Erməni mediası yazır ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətləri xüsusi narahatlıq yaradır. Ermənistan ittifaqın çoxmilyonluq bazarını erməni mallarının ixracı və satışı üçün istifadə etmək istəyirdi.
Bunun əksi baş verir və erməni mallarının Avrasiya İttifaqı ölkələrinə ixracı 14 faiz azalıb: “Biz cari ilin ilk beş ayından bəhs edirik. Keçən il biz 257 milyon dollar dəyərində məhsul ixrac etmişik, bu il isə bu dəyər 221 milyon dollar olub. İxracat 36 milyon azalıb. Xarici siyasətdə mənfi saldo bu il xüsusilə Rusiya ilə münasibətlərdə dərinləşib”.
Göründüyü kimi, Ermənistanın Aİİ ilə iqtisadi əlaqələri get-gedə azalmağa doğru gedir. Hansı ki, qurum daxilində bir sıra imtiyazların, qarşılıqlı güzəştlərin olduğunu nəzərə alanda mənzərə fərqli olmalı idi. Nəzərə almaq lazımdır ki, 7 ildir Ermənistan Aİİ-də təmsil olunur.
Maraqlıdır, Ermənistanın Aİİ bazarlarına ixracı niyə azalır?
“Quru sərhədi olmadığına görə məhsulun daşınması baha başa gəlir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunun səbəblərini bir sıra amillərlə əlaqələndirdi. Onun fikrincə, Ermənistanın Aİİ ilə ticarət əlaqələrinin azalması həm iqtisadi, həm də siyasi səbəblərlə bağlıdır: “Əvvəla bu il vüsət alan koronavirus pandemiyası Ermənistan iqtisadiyyatını sarsıdıb. Xüsusən də bu ölkənin koronavirusla bacara bilməməsi və digər ölkələrlə müqayisədə yoluxanların çoxluq təşkil etməsi belə vəziyyət yaradıb. Məsələ ondadır ki, hər il Ermənistan mövsümlə əlaqədar Aİİ ölkələri bazarlarına bir sıra kənd təsərrüfatı məhsulları çıxarırdı. Bu il bununla bağlı ciddi problemlər var. Digər tərəfdən, Ermənistan Aİİ ölkələri üçün iqtisadi baxımdan çəkici ölkə deyil. Birlik ölkələri ilə Ermənistanın birbaşa quru sərhədi yoxdur. Başlıca amillərdən biri də budur. Quru sərhədi olmadığına görə məhsulun daşınması baha başa gəlir. Bunun da zəif Ermənistan iqtisadiyyatı üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Məsələnn digər tərəfi siyasi amillərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, Aİİ-də Ermənistanın əsas tərədaşı Rusiyadır. Ancaq neçə vaxtdır Moskva ilə İrəvan arasında gərginlik mövcuddur. Kreml Paşinyana etibar etmir. Bu səbəbdən qazın qiyməti və digər məsələlərlə bağlı tərəflər ortaq məxrəcə gələ bilmirlər. Paşinyan çalışır ki, Qərblə əlaqələri daha da genişləndirsin. Bütün bunlar cəm halında Ermənistan-Aİİ əlaqələrinə mənfi təsir göstərir”.
Proseslərin gedişi onu göstərir ki, Ermənistanın Aİİ ilə olan iqtisadi əlaqələri qarşıdakı aylarda da zəifləyəcək.
Vidadi ORDAHALLI