“Bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar”. Bunu Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.
Ölkə başçısının sözlərinə görə, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir: “Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meylləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq”.
Prezident çox vacib məqama diqqəti yönəltdi. Bütövlükdə, gərək bizim elə peşəkar kadrlarımız olsun ki, onlar həm ölkə daxilində, həm də xaricdə bir sıra müəssisələrə rəhbərlik edə bilsinlər. O üzdən, buna ekspertlər necə yanaşırlar? Buna nail olmaq üçün nə etmək lazımdır?
“Görürsən ki, hansısa sahəyə o qədər də ehtiyac yoxdur, amma həmin sahə üzrə kadr hazırlanır”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, müasir dövrdə ən sərfəli sahə kadrların hazırlanmasına qoyulan sərmayədir: “Kadrları elə yüksək səviyyədə yetişdirmək olar ki, qısa zaman kəsiyində həmin mütəxəssislər hesabına ölkəmiz inkişaf edə bilər. Ən azından, bu minvalla ölkədən kapital axınının qarşısını almaq olar. Yəni xaricdən mütəxəssis cəlb etməyə ehtiyac olmaz. Eyni zamanda, bizim mütəxəssislərin xaricdə işləməsi nəticəsində bizim kadrları vacib sahələrdə yerləşdirmiş olarıq. Bu sahədə bizdə bir sıra boşluqlar var. Görürsən ki, hansısa sahəyə o qədər də ehtiyac yoxdur, amma həmin sahə üzrə kadr hazırlanır. Sonra onlar özlərinə iş tapa bilmirlər. Ona görə də bütün bunlara diqqət etmək lazımdır. Hesab edirəm ki, peşə təhsili və ümumilikdə, kadr hazırlığı düzgün təşkil edilsə, sözügedən problemlər həllini tapacaq. Müasir tələblərə cavab verən mütəxəssislərin yetişdirilməsi üçün bizim kifayət qədər maddi-texniki təchizat bazamız var. Həmçinin, müasir dərslikləri tədris edə biləcək müəllimlərimiz var. Eyni zamanda, Azərbaycanın imkanı var ki, dünyanın tanınmış ali təhsil məktəblərindən müəllim dəvət etsin. Təəssüf ki, bütün bunlar sistemli şəkildə həl olunmur. Bu səbəbdən müasir müəssisələrə xaricdən gələn mütəxəssislər rəhbərlik edir və yerli kadr çatışmazlığından əziyyət çəkirik. Ölkə rəhbərliyi də bu məsələyə xüsusi diqqət yetirir. Bizim dəniz gəmiçiliyi ilə bağlı gözəl təhsil ocağımız var və uzun illərdir biz orada dənizçilər hazırlayırıq. Ancaq son zamanlar bu proses zəifləyib. Ukraynada da eyni adda məktəb var, amma oranı bitirən dənizçilər bütün dünyaya səpələniblər. Ona görə də bütün bunlara diqqət etməliyik. Bizim millət təfəkkür və qavrama nöqteyi-nəzərdən üstün xalqdır. Cənab Prezidentin toxunduğu məsələ həm aktualdır, həm də yerinə düşən bir məsələdir. Sadəcə, bu işi düzgün təşkil etmək lazımdır”.
Ekspertin fikrincə, işlər düzgün qurulsa, xaricdən mütəxəssis gətirməyə ehtiyac olmaz.
Vidadi ORDAHALLI