15/08/2020 20:45
728 x 90

"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regional sabitlik və təhlükəsizliyin müqayisəolunmaz faktorudur" – Aydın Quliyev

img

"Birgə keçirilməsinə hazırlıq gedən Türkiyə-Azərbaycan hərbi təlimləri iki ölkənin hərtərəfli əməkdaşlığının sürətlə dərinləşdiyini göstərən növbəti faktdır. Azərbaycanla Türkiyənin həqiqətən qardaş ölkələr olduğu bir daha təsdiqlənir." Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Siyasi ekspert qeyd edir ki, birgə hərbi təlimlər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının zəruri və ayrılmaz tərkib hissəsidir: "Bütün dünyanın gözləri qarşısında bir daha nümayış olunur ki, Azərbaycan-Türkiyə münasibətlərinin məzmun və nəticələrinə görə analoqu yoxdur. Artıq uzun illərdi ki, bu iki ölkənin hərbi təlimləri ənənə şəklini alır və hər il də öz mahiyyətinə və formasına görə yenilənir."

Aydın Quliyev vurğulayır ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilbəil yenilənmə və təkmilləşmə prosesindədir: "Birgə təlimlər iki ölkə rəhbərliyinin bir-birini yaxşı anladığının ifadəsidir. Hər il yeniləşən birgə hərbi təlimlər iki ölkənin münadibətlərində həllolunmaz bir məsələ olmadığını da sübut edir. Bu il birgə təlimlərə hərbi hava qüvvələrinin də cəlb olunması ciddi effekt yaradan hadisədir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regional sabitlik və təhlükəsizliyin müqayisəolunmaz faktorudur. Hərbi əməkdaşlıq hər iki ölkənin cari və strateji maraqlarının stabil təmin olunmasında böyük rol oynayır."

Regional və qlobal beynəlxalq münasibətlərin indiki vəziyyəti baxımından Azərbaycan-Türkiyə hərbi təlimlərinin əhəmiyyəti daha da artdığını bildirən Aydın Quliyev qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədlərində gərginliyi artırmaqda maraqlı olan erməni siyasi dairələrinin fəallaşmaq cəhdləri səngimir: "Şübhə yoxdur ki, təcavüzkar ölkə regionumuza kənar hərbi -siyasi qüvvələrin müdaxiləsinə imkanlar açmağa çalışır ki, bu da bütün regional sülh və təhlükəsizliyi təhdid altına alır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dərinləşməsi Ermənistanın regional sülh üçün təhlükəli siyasətinin qarşısını alan böyük qüvvədir. Maraqlıdır ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bir sıra tutarlı amillərə görə hazırda əsas Rusiya hakim dairələri tərəfindən də anlayışla qarşılanır. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dərinləşməsi strateji effektli prosesdir."

Son xəbərlər