Ermənistan son həftələrdə Tovuz istiqamətində hərbi təxribat göstərməklə yanaşı, həmçinin, işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntı işlərini gücləndirib. Rəsmi erməni saytlarından məlum olur ki, Tovuza qarşı uğursuz hərbi əməliyyatlar başlayan gündən Ağdam rayonu ərazisində yerləşən Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntıları bərpa ediblər.
Qazıntıların məqsədi Ağdam ərazisində “Tigranakert” adlı “erməni şəhəri”nin mövcudluğunu sübut etməkdir. Həmçinin, Ermənistan Elmlər Akademiyasının rəsmi məlumatına görə, avqust ayında Şuşa ətrafında bir neçə arxeoloji ekspedisiyanın fəaliyyətə başlaması planlaşdırılıb. Məlumdur ki, regionda koronavirus (COVID 19) infeksiyasının yayılması baxımından Ermənistan birinci yerdədir. Bununla belə, işğal olunmuş ərazilərimizdə arxeoloji ekspedisiyaların fəaliyyəti, görünür, işğalçı ölkənin siyasi maraqlarına xidmət edir.
“Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri qanunsuz arxeoloji qazıntılarla bağlı ölkəmizin etirazı...”
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Qarabağda Neolit-eneolit dövrü abidələrinin tədqiqatçısı Xəqani Alməmmədov ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərində növbəti arxeoloji qazıntılara start verməsinə etiraz etdiyini bildirməklə yanaşı, qeyd etdi ki, onlar bununla təxribata yol verirlər, lakin beynəlxalq qurumlar isə hələ də susurlar.
“Ermənilər uzun illərdir torpaqlarımızı işğal altında saxlayır və burada qanunsuz arxeoloji qazıntılar həyata keçirirlər. Keçən il onlar “Tigranakert”i öyrənmək üçün 80 min avro pul xərcləmişdilər. Ermənilər bizim torpaqları işğal edib və orada öz qondarma respublikalarını elan ediblər. Əlbəttə, bu tamamilə qanunsuzluqdur. Ermənilər hazırda qondarma “DQR”in “ideoloji əsasları”nı yaratmağa cəhdlər edirlər ki, özlərinin burada “qədim xalq” olduğunu “sübut” etsinlər. Bu da, əlbəttə ki, tarixi saxtalaşdırmaq və böyük təxribatdır. Bunun üçün isə əsas vasitə kimi arxeologiyaya üz tuturlar. Onlar təkcə Şahbulaqda arxeoloji qazıntılar aparmayıblar, Şuşa ətrafındakı bütün kurqanları qazıblar. Ermənilər qanunsuz arxeoloji qazıntıları aparmaqla təxribatlarını davam etdirirlər. Bu saat oralar nəzarətsiz ərazidir və ermənilər də orada ağıllarına gələni edirlər. Arxeologiya və Etnoqrafiya İnstitutu da, əməkdaşlarımız da ermənilərin bu qanunsuz hərəkətlərinə dəfələrlə etirazlarını bildiriblər. O ərazilər bizimdir və onlar bizim torpaqlarımızda qanunsuz qazıntı işləri aparır, abidələrimizi mənimsəməyə çalışırlar. Hər dəfə onlar qanunsuz qazıntılara başlayanda biz onlara öz etirazımızı bildiririk, məqalələr yazıb xarici ölkələrdə çap etdiririk, amma təəssüflər olsun ki, buna əhəmiyyət verilmir. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri qanunsuz arxeoloji qazıntılarla bağlı Azərbaycanın etirazı BMT-də, ATƏT-də, digər beynəlxalq təşkilatlarda da səsləndirilib, amma nəticə yoxdur. Beynəlxalq aləm ermənilərin bu təxribatlarına göz yumur. Nəticəyə nail olmaq üçün mütləq torpaqlarımızı işğaldan azad etməliyik. Ermənilərin bu qanunsuz əməllərinin qarşısını ancaq torpaqlarımızı işğaldan azad etməklə almaq olar. Başqa variantımız yoxdur”.
X.Alməmmədov hesab edir ki, bu gün erməni işğalı altında olan torpaqlarımızda beynəlxalq qanunlar işləmir. Ermənilərin öz qanunsuz əməllərini davam etdirdiyini, BMT-ni, UNESCO-nu eşitmədiyini deyən X.Alməmmədovun fikrincə, torpaqlarımızın işğaldan azad edilməsi bu problemin həllinə gətirib çıxaracaq.
İradə SARIYEVA