Azərbaycan və Türkiyənin yeni hərbi təlimləri əvvəlkilərə nisbətən bu gün Ermənistanda daha yaxından izlənməkdə, həm də böyük təşviş doğurmaqdadır. Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Ermənistanda hesab edilir ki, bununla İrəvana konkret mesajlar verilir. Erməni hərbi ekspert Taron Hovhannisyan da bildirir ki, Ermənistan-Azərbaycan sərhədində bir müddət öncə baş vermiş hərbi toqquşmalardan sonra Naxçıvanda keçirilən bu hərbi təlimlər Bakı ilə Ankaranın hərbi qardaşlığının sarsılmazlığını göstərir. Erməni hərbi ekspert qeyd edib ki, cəlb edilmiş silahlanma və hərbi texnikanın sayı, təsnifatı təlimlərin miqyas və gücü barədə də açıq mesajlar verir. Hovhannisyan istisna etməyib ki, hərbi təlimlərin təşəbbüskarları onları Ermənistan-Azərbaycan sərhədində münaqişənin aktivləşməsi ilə əlaqələndirməyə və hətta son döyüşlərin ssenarisini oynamağa çalışacaqlar.
Ermənistanın “Politekonomia” tədqiqat institutunun direktoru Andranik Tevanyan da bildirir ki, Azərbaycan və Türkiyə konkret hərəkət edirlər, İrəvanın isə buna cavabı yoxdur:“Sərhəd döyüşlərindən sonra Nikol Paşinyanın addımları qeyri-ekvivalentdir və ölkəni təhdid edir. Çünki bu döyüşlərdən sonra Türkiyə və Azərbaycan birgə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Artıq Türkiyə ordusu Naxçıvana daxil olub, oradan İrəvan çox yaxındır. Türkiyə-Azərbaycan münasibətləri görünməmiş dərəcədə yaxınlaşıb. Ermənistan bunun qarşısında aciz durumdadır”. Erməni şərhçi Karen Ambartsum isə Ermənistan hakimiyyətinin “başını quma soxduğunu” və heç nəyi görmək istəmədiyini yazır. Onun sözlərinə görə, Türkiyə Azərbaycana dəstəyini gizlətmir və prezident Rəcəb Tayyip Ərdoğan səviyyəsində bunu açıq şəkildə bəyan edir:“Amma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Rusiya başda olmaqla, heç bir üzvü bizə dəstək vermir. KTMT Bakını dəstəkləyir, Türkiyənin timsalında da NATO Azərbaycana bu dəstəyi verir. Budur, Azərbaycan və Türkiyə genişmiqyaslı hərbi təlimlərə başlayır. Ermənistan faktiki olaraq təklənib”. Erməni şərhçi yazır ki, Paşinyan hakimiyyəti Tovuz döyüşlərində qələbə haqqında eyforiya ilə danışır: “Bu qələbə deyildi. Qələbə yalnız o halda mümkündür ki, rəqibin strateji yüksəkliklərini ələ keçirəsən, biz buna nail ola bilməmişiksə, hansı qələbədən danışa bilərik? Azərbaycan getdikcə güclənir, Ermənistan hakimiyyəti isə baş verənlərin fərqində deyil. 2016-cı ildə Azərbaycan bir sıra yüksəlikləri tutmağı bacardı. Hərbi cəbhədə uğurları davam edir və güman ki, qarşıdakı dövrdə də belə olacaq. Bizim hakimiyyət isə ona kömək edə biləcək müttəfiqləri ilə münasibətlərini korlamaqdan başqa heç nə etmir”. Erməni mediasında da belə fikir hakimdir ki, Türkiyənin Azərbaycana dəstək bildirməsi həmişə olub, Azərbaycan və Türkiyə ənənəvi müttəfiqlərdir, Ankara həmişə Azərbaycanın müdafiəsi yönündə çıxış edir. Terror və münaqişələr üzrə araşdırmaçı, ehtiyatda olan türk polkovnik Eray Güçlüər də məsələyə bu prizmadan yanaşır:“Türkiyə və Azərbaycanın birgə təlimini düşmənə açıq mesaj kimi qiymətləndirmək olar. Ermənistanın hücumları qarşısında Türkiyə “Azərbaycanın yanındayıq” mesajını verdi. Bunun təkcə kəlmədən ibarət olmadığını göstərmək üçün təlimə başlayırsan. Hərbi təlimlərə diqqət yetirmək vacibdir. Çünki bunlar mesajlarla edilən manevrlərdir. Təlimlərdə gerçək güllələrdən istifadə edilir. Türkiyə Azərbaycanın yanında olması ilə bağlı siyasi ifadəsini təlimlərlə sübut edir. Yəni ki, Ermənistan bir daha həddini aşarsa, qarşılığı bu olacaq”.
Digər tərəfdən, düşmənin sərhəd təxribatı üzə çıxardı ki, Ermənistan Azərbaycanın meqa-layihələrini hədəfə ala bilər. Bunun qarşısını almaq isə Türkiyənin də əsas vəzifələrindən sayılır. Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu fonda qeyd edir ki, birgə təlimlərin keçirilməsinin bir neçə əsas səbəbi var:“Birincisi, təlimlər zamanı iki ölkənin ordusu “Bir millət, iki dövlət” prinsipinə arxalanır. Bu o deməkdir ki, iki ordu döyüş şəraitində vahid şəkildə hərəkət edə, birlikdə aktiv döyüş əməliyyatlarını icra edə bilər. Bunun üçün də vahid komandanlıq və döyüş planı əsasında işlər aparılır. Təlimlərin bir məqsədi də Azərbaycanın meqa-layihələrinin təhlükəsizliyidir. Çünki Azərbaycan regionun meqa-layihələrinin birbaşa icraçısıdır. Bu layihələrdə Türkiyənin də kifayət qədər marağı var və şübhəsiz, Bakı qədər Ankara da bunların təhlükəsizliyini düşünür. Bu mənada, iki ölkənin qoşunları birgə təlimlər zamanı müdafiə məsələlərinə də diqqət ayırır. Üçüncüsü, təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Bənzər təlimlər Türkiyə ərazisində də keçirilir. Bu da iki Ordunun həm Türkiyə, həm də Azərbaycanın relyefinə uyğunlaşma və döyüş qabiliyyətini təkmilləşdirmə imkanlarını artırır”.
Nahid SALAYEV