Məlum olduğu kimi, İordaniya Haşimilər Krallığının Tovuzda baş verən toqquşmalar zamanı Ermənistana silah satması faktı üzə çıxıb. Bir müsəlman dövlətinin bu addımı ölkəmizdə birmənalı qarşılanmayıb. Artıq Azərbaycanın rəsmi səviyyədə də İordaniyaya etiraz etdiyinə dair məlumat yayılıb.
Bildirilir ki, İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Xarici işlər nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib. Görüşdə A.Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.
Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.
İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.
Maraqlıdır ki, İordaniya adından danışan səfir faktı təkzib etmir. Ancaq deyir ki, narahatlığın aradan qaldırılması üçün əlindən gələni edəcək. Silah satışına görə üzr istənilmirsə, səfir başqa əlindən gələn nə edə bilər? Hər halda, satılan silahı geri qaytarmağa gücü çatmaz. İordaniyanın bu addımına və ona verilən izahata necə qiymət vermək olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın ağır, dar günündə bu hərəkətin edilməsi bizə arxadan vurulan zərbədir, xəyanətə bərabərdir:
“Bir neçə gün bundan öncə məlum Tovuz hadisələri fonunda Serbiyanın Ermənistana silah satdığı ortaya çıxmışdı. Sonra məlum oldu ki, müsəlman ölkəsi sayılan İordaniya da Ermənistana silah satır. Özü də bu əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt Ermənistan prezidenti Əmmana rəsmi səfər etmişdi. İş burasındadır ki, İordaniya ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər var. İki ölkə arasında münasibətlər İƏT-də siyasi sferada aparılır. Maraqlı məqam isə odur ki, İrodaniya həm rəsmi şəkildə, həm də İƏT-də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, eyni zamanda, işğalçı Ermənistanı tənqid edib. Lakin rəsmi Əmmanın üzdə Azərbaycana dəstək verib, arxadan Ermənistana silah satması bu ölkənin heç də güvənilir tərəfdaş olmadığını, eyni zamanda, ikiüzlü xarici siyasət apardığını göstərir. İordaniyanın rəsmi şəkildə üzrxahlıq etməməsi əməlin tam təsdiqi anlamına gəlir. Bəzən vəziyyətdən çıxış yolu kimi, belə əməliyyatların dövlətin yox, hansısa özəl şirkətin xətti ilə edildiyini deyirlər. Serbiya nümunəsində biz bunu gördük. İstənilən halda, belə əməliyyatlar dövlətin icazəsi olmadan baş tuta bilməz. Bu baxımdan da səfirin izahatı daha çox vəziyyətdən yayınmaq cəhdinə bənzəyir. Belə narahatlığı aradan qaldırmaq asan məsələ deyil. Hanı bunların müsəlman təəssübkeşliyi? Bir müsəlman dövlətinin belə əmələ qol qoyması əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan ölkəmizdə çox mənfi və nifrətlə qarşılanır. Səfirin yayındırıcı vədi və izahatı ilə kifayətlənmək olmaz. Azərbaycan bütün təzyiq rıçaqlarından istifadə edib, düşmən dəyirmanına su tökənlərə öz yerini göstərməlidir”.
Doğrudan da, dostluqla düşmənçilik tutan əməl deyil. Təəssüf ki, biz bu ikiüzlülüyü İordaniyanın da timsalında görürük. Bir təşkilatda bizimlə dost olduğunu bəyan edir, ərazi bütövlüyümüzü tanıyır, əl altdan isə düşmənimizə ən ağır günlərdə silah satır.
Məhəmmədəli QƏRİBLİ