Azərbaycan Qeyri-Hökumət Təşkilatları Human Rights Watch təşkilatının icraçı direktoru Kennet Rota, Freedom House təşkilatının prezidenti Maykl Abramovitsə, Amnesty International təşkilatının baş katibi Kumi Naiduya müraciət ünvanlayıb.
Azərbaycanda fəaliyyət göstərən 891 QHT tərəfindən qəbul olunan müraciətin məzmunu bundan ibarətdir ki, soydaşlarımızın dünyanın müxatəlif ölkələrində keçirdiyi dinc aksiyalara ermənilərin etdiyi basqınlar, diaspor nümayəndələrimizə edilən təzyiqlər, yetirilən ağır bədən xəsarətləri ilə bağlı bu hüquq müdafiə təşkilatlarının səsi çıxmayıb. Müraciətdə deyilir ki, Azərbaycanın QHT sektoru olaraq, son günlər bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərini erməni millətçiləri və diaspor üzvlərinin hədəfə almasından və onlara qarşı fiziki zor tətbiq olunmasından bir daha narahatlığımızı ifadə edirik:”Dünyanın gözü qarşısında baş verən, foto və videolarla sübut olunan bu vəhşiliyə, vandalizmə və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar, xüsusilə sizin kimi insan haqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış beynəlxalq QHT-lər laqeyd qalmaqda davam edir.
Sizin bu səssizliyiniz və laqeydliyiniz Azərbaycan QHT sektoru arasında təkcə heyrətlə qarşılanmır, həmçinin ciddi narazılıq və suallar doğurur. Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz qurumlar ölkədə baş verən ən xırda qanun pozuntusuna dərhal reaksiya verir və bununla bağlı beynəlxalq həmrəylik nümayiş etdirirsiniz, ancaq gözünüzün qabağında və ofisinizin qarşısında ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu qədər açıq zorakılıq və cinayət hadisələrinə göz yumursunuz?
Azərbaycanlıların yerli qanunvericiliyə uyğun olaraq razılaşdırılmış nümayişləri və etiraz aksiyalarına edilən hücumlar nəticəsində xəsarət alan vətəndaşların pozulmuş hüquqları sizləri heçmi maraqlandırmır? Sizin susqunluğunuz erməni millətçiləri tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağır olmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, Azərbaycanın QHT sektoru adından sizlərə müraciət edir, yuxarıda adları qeyd olunan ölkələrdə dinc azərbaycanlılara qarşı erməni millətçilərinin törətdiyi fiziki terroru, zorakılığı, nifrət cinayətlərini pisləməyə çağırırıq.
Ümid edirik ki, sizlər bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili satandarlardan və selektiv yanaşmalardan uzaq olduğunuzu sübut etmək üçün bu hadisələrə obyektiv və ədalətli qiymət vermək imkanını qaçırmayacaqsınız”.
Belə bir müraciətin hansı zərurətdən irəli gəldiyini “Bakı-Xəbər”ə şərh edən Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, QHT sektoru ölkənin taleyüklü problemlərilə bağlı daima fəallıq nümayiş etdirib:“Bura Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan tutmuş, bütün növ erməni təzyiqlərinə qarşı aparılan mübarizəni aid edə bilərik. Etiraf edək ki, bizim istər fərdi, istərsə də toplu halında etdiyimiz əsaslı müraciətlərə hələ də qaneedici cavablar verilməyib. Bunun nəticəsidir ki, hələ də torpaqlarımız işğal altında sızlayır. Bizə qarşı bəslənən laqeyd münasibətin kökündə duran məsələ ikili standartlarla bağlıdır. Əksər hallarda isə ermənilərə bəslənən xristian təəssübkeşliyi bizi “haqsız” vəziyyətə salmış olur. Bu müraciətə 800-dən çox QHT imza atıb. Olduqca ciddi rəqəmdir. Bizim ünvan kimi seçdiyimiz adlar da təsadüfən ortaya çıxmayıb. Bu, daima ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizə qarşı təzyiq aləti kimi istifadə olunan təşkilatlardır. Dünyada tanınan həmin qurumlar Azərbaycanda bir adamın yanından yel keçən kimi, sanki xorda birləşib bizə qarşı sərt bəyanatlar verir, qarşımıza tələblər qoyurlar. Müraciəti ünvanladığımız təşkilatlar əsasən insan haqlarını qorumaq üzrə ixtisaslaşıb. İndi fikir verin, dünyanın bir çox ölkəsində soydaşlarımıza hər cür təzyiqlər oldu. Ortada konkret sübutlar var. Niyə səsləri çıxmır? Heç biz bu müraciəti etmədən belə, onlar artıq monitorinqi aparıb öz mövqelərini ortaya qoymalıydılar. Etməyiblərsə, səbəb bəllidir. Deməli, bizim indiyə kimi bildirdiyimiz iradlar öz təsdiqini tapmış olub. Nə deyirdik? Bildirirdik ki, həmin təşkilatlar ermənipərəstdi, rəhbərliklərində ermənilər təmsil olunur. Bizi bəzən qərəzli olmaqda günahlandırırdılar. İndi dediklərimiz öz təsdiqini tapmış olur. Məhz bu səbəblər bizi belə bir müraciəti etməyə vadar etdi. Indi görək buna nə cavab verəcəklər? Müraciətdə erməni zorakılıqlarının harda olduğu bir daha diqqətə çatdırılıb”.
Doğrudan da bu müraciət həm də sözügedən təşkilatlar üçün bir test rolunu oynayır. Buyursunlar, ortaya obyektiv mövqe qoymaqla, ermənipərəst olmadıqlarını sübut etsinlər.
Məhəmmədəli QƏRİBLİ