Ermənistan iqtisadiyyatında son aylarda qeydə alınan tənəzzülün dərinləşməsi bu ölkənin təhlükəsizlik durumuna da mənfi istiqamətdə ciddi təsir edəcək. Erməni mediası yazır ki, dərinləşən iqtisadi tənəzzül İrəvanın regionda təkləndiyi, Azərbaycanın Türkiyənin də dəstəyi ilə təzyiqlərini artırdığı bir vaxtda baş verir. “İravnuk” qəzeti vurğulayır ki, yaranmış vəziyyətdə Ermənistan xarici çağırışlara cavab verə bilmək üçün lazımi iqtisadi resurslara sahib deyil.
Bununla yanaşı o da vurğulanır ki, koronavirus pandemiyası səbəbindən qarşıdakı müddət ərzində erməni iqtisadiyyatı daha güclü zərbələr alacaq. Hökumətin isə yalançı statistik məlumatları daha onu xilas edə bilməyəcək. Bunu Ermənistan parlamentindəki Qərbyönlü sayılan müxalifət fraksiyasının lideri, “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan da xüsusi olaraq qeyd edir. O bildirir ki, iqtisadi çöküş artıq qarşısıalınmaz xarakter alıb:“Ermənistan iqtisadiyyatı ilə bağlı rəsmi statistikaya inanmıram. Reallıq vəziyyətin ümidsiz olduğunu göstərir”. Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələri böhran vəziyyətindədir və açıqlanan rəqəmlərdə bu özünü əks etdirmir. Qeyd edək ki, Ermənistan Statistika Komitəsinin açıqlamasına əsasən, 2020-ci ilin birinci yarısında iqtisadi tənəzzül 4,7 faiz, sənaye istehsalının həcmi 1,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz azalıb, tikinti sektorunda tənəzzül 23,4 faiz, ticarət dövriyyəsində 11,1 faiz, xidmətlərin həcmində (ticarət istisna olmaqla) 6,4 faiz, ixracatda 6,5 faiz, idxalatda 12,9 faiz təşkil edib. Marukyan bu rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb və iqtisadi çöküşün daha böyük rəqəmlərlə ifadə olunuduğunu diqqətə çatdırıb.
Digər erməni iqtisadçı Akop Köçəryan isə İrəvanın yaxın ticarət tərəfdaşlarını belə itirmək üzrə olduğunu bəyan edib:“Məsələn, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətləri xüsusi narahatlıq yaradır. Ermənistan ittifaqın çoxmilyonluq bazarını erməni mallarının ixracı və satışı üçün istifadə etmək istəyirdi. Bunun əksi baş verir”. Onun sözlərinə görə, erməni mallarının Avrasiya İttifaqı ölkələrinə ixracı 14% azalıb:“Biz cari ilin ilk beş ayından bəhs edirik. Keçən il biz 257 milyon dollar dəyərində məhsul ixrac etmişik, bu il isə bu dəyər 221 milyon dollar olub. İxracat 36 milyon azalıb. Xarici siyasətdə mənfi saldo bu il, xüsusilə Rusiya ilə münasibətlərdə dərinləşib”. O da bildirilir ki, ixracda əsas yer tutan aqrar məhsulların yalnız bir bazardan, yəni uzaq və çatılma şərtləri məhdud olan Rusiya bazarından asılılığı problemi daha da dərinləşdirir. Ermənistanın “168.am” nəşri digər istiqamətlərdə də problem olduğunu vurğulayır:“Ermənistanda, böhran azmış kimi, hökumət də öz növbəsində dövlət büdcəsinin vergi gəlirlərinin təmin edilməsi üçün problemlər yaradır. Ölkədə fövqəladə vəziyyət şəraitində saxlanan xüsusi məhdudiyyətlər nəticəsində bəzi xidmət sahələrinin fəaliyyəti üçün maneələr yaranıb. Qondarma siyasi maneələr də var. Söhbətin nədən getdiyinin bəlli olması üçün bir misal gətirək. Təkcə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri yox, həm də böyük sahibkar olan Qaqik Tsarukyan Ermənistan hökumətinin yürütdüyü siyasətə qarşı çıxdıqdan və uzaqlaşmaq zərurəti haqqında bildirdikdən sonra onun nəinki siyasi, həmçinin iqtisadi fəaliyyətinə hücumlar yeni impuls almağa başlayıb. Ermənistan Maliyyə Nazirliyi Qaqik Tsarukyana məxsus “Onira Klab” MMC-ni oyun evi təşkilatı lisenziyasından məhrum etməyə tələsib. Bunun nəticəsində Ermənistanın dövlət büdcəsinə nə qədər zərərin dəyəcəyini təsəvvür etmək çətin deyil. “Onira Klab” Ermənistanın böyük vergi ödəyicilərindən biridir. Ötən ilin nəticələrinə görə, təşkilat dövlət büdcəsinə 5,2 milyard dramdan çox vergi ödəyib. Amma indi büdcə bu pullardan da məhrum olacaq”.
Digər tərəfdən bəllidir ki, Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir. Hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-nin 42%-i civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-dək artıb. Özü də Ermənistan xaricdən borcları indi daha ağır şərtlərlə alır. Hesab edilir ki, Ermənistanın işğal siyasətinin davamı fonunda onun çöküşü daha da sürətlənəcək. Başqa sözlə, Ermənistanın iqtisadi inkişafı işğal etdiyi Azərbaycan ərazisinin girovuna çevrilib. İndi açıq etiraf olunur ki, Ermənistan perspektivi olmayan işğal siyasətini davam etdirmək üçün siyasi, iqtisadi və hərbi müstəqilliyini böyük güclərə və diasporaya güzəştə gedib. Bu gün Azərbaycan Ermənistanı əhali sayına görə dörd dəfə, əraziyə görə üç dəfə, iqtisadiyyata görə altı dəfə, strateji valyuta ehtiyatlarına görə isə 25 dəfə üstələyir. Belə vəziyyətdə Ermənistanın Azərbaycana müqavimət imkanları da sürətlə sıradan çıxır. Ermənistan özündən kifayət qədər güclü qonşusu Azərbaycanın iqtisadi təzyiqləri altında çökür.
Samirə SƏFƏROVA