ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüş payızın əvvəllərində keçirilə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Bildirilib ki, bunun üçün iki ölkənin münasibətləri, habelə koronavirus pandemiyası ilə bağlı əlverişli vəziyyət yaranmalıdır. Mənbəyə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində təmaslar daimi şəkildə, gündəlik olaraq həmsədrlər arasında davam edir:“Hazırda başlıca məqsəd Azərbaycanla Ermənistan sərhədində hələ də xeyli yüksək olan gərginliyi azaltmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik çözüm axtarışlarını fəallaşdırmaqdır”. Sözügedən görüşün istənilən yerdə keçirilə biləcəyi də qeyd edilib. Bəllidir ki, ATƏT-in Minsk Qrupu formatının nəticəsiz fəaliyyəti Azərbaycan hakimiyyətini qane etmir. Prezident İlham Əliyev son çıxışlarından birində bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk Qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, məzmunsuz danışıqlarda yer almayacaq. Belə olan təqdirdə payızda keçiriləcəyi anons edilən 3+2 formatından hansısa yenilik, konkret mövzu ətrafında müzakirə gözləmək olarmı?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz uzun müddətdir ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışırıq və bu fəaliyyətin heç bir səmərə vermədiyini vurğulayırıq:“Artıq uzun müddətdir ki, danışıqlar prosesində pauza yaranıb. Ermənistan rəhbərliyi danışıqlaqla bağlı ağlına gələni danışır. Danışıqlar prosesinin həm formatı, həm də iştirakçıları ilə bağlı öz bildiyini dünya ictimai rəyinə yeritməyə çalışır. Amma bu məsələdə nə ATƏT-in Minsk Qrupu həmsədrlərindən, nə də ATƏT-in özündən pozitiv xarakterli, prosesləri müəyyən konstruktiv məcraya yönəldəcək səs eşidilmir. Prezident haqlı olaraq bildirir ki, bu yaxınlarda ATƏT-in Minsk Qrupu müəyyən tənqidlərdən sonra güclə xarici işlər nazirləri arasında videokonfrans şəklində görüş keçirdi. Amma görüşün gündəliyi tamamilə boş və mənasız məsələlərə həsr edilmişdi. Yəni problemi yerindən tərpədəcək, sülhyaratma prosesinə töhfə verəcək məsələlərə deyil, tamamilə başqa məsələlərə həsr olunmuşdu. Prezident doğru olaraq bildirib ki, bu görüşlər sırf imitasiya xarakteri daşıyıb, gözə kül üfürmək, yaxud gözdən pərdə asmaq idi. Ona görə də bu cür görüşlərin keçirilməsindənsə, keçirilməməsi daha yaxşı olardı. Çünki danışıqları irəli apara biləcək fikirlər, ideyalar irəli sürə bilmir. Bir sözlə, danışıqlar prosesi artıq erməni işğalını pərdələyən bir vasitəyə çevrilib”.
Qabil Hüseynlinin sözlərinə görə, görüş hazırlanarkən gündəliyə çıxarılacaq məsələlər tərəflərə bəyan edilir:“Payızın əvvəlində belə bir görüşün keçirilməsi hazırlanırsa, deməli, tərəflərə onun detalları barədə məlumat verilib. İlham Əliyev məsələyə çox konkret və praqmatik tərzdə yanaşır. Əvvəlcədən nəticəsi sual doğrucaq təkilflər olacaqsa, Azərbaycanın orada iştirakı mümkün sayıla bilməz. Görünür, masanın üzərinə gətiriləcək sənədlərin ilkin araşdırılması Azərbaycan tərəfinə həmin görüşdə iştiraka məntiqi əsaslar yaradıb. Biz artıq ermənilərin nazı ilə oynamaq fikrində deyilik. Güman edirəm ki, mövzusu müəyyən olmayan təklif artıq bizə heç təqdim də olunmaz. Bir sözlə, bizdə maraq oyadan təkliflər olarsa, iştirakımız labüd olacaq. Proseslərin gedişi, xüsusilə də Türkiyənin konkret, açıq mövqe ortaya qoyması Ermənistanı və onların havadarlarını müəyyən kompromislərə getməyə vadar edə bilər. Bu baxımdan da payızda nəzərdə tutulan görüşdən bir yenilik gözləməyə dəyər”.
Payıza o qədər də çox vaxt qalmayıb. Yaxşı olar ki, Ermənistan konkret razılaşmaya hazır olduğunu bəyan edib masaya otursun, yoxsa onun status-kvonu saxlamaq cəhdi alınan deyil.
Məhəmmədəli QƏRİBLİ