Rusiya ermənilərinin qəzeti olan "Yerkramas" 1996-cı ildən çap olunur. Krasnodarda nəşr olunan sözügedən qəzetin onlayn versiyası isə "yerkramas.org" saytıdır. Diqqətiçəkən məqam odur ki, həm qəzet, həm də saytın əsas səhifəsində İkinci Dünya Müharibəsində Adolf Hitler Almaniyası ilə əməkdaşlıq edən, Üçüncü Reyxin yaxın silahdaşı faşist Qaregin Njdenin "Türklə mübarizə aparmadığımız bir gün də olmamalıdır" şüarı yazılıb.
Neçə vaxtdır Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu, Moskva vilayəti Azərbaycanlılarının regional Milli Mədəni Muxtariyyətinin rəhbərliyi tərəfindən "yerkramas.org" saytında dərc olunan materiallar və saytda epiqraf kimi verilən faşist Njdenin şüarında millətlərarası münaqişələrin qızışdırılması əlamətlərinin olması barədə Rusiya hüquq-mühafizə orqanlarına müraciət olunub. Ancaq, nədənsə, hüquq-mühafizə orqanları məsələyə baxmaqdan yayınırlar. Göründüyü kimi, müraciət olunsa da, Rusiya DİN Azərbaycan diasporunun haqlı şikayətinə ədalətli şəkildə baxaraq, ən azı, erməni faşistinin məlum şüarının sözügedən saytdan çıxarılmasını təmin etməyib. Nəzərə alsaq ki, Rusiyanın faşistlərə bu və ya digər dərəcədə qulluq edənlərə, onların adının əbədiləşdirilməsinə, o cümlədən, Njdeyə münasibəti mənfidir, o zaman bunu görməzdən gəlmələri təəccüb doğurur. Belə biganəlik nə dərəcədə düzgündür və sözügedən münasibət haradan qaynaqlanır?
“Qəzetin Njdenin türklərə qarşı nifrət xarakterli fikirlərini şüar olaraq seçməsi erməni faşizmini özündə ehtiva edir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının sözügedən məsələyə həssas yanaşmamaları təəssüf doğurur: “Rusiyada çoxsaylı digər millətlərin nümayəndələri yaşayır. Faşist Njdenin məlum şüarında millətlərarası münaqişələrin qızışdırılması əlamətləri açıq-aşkar özünü göstərir. Nəzərə alsaq ki, Njde faşistlərə xidmət edib, o baxımdan gərək dərhal bununla bağlı lazımi addımlar atılaydı. Ancaq qəribədir ki, bu baş vermir. Şimali Qafqazın bir sıra şəhərlərində ermənilər sıx və kompakt yaşayırlar. Onlardan biri də Krasnodar şəhəridir. Hansı ki, həmin şəhərdə "Yerkramas" adında erməni faşistlərinin maraqlarını ifadə edən qəzet dərc olunur. Qəzetin Njdenin türklərə qarşı nifrət xarakterli fikirlərini şüar olaraq seçməsi erməni faşizmini özündə ehtiva edir. Bunun necə təhlükəli mərəz olduğunun Rusiya fərqində deyil. Belə görünür ki, Rusiyada erməniləri himayə edən müəyyən dairələr müvafiq addımların atılmasına imkan vermirlər. Belə olmasaydı, dərhal bunun qarşısı alınardı. Rusiya rəsmiləri anlamırlar ki, erməni faşizminin qarşısının vaxtında alınmaması gələcəkdə ciddi fəsadlara yol aça bilər. Çünki erməni həyasızlığı sərhəd tanımır. Vaxt gələcək, ermənilər məskunlaşdıqları Rusiya ərazilərində separatçılıq fəaliyyəti ilə məşğul olacaqlar. Rusiya zəifləyən kimi, bu meyllər özünü göstərəcək. Ona görə ki, nankorluq ermənilərin xislətindədir”.
Belə məlum olur ki, ermənilərə yönəlik təsirli addımların atılmaması Rusiyanın özünə zərər vuracaq.
Vidadi ORDAHALLI