Ermənistanın Baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində Rusiyanın Ermənistanı dəstəkləmədiyinə dair ikibaşlı və sətiraltı eyham xarakterli fikirlər səsləndirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitləşib. Paşinyanın sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsində əsas rol oynayıb: “ATƏT-in Minsk Qrupu həmsədrləri çox vacib sabitləşdirici rol oynadılar. Burada Rusiyanın rolu xüsusilə vurğulanır və hesab edirəm ki, hazırda nisbətən sabit bir vəziyyətə gətirilməyimizdə Kremlin gördüyü tədbirlər, Xarici İşlər Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı əsas rol oynadı. Əlbəttə, Rusiya Federasiyasının rolu son dərəcə konstruktivdir”.
Daha sonra Paşinyan Rusiyaya yönəlik bu fikirləri səsləndirib: “Ermənistanın bir çox vətəndaşı sual verir ki, niyə Türkiyə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, Ermənistanın strateji tərəfdaşı olan Rusiya Federasiyası isə Ermənistanı dəstəkləmir. Anlamaq lazımdır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Rəsmi Moskva vacib və əsas vasitəçidir, hərəkətləri bu çərçivədə olmalıdır”.
Bütün bunlar onu göstərir ki, Tovuz döyüşləri zamanı Rusiyanın sərgilədiyi mövqedən Paşinyan razı deyil. Sadəcə, bunu açıq deməyə cəsarəti çatmır və narazılığını hansısa formada ifadə etməyə çalışır. Bütün bunlar isə bir daha Rusiyanın Paşinyana olan mənfi münasibətini ortaya qoyur.
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Tovuz döyüşləri timsalında Paşinyanın üzləşdiyi siyasi-hərbi uğursuzluq ortadadır: “Əvvəla, adətən, belə gərgin vəziyyətlərdə Rusiya və Ermənistan dövlət başçıları arasında telefon danışıqları olurdu. Tərəflər müttəfiqlik münasibətlərindən çıxış edərək ən ali səviyyədə birbaşa əlaqə qururdular. Ancaq Tovuz təxribatından sonra Ermənistanla sərhəddə baş verən döyüşlər zamanı bir dəfə də olsun Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olmadı. Nəsərə alsaq ki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur, o zaman, prinsipcə, belə bir təmas olmalı idi. Ancaq bu baş vermədi. Ona görə baş vermədi ki, Kremlin Paşinyanın apardığı siyasətdən narazı olduğunu gizlətmək mümkün deyil. O üzdən, bu, Paşinyana siyasi zərbə idi. İkincisi, Paşinyanın Tovuz döyüşlərini KTMT müstəvisinə çıxarmaq cəhdi də fiaskoya uğradı. Heç şübhəsiz ki, bunda da Rusiya ilə olan soyuq münasibətlər həlledici rol oynadı. Ona görə də Paşinyan üzləşdiyi məlum uğursuzluqları ört-basdır etmək üçün belə fikirlər səsləndirir. Əslində, bununla o, Rusiya hakimiyyətindən narazı qaldığına dolayı eyham vurur. Sadəcə, tipik erməni xislətindən irəli gələrək özünəməxsus hiyləgərliklə buna işarə vurur”.
Görünən odur ki, Rusiyanın Paşinyana olan mənfi münasibəti dəyişməz olaraq qalır.
Vidadi ORDAHALLI