“Xalq qəzeti”nin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Həsən Həsənov da Prezident İlham Əliyevə müraciət edib.
“Azərbaycan Respublikasının Prezidenti kimi Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız”.
H.Həsənov qeyd edir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin xarici siyasət doktrinasının yeni taktiki gediş və manevrlərlə zənginləşdirilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb, onu regionun lider dövlətinə çevirib. “Dünyanı bürüyən iqtisadi təlatümlər və maliyyə böhranı şəraitində nəzərdə tutulmuş bütün proqramların, infrastruktur layihələrinin sistemli surətdə həyata keçirilməsi ölkəmizin qüdrətinin, Sizin müdrik siyasətinizin düzgünlüyünün əyani təsdiqidir. Fəxr edirik ki, Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük uğurlar və zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün unikal model rolunu oynayır...
Müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir və yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 30 iyun 2020-ci il tarixli Sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılandı... İyulun 22-də imzaladığınız sərəncama uyğun olaraq, kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk” - deyə H.Həsənov bildirib.
Baki-xeber.com