səmada fəal şəkildə istifadə olunur.

Artıq məlumdur ki, Ankara belə aviasiya vasitələrini Azərbaycana da çatdırmağa hazır olduğunu bildirir. Bunu da İrəvan özü üçün əsas təhlükələrdən biri sayır. Elə erməni mediasına açıqlamasında “Qarabağ qəhrəmanı” kimi tanınan general Arkadi Ter-Tadevosyan da Bakı və Ankara arasında belə işbirliyinin Ermənistan üçün sarsıdıcı xarakterə malik olduğunu bildirir:“İkinci Dünya müharibəsindən sonra Türkiyənin bu qədər aktivliyini görən olmamışdı. Türkiyə-Azərbaycan təliminin də, bu mənada, Tovuz hadisələrindən dərhal sonra başlaması təsadüf hesab edilə bilməz. Sərhəddə son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərdi. Biz Rusiyanı tənqid edirik, amma pis odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz haqda danışmırıq. Rusiyanın həmişə bizim taleyimizdə müsbət rol oynadığını deyə bilmərəm, amma bizim başqa dostumuz yoxdur. Deyəsən, Ermənistan tək qalıb”. O bildirib ki, indi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər. Bu halda erməni ekspert Türkiyənin Azərbaycana, aviasiya da daxil olmaqla, müxtəlif silahlar satmaqda heç bir tərəddüd etməyəcəyini bildirir. Bura hətta F-16 qırıcıları da aid olunur. Bir müddət əvvəl rusiyalı hərbi ekspert Pavel Felgenhauer də bildirmişdi ki, Azərbaycan, Ermənistanın Rusiyadan SU-30SM qırıcıları almasına cavab olaraq, Türkiyədən F-16 təyyarələri ala bilər. Onun sözlərinə görə, Türkiyə ABŞ-la birgə F-16 istehsalını və ixracını həyata keçirir:“Onlar F16 hərbi təyyarələrinin lisenziyalı istehsalı ilə yanaşı, ixracını da həyata keçirirlər. Məsələn, Misirə satırlar. Azərbaycana da sata bilərlər, bunun üçün ABŞ-la müqavilə imzalanmalıdır. Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə ABŞ-la belə bir müqavilə imzalana bilər və bu ehtimal yüksəkdir. Bu, Türkiyə üçün də sərfəlidir. Çünki Türkiyə bundan gəlirlər əldə edəcək”. Ermənistanda isə hesab edirlər ki, bununla Azərbaycan aviasiya üstünlüyünü daha da artıracaq.

Onu da qeyd edək ki, əvvəlki təlimlərdə Azərbaycan pilotları artıq F-16 təyyarələrindən istifadəni mənimsəyiblər. Türkiyə ilə budəfəki təlimlərdə də pilotlarımızın F-16-lardan istifadə etməsi gözlənir. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Tahir TAĞIYEV

 

Son xəbərlər